SOCAR Azəriqaz İB rəhbərliyi , bu apardığınız optimallaşdırılmanın təhlükəli tərəfi deyilmi?
Bu gün, 00:11

-sükan arxasında peşəkar sürücü yoxsa çilingər?
-500-dən artıq peşəkar sürücünün əmək müqaviləsinə xitam verilməsi, avtomobillərin isə sürücülük peşəkarlığı sual doğuran çilingərlərə həvalə edilməsi nə dərəcədə doğrudur?
Azəriqaz İB-də həyata keçirilməsi nəzərdə tutulan optimallaşdırma tədbirləri yeni müzakirələrə yol açır. Məlumata görə, 2027-ci ilin yanvar ayından etibarən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən xidmət sahələrində SOCAR-ın Nəqliyyat Departamentinə məxsus 500-dən artıq sürücünün xidmətindən imtina ediləcək və onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcək.
Bunun əvəzində isə Azəriqaz İB -də işə qəbul edilmiş qəza dispetçer xidmətinin çilingər heyətinin istifadəsi üçün yeni avtomobillərin alınması və həmin avtomobillərin onların sərəncamına verilməsi planlaşdırılır. Burada ortaya kifayət qədər ciddi bir sual çıxır:
-Peşəkar sürücülərdən imtina edib avtomobilləri çilingərlərə həvalə etmək hansı məntiqə əsaslanır?
Hörmətli Azəriqaz İB rəhbərliyi!
Diqqətinizə bir statistik məlumatı çatdırmaq istərdim. Uzun illər ərzində 500-dən artıq sürücü SOCAR-ın Nəqliyyat Departamentində peşəkar sürücü kimi fəaliyyət göstərib. Təkcə 2025-ci il ərzində həmin sürücülərlə bağlı yol hərəkəti qaydalarının pozulması üzrə 40 faktın qeydə alındığı bildirilir. Ümumi sürücü sayını nəzərə alsaq, bu göstərici kifayət qədər aşağıdır və onların iş təcrübəsi, intizamı barədə müəyyən təsəvvür yaradır.
İndi isə həmin peşəkar sürücülərin əvəzinə avtomobilləri idarə edəcək çilingərlərin sürücülük bacarıqlarına nəzər salaq.
Bildirilir ki, qəza dispetçer xidmətinə işə qəbul zamanı sürücülük vəsiqəsi olmayan bəzi çilingərlərin işə qəbul edilmədiyi, yalnız sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verildiyi məlumdur.
Amma burada əsas məsələ sürücülük vəsiqəsinin olub-olmaması deyil. Əsas məsələ həmin şəxslərin sükan arxasında nə dərəcədə təcrübəli və peşəkar olmasıdır.
Axı sürücülük vəsiqəsi avtomobil idarə etmək hüququ verir, peşəkarlığa isə zəmanət vermir!
Maraqlıdır, həmin əməkdaşların praktiki sürücülük bacarıqları yoxlanılıbmı?
Onlar xüsusi sınaqlardan keçirilibmi?
Çətin yol şəraitində, xüsusilə qəza çağırışlarına tələsərkən avtomobili təhlükəsiz idarə etmək qabiliyyətləri qiymətləndirilibmi?
Bir əməkdaşın çilingər kimi texniki biliklərinin yoxlanılması nə qədər vacibdirsə, avtomobil idarə edəcək şəxsin sürücülük peşəkarlığının yoxlanılması da bir o qədər vacibdir.
Axı söhbət adi xidməti avtomobildən deyil, qaz təsərrüfatında qəza çağırışlarına gedən, insanların həyatının və təhlükəsizliyinin birbaşa bağlı olduğu xidmət avtomobillərindən gedir.
Bəs belə bir məsuliyyətli sahədə avtomobil idarə etmək təcrübəsi və peşəkarlığı lazımi səviyyədə olmayan əməkdaşlara sükan etibar etmək nə dərəcədə doğrudur?
Əlbəttə, optimallaşdırma aparmaq, xərcləri azaltmaq və iş prosesini daha səmərəli təşkil etmək rəhbərliyin səlahiyyətindədir. Lakin bu proses illərlə təcrübə toplamış peşəkar sürücülərin xidmətindən imtina etməklə və onların işini başqa peşə sahiblərinə həvalə etməklə həyata keçirilməməlidir.
Unutmayaq ki, qəza çağırışına gedən avtomobilin sükanı arxasında kimin oturması sadəcə kadr məsələsi deyil. Bu, həm də yol hərəkəti iştirakçılarının, əməkdaşların və bütövlükdə insanların təhlükəsizliyi məsələsidir.
Optimallaşdırma qənaət naminə peşəkarlıqdan, təcrübədən və ən əsası insan həyatının təhlükəsizliyindən güzəştə getmək demək deyil!
Bəlkə də rəhbərlik üçün bu, sadəcə 500-dən artıq sürücünün əmək müqaviləsinə xitam verilməsi və yeni avtomobillərin alınmasıdır. Amma cəmiyyət üçün məsələ daha ciddidir: sükan arxasında peşəkar sürücü olacaq, yoxsa əsas peşəsi çilingərlik olan, sürücülük təcrübəsi hələ də sual doğuran əməkdaş?
Bu suallara Azəriqaz İB rəhbərliyinin aydın və əsaslandırılmış cavab verməsini gözləyirik.
Mirvari Gahramanli
TEREF

