Qalmaqallı iş adamının villası bu qiymətə SATIŞA ÇIXARILDI - FOTO

Bu gün, 00:03           
Qalmaqallı iş adamının villası bu qiymətə SATIŞA ÇIXARILDI - FOTO
Azərbaycanın qalmaqallı iş adamı Nurlan Kərimliyə məxsus villa hərrac yolu ilə satışa çıxarılıb.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, villa Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında - “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yerləşir.

Sahəsi 774 kvadrat metr olan 2 mərtəbəli, 11 otaqlı villa 0.35651 ha torpaq sahəsində inşa olunub.

Onun minimum satış qiyməti 1 mln 897 200 manatdır. Lakin villanın hansı səbəbdən hərrac yolu ilə satışa çıxarıldığı məlum deyil.

Qeyd edək ki, sözügedən villa 2022-ci il aprelin 3-də partlayış baş vermiş gecə klubunu idarə edən şirkətlə bağlıdır.

“Location” gecə klubunda qeydə alınan partlayışa görə iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəsulov 5 il, O.Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə şikayəti təmin etməyib.

“Merser food”un qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Onun adına olan bir digər şirkət “Merser” ASC-nin hüquqi ünvanı isə hərraca çıxarılan villanın olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir.

Şirkət 2018-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Bu ünvanda daha əvvəl qeydiyyatda olan bir digər şirkət - “Merser Trade” MMC-nin 572 min 932 manat vergi borcu var.

Xatırladaq ki, villanın elanında borclu şəxsin ailəsinin hazırda fərdi yaşayış evində yaşadığı bildirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]