Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?

Bu gün, 10:18           
Məcnun Məmmədovun üç ili -
Son illərdə qlobal ərzaq bazarlarında yaşanan dalğalanmalar, qiymət artımları və xüsusilə Avropada baş qaldıran aqrar böhran fonunda Azərbaycanın kənd təsərrüfatı sektorundakı vəziyyət cəmiyyətin və iqtisadçıların diqqət mərkəzindədir. Dövlətin aqrar sektora ayırdığı yüz milyonlarla manatlıq subsidiyalar, güzəştli kreditlər və modernləşmə vədləri fonunda əsas sual açıq qalır: Azərbaycan kənd təsərrüfatı həqiqətən inkişaf edibmi, yaxud edirmi?

Bizimesr.info bildirir ki, 2023-cü ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinə biznes və maliyyə sektorundan gələn Məcnun Məmmədovun rəhbərliyi dövründə əldə olunan statistik göstəricilər, Hesablama Palatasının audit nəticələri və fermerlərin üzləşdiyi real problemlər kifayət qədər ziddiyyətli mənzərə ortaya qoyur.

2023-cü il aprelin 14-də Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədovun bioqrafiyası onun klassik aqronom və ya dövlət məmurundan daha çox,korporativ idarəçi olduğunu göstərir.

"Deloitte & Touche", "Modern Group", "PMD Group" və "Agro Food Investments" MMC-də rəhbər vəzifələrdə çalışmış M.Məmmədovun təyinatı zamanı əsas gözlənti aqrobiznesə yeni nəfəs gətirmək, idarəetmədə effektivliyi artırmaq və dövlət vəsaitlərinin idarə olunmasında şəffaflıq yaratmaq idi.

Ancaq kənd təsərrüfatı yalnız investisiya portfelinin idarə edilməsi deyil. İqlim dəyişikliyi, torpaqların deqradasiyası, suvarma suyu qıtlığı, toxumçuluq və fermerlərin sosial-iqtisadi vəziyyəti kimi sahələr sırf maliyyə idarəçiliyindən daha dərin, sistemli yanaşma tələb edir.

Üç tam təqvim ilinin - 2023, 2024 və 2025-ci illərin yekunları göstərir ki, korporativ təcrübə həmişə aqrar sahənin kəskin problemlərini həll etməyə kifayət etmir.

İstehsal artır, amma sürət zəifləyir - Nominal illuziya, yoxsa real dinamika?

Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə nəzər salsaq, aqrar sektorun ümumi məhsulunun nominal dəyərində artım dinamikası görünür. Məsələnin görünməyən tərəfi isə real artım göstəricilərində gizlənib. Qiymət dəyişikliklərinin (inflyasiyanın) təsirindən təmizlənmiş real artım tempi 2023-cü ildəki %3,0 səviyyəsindən 2025-ci ildə %0,9-a qədər geriləyib.

Daha acınacaqlı məqam odur ki, 2025-ci ildə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə %1,4 artdığı halda, aqrar sektor cəmi %0,9 artım nümayiş etdirərək ümumi iqtisadi artım tempindən də geridə qalıb. Bu isə o deməkdir ki, dövlət dəstəyinin və subsidiyaların illik həcminin artmasına baxmayaraq, sahənin real fəallığı və səmərəliliyi ildən-ilə aşağı düşür.

Azərbaycanın ərzaq təhlükəsizliyinin əsasını təşkil edən dənli bitkilər sektorunda vəziyyət xüsusilə narahatlıq doğurur. Rəsmi rəqəmlərə görə, ümumi taxıl istehsalı 2023-cü ildəki 3 248,6 min tondan 2025-ci ildə 3 375,5 min tona yüksəlsə də, strateji əhəmiyyətli buğda istehsalında kəskin azalma baş verib.

