Məmurlara yeni maliyyə qadağaları: Ofşor gəlirlər, hədiyyələr və biznes fəaliyyəti yasaqlanır
Bu gün, 00:02

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi vəzifəli şəxslərin gəlir mənbələri və kommersiya qurumları ilə əlaqələrinə dair sərt məhdudiyyətlər müəyyənləşdirir.
32gun.az bildirir ki, Sənədə əsasən, dövlət məmurlarının ofşor zonalarda, yəni vergidən azad və ya güzəştli vergi rejimi tətbiq edilən ərazilərdə, həmçinin "Kraudfandinq haqqında" qanunun 3.2-ci maddəsində göstərilən ölkələrdə qeydiyyata alınmış emitentlərin qiymətli kağızlarından gəlir əldə etməsi qəti qadağan olunur. Eyni zamanda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, vəzifəli şəxslərin istər birbaşa, istərsə də saxta və ya digər şəxslərin adı altında sahibkarlıq, kommersiya və hər hansı ödənişli işlə məşğul olması yasaqlanır.
Bununla yanaşı, məmurlar öz xidməti vəzifələrindən sui-istifadə etməmək və bizneslə məşğul olmamaq şərti ilə bank əmanətlərindən, yerli qanunvericiliyə uyğun qiymətli kağızlardan, icarə, renta və royaltidən qazanc götürə bilərlər. Lakin xidməti fəaliyyət zamanı əldə edilən məxfi məlumatlardan yararlanaraq qiymətli kağızların alqı-satqısını həyata keçirmək və ya hər hansı maddi üstünlük əldə etmək tamamilə qadağandır.
Layihədə həmçinin qeyd edilir ki, dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar çıxmaq şərti ilə, vəzifəli şəxslər sahibkarlıq subyektlərinin icra orqanlarında, direktorlar şurasında və ya audit komitələrində təmsil oluna bilməzlər. Dövlət və ya bələdiyyə nümayəndəsi kimi həmin qurumlarda iştirak edən məmurlara isə təmsil etdikləri şirkətdən və ya onun rəhbər üzvlərindən hədiyyə almaq, həmin müəssisənin səhmlərini və əmlakını əldə etmək, eləcə də orada ödənişli vəzifə tutmaq qadağan edilir. Maraqlıdır ki, bu məhdudiyyətlər məmurun həmin qurumdakı nümayəndəlik səlahiyyətinə xitam verildikdən sonra daha iki il müddətində qüvvədə qalacaq. Parlamentdə aparılan müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

