Fermerlər daha çox əziyyət çəkəcək: Güzəştlər ləğv olunur
Bu gün, 09:44

Aqrar sektorda sahibkarlığın yükü çox ağırdır. Fermerlər saysız problemlərlə mübarizə aparmalı olur. İndiyə qədər onların üzərinə yalnız torpaq vergisi ödəmək düşürdü. Bu sahənin adamları gəlir, mənfəət, əlavə dəyər və sadələşdirilmiş vergi növlərindən azad idi. Gələn ildən güzəştlər ləğv olunmağa başlayır. Bunu güzəştlərdə faiz dəyişikliyi kimi təqdim etmək doğru deyil. Fermerlər üzərinə yeni öhdəlik götürür.
Bizimyol.info xəbər verir ki, 2027-ci ilin yanvarın 1-dən aqrar sektorda gəlir və mənfəət vergisi bərpa ediləcək. Kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 10 faizi vergiyə cəlb olunacaq.
Ümumiyyətlə, güzəştlər mərhələli şəkildə azaldılacaq. Gəlir və mənfəət vergisi ilə bağlı qərar azı beş il qüvvədə olacaq. Hələlik əlavə dəyər və sadələşdirilmiş vergi növləri haqqında danışılmır. Amma ümumi fikir belədir ki, həmin güzəştlərdə də dəyişiklik edilməlidir.
Neft pullarının azalması özünü göstərir. Neft Fondundan dövlət büdcəsinə transfertlər azaldılır. 2026-cı ilin ilk 9 ayında dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib. Bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4 faiz azdır. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulur. Yəni illik transfertlərin ümumi məbləğində 1 milyard manatdan çox azalma ola bilər.
Bu şəraitdə çıxış yolu güzəştlərin ləğvi hesab olunur. Amma aqrar sektor bu yükü çəkəcək sahə deyil. Ayrı-ayrı istiqamətlərdə fermerlər lazımi məsuldarlıq ala bilmir, məhsullarını satmağa əziyyət çəkir. Aqrar sektordan uzaqlaşanların sayı çoxdur. Təsəvvür edin, hələ güzəştlər dövründə bu qədər çətinlik yaşanırdı. Bundan sonra durumun yaxşılaşmasını gözləməyə dəyməz.
Bizimyol.info

