SON DƏQİQƏ: 8 nəfəri öldürən şəxsin ifadəsi üzə çıxdı - Qətliamın təfərrüatları

Bu gün, 00:12           
SON DƏQİQƏ: 8 nəfəri öldürən şəxsin ifadəsi üzə çıxdı -
Afyonkarahisardakı qətliamın dəhşətli təfərrüatları üzə çıxdı, atasına da zəng edib
Türkiyənin Afyonkarahisar şəhərində 8 nəfəri öldürən, bir nəfəri yaralayan Arif Sefa Özdemirin prokurorluqda verdiyi ifadənin tam mətni üzə çıxıb.

Sherg.az xəbər verir ki, Eskişehir şəhərində saxlanılan şübhəli ifadəsində hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu və özündə olmadığını iddia edib.

Özdemir hadisənin Noman Toprakla aralarındakı borc mübahisəsi səbəbindən baş verdiyini bildirib. Onun sözlərinə görə, Noman Toprak, Bekir Toprak və Ahmet Uzel ilə görüşə gedərkən avtomobilinə qanunsuz tüfəng və patronlar götürüb. Yolda spirtli içki qəbul etməyə davam edib.

Şübhəli bildirib ki, görüş zamanı borcun qaytarılması ilə bağlı mübahisə yaranıb. Bekir Toprak və Ahmet Uzel onun təklif etdiyi ödəniş formasını qəbul etməyiblər. Bundan sonra onları öldürmək qərarına gəlib və əkin sahəsi bəhanəsi ilə kimsəsiz əraziyə aparıb.

Özdemir həmin ərazidə yenidən mübahisə yarandığını və təhqir olunduğunu iddia edərək avtomobildəki şəxslərə tüfənglə atəş açdığını etiraf edib.

Qaçış zamanı qarşısına çıxan şəxslərə də hücum edib

Şübhəli ilk üç nəfəri öldürdükdən sonra atasına zəng etdiyini və törətdiyi cinayət barədə məlumat verdiyini bildirib. Atasının təslim olmağı tövsiyə etməsinə baxmayaraq, qaçmağa qərar verib.

Özdemir qaçarkən izlənilməmək üçün telefonunu yola atdığını, daha sonra müxtəlif avtomobilləri ələ keçirərək hərəkətini davam etdirdiyini söyləyib. O, qarşısına çıxan şəxslərə silahla hücum etdiyini və avtomobillərini zorla aldığını etiraf edib.

Şübhəlinin ifadəsinə görə, Kütahya istiqamətində hərəkət edərkən bir qadının idarə etdiyi avtomobili də ələ keçirməyə çalışıb. Qadının telefonla çəkiliş etdiyini gördükdən sonra ona atəş açıb və avtomobili götürərək yoluna davam edib.

Daha sonra başqa bir avtomobili ələ keçirmək üçün sürücü və sərnişinlərlə qarşılaşıb. Onlara cinayət törətdiyini və avtomobillərini istədiyini bildirib. Şəxslərin polisə zəng etməyə çalışdığını görərək atəş açdığını söyləyib.

Yeni silah əldə etmək üçün plan qurub

Özdemir ifadəsində qaçışı zamanı yeni silah əldə etməyə çalışdığını da açıqlayıb. O, yolda göbələk toplayan şəxslərin avtomobilinin açarlarını zorla alaraq Seyitgazi istiqamətində hərəkət edib.

Daha sonra rastlaşdığı gənclərlə söhbət zamanı özünü hərbçi kimi təqdim edib. Gənclərin ona “komandir” deyə müraciət etməsindən xoşlandığını və özünü düzəltmədiyini bildirib.

Şübhəli kəndə gedərək muhtardan silah istədiyini, lakin onun buna razılaşmadığını söyləyib. Ərazidə jandarm patrullarını gördükdən sonra qaçmağa çalışıb, lakin avtomobili palçığa batıb. Havanın qaralmasından sonra başqa avtomobil oğurlayıb və əsas yola çıxarkən saxlanılıb.

“Çox peşmanam”

Arif Sefa Özdemir ifadəsində törətdiyi əməllərə görə peşman olduğunu iddia edib:

“Alkoqolun verdiyi cəsarətlə bu əməlləri törətdim. Çox peşmanam. İlk üç nəfərdən başqa digərləri ilə heç bir düşmənçiliyim yox idi. Özümü itirmişdim, nə etdiyimi bilmirdim. Jandarm əməkdaşlarına atəş açmamışam. Jandarmın necə yaralandığını bilmirəm. Onları yaraladığımı qəbul etmirəm”.

Hadisə necə baş verib?

Xatırladaq ki, Afyonkarahisarda baş verən silahlı hücum nəticəsində 8 nəfər həyatını itirib, bir nəfər yaralanıb. Hadisə ilə bağlı 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarm qüvvələri göndərilib.

Ayazini kəndi ərazisində 3, Kıyır kəndi yaxınlığında isə daha 3 nəfərin silahla öldürüldüyü müəyyən edilib. Yukarıtandır kəndində yaralı vəziyyətdə aşkarlanan iki qadın xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı şəxs isə müalicə altına alınıb.

Hadisə nəticəsində həyatını itirənlərin Ahmet Uzel (57), Bekir Toprak (50), Noman Toprak (56), Seydi Ahmet Aydoğmuş (73), Satı Aydoğmuş (68), İsmail Şen (61), Hilal Mete (31) və Ayşe Sena Demir (46) olduğu bildirilib.

Eskişehirə qaçan şübhəli Seyitgazi rayonunun Kırka kənd ərazisində bir avtomobili ələ keçirib. Vətəndaşların onun Taşlık kəndi ərazisində olması barədə məlumat verməsindən sonra təhlükəsizlik qüvvələri əməliyyat keçirib. Şübhəlinin idarə etdiyi avtomobil palçığa batmış vəziyyətdə aşkarlanıb. Avtomobildən pompalı tüfəng və çoxlu sayda patron götürülüb.

Arif Sefa Özdemir ötən gün Eskişehirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]