Trampın indiyədək Ukraynaya necə təzyiq göstərdiyini dəfələrlə görmüşük.
Bu gün, 11:44

Bəs demokratların Konqresin hər iki palatasında qələbəsindən sonra nə dəyişəcək?
Təsəvvür edək ki, Tramp Stiv Uitkoffdan Zelenskiyə zəng etməsini və Ukraynadan Rusiya neftayırma zavodlarına zərbələri dayandırmağı "xahiş etməsini" istəyir və ya İlon Mask Ukrayna üçün Starlink sisteminin sürətinin məhdudlaşdırılması barədə göstəriş verir.
Bəs bundan sonra nə baş verə bilər?
2027-ci il yanvarın 3-dən etibarən Konqresdə yeni siyasi reallıq formalaşacaq. Demokratlar həm Nümayəndələr Palatasına, həm də Senata nəzarət edəcəklər. Bu isə onlara Tramp administrasiyasının qərarlarını araşdırmaq, Konqres komitələrinə rəhbərlik etmək, sənədlər tələb etmək və dövlət rəsmilərini ifadə verməyə çağırmaq imkanı yaradacaq.
Məsələn, Trampın(neft emalı zavodların zərbələrə mane olmaq) və ya Maskın belə bir qərarı(Starlink və Starshield) dərhal mətbuatın gündəminə düşə bilər. Ardınca Konqres Maskı, Rubionu, Pit Heqseti və digər məsul şəxsləri dinləmələrə çağıra, onlardan and içərək ifadə vermələrini tələb edə bilər. And altında bilərəkdən yalan ifadə vermək isə ABŞ qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və beş ilədək həbs cəzası ilə nəticələnə bilər. Üstəlik, bu cür qərarların arxasında elektron yazışmalar, sənədlər və digər rəqəmsal izlər qalır.
Əlbəttə, Konstitusiyaya görə, xarici siyasətin həyata keçirilməsində əsas səlahiyyət prezidentə məxsusdur və Demokratların Konqresdə qələbəsi Trampın prezident səlahiyyətlərini avtomatik olaraq əlindən almır.
Amma məsələ ondadır ki, bundan sonra Tramp hər qərarının siyasi və institusional nəticələrini daha ciddi nəzərə almalı olacaq. Çünki onun göstərişlərini icra edən şəxslərin Konqres qarşısında hesabat verməli olacağı ehtimalı xeyli artır.
Məsələn, Tramp yenidən İrana zərbə endirmək qərarına gəlsə, icra hakimiyyətinin səlahiyyətlərindən istifadə edərək Pentaqona müvafiq göstəriş verə bilər. 1973-cü il tarixli Müharibə Səlahiyyətləri haqqında Qətnaməyə əsasən, müəyyən şərtlər daxilində prezident Konqresin xüsusi icazəsi olmadan hərbi əməliyyatları 60 günədək davam etdirə bilər. Ayrı-ayrı hallarda qoşunların çıxarılması üçün əlavə 30 günlük müddət də nəzərdə tutulur.
Lakin bu, prezidentin istədiyi müharibəyə heç bir hüquqi məhdudiyyət olmadan başlaya bilməsi demək deyil.
Əsas dəyişiklik isə budur: Tramp bundan sonra qərar qəbul edərkən yalnız xarici siyasətin nəticələrini deyil, həmin qərarların icrasına görə məsuliyyət daşıyan şəxslərin Konqres qarşısında verəcəyi izahatları da nəzərə almalı olacaq. Bu, Ağ Ev üçün mühüm siyasi və institusional çəkindirici mexanizmdir.
İndi isə ikinci mühüm məsələyə keçək.
Əgər demokratlar yalnız Nümayəndələr Palatasında çoxluğu əldə etsəydilər, onların əsas imkanları araşdırmalar aparmaq, dinləmələr keçirmək və administrasiyaya siyasi təzyiq göstərməklə məhdudlaşacaqdı.
Amma demokratlar hər iki palatanı qazandılar. Bunun ən mühüm üstünlüyü isə qanunvericilik təşəbbüslərini reallaşdırmaq imkanının yaranmasıdır.
ABŞ-da hər hansı qanun layihəsinin qüvvəyə minməsi üçün onun həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən eyni redaksiyada qəbul edilməsi lazımdır. Məhz buna görə Senatdakı qələbə xüsusi əhəmiyyət daşıyırdı.
İndi demokratlar Ukraynaya hərbi yardımın ayrılmasını nəzərdə tutan, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən və ABŞ-ın Ukraynaya dəstəyini qanunvericilik səviyyəsində möhkəmləndirən qanun layihələri qəbul edə bilərlər.
Bəs Tramp bu qanun layihələrinə veto qoyarsa?
Bu halda da demokratların əlində müəyyən imkanlar qalır. Konstitusiyaya əsasən, prezident vetosunu hər iki palatada üçdə iki səs çoxluğu ilə aradan qaldırmaq mümkündür.
Konqresin tam tərkibi nəzərə alınarsa, bunun üçün Nümayəndələr Palatasında 290, Senatda isə 67 səs tələb olunur. Demokratların qazandığı sadə çoxluq bu həddə çatmaq üçün kifayət etmir. Onlara müəyyən sayda respublikaçı konqresmenin dəstəyi lazım olacaq.
Bundan əlavə, Senatda əksər qanun layihələri üzrə müzakirələri başa çatdırmaq və səsverməyə keçmək üçün, bir qayda olaraq, 60 səs tələb olunur. Bu da demokratlar üçün əlavə siyasi maneə yarada bilər.
Nəticə etibarilə, yeni Konqres Trampın xarici siyasətini müəyyən etməyəcək, amma onun qərarlarını araşdırmaq, administrasiyanı hesabat verməyə məcbur etmək, Ukraynaya dəstəyi qanunvericiliklə təmin etmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün demokratların qarşısında yeni imkanlar açılacaq.
Bu, Ukrayna üçün sadəcə ABŞ Konqresində siyasi üstünlük məsələsi deyil. Bu, Vaşinqtonda Ukraynaya dəstəyin institusional dayaqlarının gücləndirilməsi deməkdir.
Kamran Cəfərov