Buğda İstehsalı (min tonla):
2023 - 1 833,9
2024 - 1 685,7
2025: 1 609,8

Son iki ildə buğda istehsalı 224,1 min ton (%12,2) azalıb. Nəticədə, Azərbaycanın buğda ilə özünütəminetmə səviyyəsi kəskin düşərək 2025-ci ildə %55,4 təşkil edib. Başqa sözlə, ölkə əhalisinin çörək və un məhsullarına olan tələbatının %44,6-sı tam olaraq xarici pazardan (idxaldan) asılı vəziyyətə düşüb.

Hesablama Palatasının audit nəticələrinə görə, təkcə 2024-cü ildə ölkəyə 1 milyon 292 min ton buğda idxal edilib. Ən maraqlısı isə odur ki, ərzaqlıq buğda istehsalını həvəsləndirmək məqsədilə 2023-cü ildən tətbiq edilən xüsusi məhsul subsidiyalarına baxmayaraq, özünütəminetmə səviyyəsi yüksəlmək əvəzinə ildən-ilə geriləyib.

Şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq

Bu fakt ayrılan subsidiyaların və dövlət mexanizmlərinin effektivliyini ciddi şəkildə sual altına qoyur.

Məcnun Məmmədovun nazirliyi dövründə müsbət dinamika göstərən nadir sahələrdən biri pambıqçılıqdır. İstehsal göstəriciləri ilbəil artaraq nəzərəçarpan irəliləyiş sərgiləyib. Əlbətdəki, strateji ərzaq məhsullarında idxaldan asılılıq dərinləşdiyi bir vaxtda pambıqçılıqdakı uğurlar ümumi aqrar böhranı pərdələməyə kifayət etmir.

Pambığın maya dəyəri və satış qiyməti açıqlandı – Rayonlar üzrə siyahı

Nazirlik ətrafında müzakirə olunan ən böyük problemlərdən biri də elektron sistemlərin (EKTİS) idarə olunması və subsidiyaların bölünməsindəki şəffaflıq məsələsidir. Hesablama Palatası və müstəqil iqtisadçıların hesabatlarında qeyd olunur ki, subsidiyaların həcmi artdıqca, fermerin son məhsuldarlığı eyni tempdə yüksəlmir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəzi halda real əkin sahələri ilə sənədlərdəki rəqəmlər üst-üstə düşmür, bu da ayrılan dövlət vəsaitlərinin ünvanlılığına gölgə salır.

Biznes təcrübəsinə malik nazirin gəlişindən sonra kiçik və orta fermerlərin güzəştli kreditlərə çıxış imkanlarının asanlaşacağı gözlənilsə də, reallıqda regional idarələrdəki bürokratiya və suvarma suyu təminatındakı problemlər fermerləri hələ də çətin vəziyyətdə saxlayır.

Üç illik fəaliyyət dövrünün statistikası və real nəticələri göstərir ki, Məcnun Məmmədovun rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora gözlənilən sıçrayışı və keyfiyyət dəyişikliyini gətirə bilməyib. Pambıqçılıqda və ixracda müəyyən nailiyyətlər qazanılsa da, ölkənin ərzaq təhlükəsizliyinin onurğa sütunu sayılan buğda istehsalında kəskin geriləmə yaşanıb.

Real artım tempinin %3,0-dan %0,9-a düşməsi göstərir ki, idarəetmədə tətbiq edilən korporativ metodlar kənd təsərrüfatının spesifik və dərin struktur problemlərini həll etməyə kifayət etməyib. Dövlət dəstəyi və subsidiyaların effekti aşağı düşüb, idxaldan asılılıq isə kritik həddə qalıb. Nəticə etibarilə, Məcnun Məmmədovun idarəçiliyi dövründə kənd təsərrüfatı tam çökməsə də, ona həvalə edilən böyük etimadın və verilən vədlərin fonunda ortaya qoyulan nəticələr daha çox durğunluq və strateji zəifləmə kimi xarakterizə oluna bilər.

Bizimesr.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]