Tarixə nəzər salsaq görərik ki, Türk dövlətlərinin hamısının sonunu xarici işğalçılar deyil, məhz öz xalqı gətirib.
11-09-2026, 07:24

Qədim Türk cəmiyyəti dövlətə sadəcə bir idarəetmə aparatı kimi deyil, xalqın təhlükəsizliyini və rifahını təmin edən böyük bir ailə kimi baxırdı. Bu səbəbdən dövlətə "Ata" və "Baba" deyərək, onu qoruyan, himayə edən və nəsli bir arada saxlayan bir fiqur kimi yanaşırdılar.
Türklərin tarixdə bu qədər çox dövlət qurmalarının kökündə də məhz bu düşüncə dayanır. Hakimiyyət "ata" rolundan çıxıb özünə səltənət quran bir diktaturaya çevrilən kimi xalq onu devirib yenisini qururdu.
Tarixə nəzər salsaq görərik ki, Türk dövlətlərinin hamısının sonunu xarici işğalçılar deyil, məhz öz xalqı gətirib.
Avropada isə feodallar və təhkimli kəndlilər var idi. Torpaq, xidmət, hərbi öhdəlik və sədaqət əsas elementlər hesab olunurdu. Kəndli, ev heyvanları və ya əmlak kimi feodalın mülkü sayılırdı.
Hazırda Avropada dövlət məhz o "ata" rolunu oynayır. Vətəndaşın övladı doğulanda ona qayğı göstərir, müavinət ayırır və böyüməsinə maliyyə dəstəyi verir. Vətəndaş evsizdirsə sığınacaq təmin edir, işsizdirsə yenidən ayaqüstə durana qədər yardım göstərir. Ərzağı yoxdursa "foodbank"lar, geyimi yoxdursa sosial yardım mərkəzləri fəaliyyət göstərir.
Türk kimliyini və köklərini unudan Türk ölkələri isə Avropanın məhz o qaranlıq feodalizm dövrünü özünə nümunə götürüb:
"Mən dövlətəm, sən mənə sədaqətli olmalı, mənim üçün savaşmalı və vergi verməlisən. Necə böyüyürsən, necə inkişaf edirsən bu artıq sənin öz problemindir".
Orxan Atabəy

