Sabit maaş, yoxsa öz işin: Biznes qurmaq istəyən gənclərin qarşısını nə kəsir?

Bu gün, 00:07           
Sabit maaş, yoxsa öz işin:
Azərbaycanda universitet təhsili alan və müəyyən iş təcrübəsi qazanan gənclərin bir qismi öz biznesini qurmaq əvəzinə dövlət qulluğuna hazırlaşmağa, dövlət müəssisələrində və ya özəl sektorda sabit əməkhaqqı ilə çalışmağa üstünlük verir. Sahibkarlıq isə bir çox gənc üçün cəlbedici görünsə də, ilkin kapital çatışmazlığı, maliyyə resurslarına çıxışın məhdudluğu və biznes mühitindəki çətinliklər bu istiqamətdə addım atmağı çətinləşdirir.

Bəs gənclər sahibkar olmaq istəmədikləri üçün muzdlu əməyə üstünlük verirlər, yoxsa biznes qurmağın risklərini qarşılaya bilməyəcəklərini düşündükləri üçün? Gənc sahibkarların qarşısında dayanan əsas maneələr hansılardır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin muzdlu işə üstünlük verməsinin arxasında bir neçə iqtisadi səbəb dayanır:

“Hazırda Azərbaycanda gənclərin muzdlu işlərə üstünlük verməsinin bir sıra səbəbləri var. Sadalanan səbəblərin əksəriyyəti aktualdır. Belə ki, hər gəncin ilkin kapitalı yoxdur. İlkin kapitala malik olan müəyyən gənclər isə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər.

Eyni zamanda, ilkin kapital kimi kreditdən istifadə etmək də səmərəli deyil. Çünki Azərbaycanda kredit faizləri yüksəkdir. Vergi yükü də eyni qaydada yüksəkdir”.

İqtisadçı hesab edir ki, icarə xərcləri və digər amillər sahibkarlıq fəaliyyətinə sadalanan iqtisadi maneələr qədər ciddi təsir göstərmir. Onun sözlərinə görə, əsas problemlərdən biri də Azərbaycan iqtisadiyyatında inhisarçılığın mövcudluğu və yeni iştirakçıların bazara daxil olmasının məhdudlaşmasıdır:

“Azərbaycan bazarı, daha doğrusu, Azərbaycan iqtisadiyyatı inhisarçıdır. Belə bir iqtisadiyyata yeni oyunçuların daxil olması məhdudlaşır.

Ümumiyyətlə, istər gənc, istərsə də yaşlı insanlar olsun, ölkədə yeni sahibkarların yaranması üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalıdır”.

Akif Nəsirli yeni sahibkarların meydana çıxması üçün yalnız maliyyə imkanlarının genişləndirilməsini kifayət hesab etmir. O, biznes mühitində hüquqi təminatların gücləndirilməsini, maliyyə amnistiyasının tətbiqini və məhkəmə sisteminin müstəqilliyini də vacib şərtlər kimi qiymətləndirir:

“Eyni zamanda, ölkədə maliyyə amnistiyası verilməlidir. Çünki kifayət qədər pulu olan, lakin həmin vəsaiti iqtisadiyyata yatırmağa ehtiyat edən insanlar var. Onlar pullarının mənbəyinin haradan olduğunu soruşacaqlarından çəkinirlər.

Bununla yanaşı, məhkəmələrin müstəqil olması, vergi yükünün azaldılması, kredit faizlərinin aşağı salınması, qanunun aliliyinin təmin edilməsi, iqtisadiyyatda rəqabətin gücləndirilməsi və yeni sahibkarlara dövlət dəstəyinin artırılması vacib amillərdəndir. Kredit faizlərinin aşağı salınması isə kompleks yanaşma tələb edir və yalnız bir amildən asılı deyil”.

Ekspertin fikrincə, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin qarşısındakı əsas maneələrdən biri də maliyyə əlçatanlığıdır. Onun sözlərinə görə, biznes qurmaq potensialı olan, lakin ilkin kapitalı olmayan şəxslər banklardan münasib şərtlərlə kredit götürərək öz işlərini qurmaq imkanına malik olmalıdırlar:

“Əgər istəyiriksə ki, iqtisadiyyata yeni sahibkarlar daxil olsun, bazara giriş şərtləri yüngülləşməlidir. Sahibkarlıq qabiliyyəti olan insanların maliyyə resurslarına çıxışı təmin edilməlidir.

Bu gün ilkin kapitalı olmayan şəxslər banklardan kommersiya kreditləri götürərək müstəqil biznes qura bilmək imkanına malik olmalıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]