"Audi"nin Çindəki zavodu milyardlarla avro zərər edib
Bu gün, 16:18
Almaniyanın "Audi" avtomobil şirkətinin Çinin Çançun şəhərində yerləşən zavodu maliyyə baxımından ciddi itkilərlə üzləşib. Müəssisənin tikintisinə 2.5 milyard avrodan çox investisiya yatırılıb.
Bu barədə "Handelsblatt" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda zavod ayda cəmi iki-üç gün fəaliyyət göstərir. Müəssisə əvvəlcə ildə 150 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub. Burada "Q6 e-tron" və "A6 e-tron" modellərinin istehsalı planlaşdırılsa da, tələb gözləniləndən xeyli aşağı olub.
Nəticədə 2026-cı ildə zavodun konveyerindən cəmi 10 minə yaxın avtomobilin çıxacağı gözlənilir. Bu isə müəssisənin mövcud istehsal gücünün 10 faizindən də azdır.
Artıq "ruh zavod" adlandırılan müəssisənin yalnız 2026-cı ildə təxminən 500 milyon avro, istehsala başladığı vaxtdan bəri isə ümumilikdə bir neçə milyard avro zərər edəcəyi bildirilir.