ABŞ-da siyasi tarazlıq dəyişir: - Bakı-Vaşinqton münasibətlərini nə gözləyir?

Bu gün, 07:24           
ABŞ-da siyasi tarazlıq dəyişir: -
ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların Konqresin həm Senatında, həm də Nümayəndələr Palatasında üstünlük qazanması ölkənin daxili və xarici siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu nəticə Donald Tramp administrasiyasının qərarlarının qəbul olunması prosesinə də təsirsiz ötüşməyəcək.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiyədək Donald Trampın qəbul etdiyi bir sıra qərarlar Konqres tərəfindən dəstəklənirdi. Lakin bundan sonra həmin qərarların bir qisminin qəbul olunmaması mümkündür. Bu isə Ağ Ev ilə Konqres arasında müəyyən siyasi problemlərə və fikir ayrılıqlarına yol aça bilər: “Donald Tramp demokratlarla kompromis əldə edərək fəaliyyətini davam etdirəcəyini bəyan edir. Çünki ABŞ prezidenti özünün impiçmentə məruz qalması ehtimalından da narahatdır”.

Məhəmməd Əsədullazadə hesab edir ki, demokratların Konqresdə üstünlük qazanması ilk növbədə ABŞ-ın daxili siyasətində müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Xüsusilə miqrantlarla bağlı siyasət və demokratların haqlı narazılıq bildirdiyi digər məsələlər üzrə əvvəlki qərarların bir qisminin ləğvi gündəmə gələ bilər.

Politoloq xarici siyasət və təhsil məsələlərinə də toxunaraq bildirib ki, bu istiqamətlərdə demokratların Konqres vasitəsilə təsir imkanları müəyyən çərçivədə olsa da, onların mövqeyi ümumi siyasi qərarlara təsirsiz qalmayacaq.

Onun fikrincə, Ukrayna, Rusiya və İranla bağlı məsələlərdə demokratların mövqeyi daha sərt və prinsipial olacaq. Xüsusilə Rusiya ilə münasibətlərdə sərt xəttin davam etdirilməsi və Ukraynaya dəstəyin artırılması istiqamətində mövqe nümayiş etdirəcəklər. İranla bağlı isə demokratların diplomatik danışıqlara üstünlük verməsi ehtimalı daha yüksəkdir.

Azərbaycanla münasibətlər məsələsinə gəldikdə isə politoloq hesab edir ki, burada müəyyən suallar yaranır. Bununla belə, regionda yeni siyasi mənzərənin formalaşdığını və demokratların da Cənubi Qafqazdakı prosesləri düzgün qiymətləndirməli olduğunu nəzərə almaq lazımdır.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında faktiki olaraq sülhün mövcud olduğu indiki şəraitdə Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi Ermənistanın öz siyasi maraqlarına da uyğun olmaya bilər. Belə bir yanaşma regiondakı mövcud reallıqlara və sülh prosesinə təsir göstərə bilər.

Politoloq düşünür ki, demokratlar praqmatik mövqe nümayiş etdirsələr və regionda baş verən prosesləri düzgün qiymətləndirsələr, Azərbaycanla münasibətlərə də lazımi önəm verəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]