Netanyahu gedir – General Ayzenkotun Azərbaycana münasibəti necə olacaq?
Bu gün, 00:05

İsraildə müxalif “Yaşar” partiyasının lideri Qadi Ayzenkot baş nazir vəzifəsinə namizəd olmaq üçün yeni çağırış Knessetin 120 deputatından 67-sinin dəstəyini qazanıb. Prezident İshak Hersoqla keçirilən məsləhətləşmələr zamanı Ayzenkotun lehinə çıxış edilib. Hazırkı baş nazir Benyamin Netanyahunun namizədliyini 46 deputat dəstəkləyib, daha 7 nəfər isə tərəflərdən heç birinə dəstək ifadə etməyib.
Globalinfo.az-a danışan israilli tarixçi və politoloq Avraham Şmuleviçin sözlərinə görə, ilkin mərhələdə siyasi partiyalar mandatı sadəcə olaraq kimə verməyin daha yaxşı olduğunu müzakirə edirlər, amma qərarı prezident özü verir:
“Bu, onların Qadi Ayzenkotun quracağı hökumətə səs verməyə razı olduqları anlamına gəlmir. Ayzenkotu prezidentə tövsiyə edən partiyaların mövqeləri arasında ciddi ziddiyyətlər mövcuddur. Ultra-ortodoks partiyalar Ayzenkot hökumətilə tamamilə zidd fikirlərə malikdirlər. “Ərəb partiyaları” adlandırılan siyasi qüvvələr var, lakin problem onların ərəb olmasında deyil. Ərəblər Knessetdə hər zaman təmsil olunur və hətta hökumətdə ərəb səfirlər də var. Məsələn, Corc Dik Azərbaycanda səfir kimi fəaliyyət göstərib və ən yaxşı səfirlərdən biri olub. O, sonradan Xarici İşlər Nazirliyində daha yüksək vəzifəyə təyin edilib. Ərəblər həmçinin sırf onlara məxsus olmayan digər partiyalarda da təmsil olunurlar.
“Müsəlman Qardaşlığı”nın mahiyyətcə bir qolu olan RAAM partiyası və dini, ifrat millətçi və kommunistlərdən ibarət üç ərəb partiyasından ibarət blok – bu partiyaların problemi onların ərəb olmasında deyil, həddindən artıq ekstremist xarakter daşımasındadır. Onlar prinsip etibarilə İsrail dövlətinin yəhudi xarakterini rədd edir və İsrailin parçalanması fikrini müdafiə edirlər. Onlar bir yəhudi olaraq HƏMAS-ı qınamayıblar. Problemin kökü məhz bundadır. Keçmiş Baş Qərargah rəisi, general Ayzenkot kimi bir şəxs üçün bu partiyalarla eyni hökumətdə təmsil olunmaq çətin olardı və o, belə bir addım atmayacağına dair söz verib”.
Ekspertin sözlərinə görə çox güman ki, növbəti seçkilər keçiriləcək:
“Bazar günü bu aydın olacaq. Prezident bir həftə ərzində bir adam seçməlidir, lakin seçim Ayzenkotun üzərində dayansa belə onun hökumət qura biləcəyi dəqiq deyil. Benyamin Netanyahu isə istənilən halda vəzifəsini tərk edəcək. O, yeni hökumət qurulduğu anda vəzifədən gedəcək və müxalifət lideri olacaq”.
Şmuleviç, xarici siyasətdə heç bir ciddi dəyişiklikliyin olmayacağını qeyd edib:
“Müharibə başladıqdan sonra ölkəyə müxalifət liderlərinin də daxil olduğu hərbi kabinet rəhbərlik edirdi. O zaman general Qadi Ayzenkot demək olar ki, ölkənin liderlərindən biri idi. Onun oğlu və iki qardaşı oğlu Qəzza sektorunda gedən döyüşlərdə həlak olublar. Beləliklə, HƏMAS-ı bu və ya digər şəkildə məhv etmək xətti davam edəcək. Bəzi nüanslarda yumşalma və ya sərtləşmə ola bilər, lakin ümumi istiqamət dəyişməyəcək. Eyni şəkildə, İran rejimini məhv etmək xətti də davam edəcək, çünki bu rejim İsrail üçün mövcudluq təhlükəsi (ekzistensial təhlükə) yaradır. Bu məsələdə İsraildə demək olar ki, hər kəs həmfikirdir. Azərbaycanla münasibətlərə gəldikdə, İsrailli siyasətçi buna son dərəcə mühüm, strateji müttəfiqlik kimi yanaşır və bu da dəyişməz olaraq qalacaq”.

