15 illik sirr yenidən açılır: Kaşif Kozinoğlunun ölümü yenidən araşdırılır
7-09-2026, 15:58

Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında baş verən şübhəli ölümü ilə bağlı araşdırmada yeni mərhələyə keçilib.
Referans Media xəbər verir ki, Silivri Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hadisənin baş verdiyi vaxt cəzaçəkmə müəssisəsində çalışan 11 şübhəli barəsində hüquqi tədbir görülüb. Onlardan 10-u saxlanılıb. Digər şübhəlinin isə FETÖ üzvü kimi axtarışda olduğu və xaricdə yaşadığı müəyyən edilib.
Kaşif Kozinoğlu Odatv işi çərçivəsində həbsdə olduğu Silivri 1 saylı L tipli qapalı cəzaçəkmə müəssisəsində 12 noyabr 2011-ci ildə səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb. Lakin onun xəstəxanaya çatdırıldıqda artıq həyatını itirdiyi müəyyən edilib. Hadisədən sonra aparılan ilkin araşdırmada kamera görüntüləri, tibbi sənədlər və şahid ifadələri araşdırılıb. Məhkəmə-tibb ekspertizasının rəyi əsasında Kozinoğlunun ürək xəstəliyindən öldüyü qənaətinə gəlinib və 10 aprel 2012-ci ildə iş üzrə təqibata xitam verilib. Lakin dosye 2026-cı ilin avqustunda yenidən araşdırılması üçün “Açılmamış cinayətlərin araşdırılması” bölməsinə göndərilib. Avqustun 26-da Silivri Sülh Cinayət Məhkəməsinin qərarı ilə əvvəlki təqibata xitam qərarı ləğv edilib və istintaq yenidən başladılıb.
Yenidən açılan istintaq çərçivəsində hadisəyə dair yeni məlumat və sübutların araşdırıldığı bildirilir. Dosyeyə daxil edilən kamera görüntüləri və digər materiallarda hadisə zamanı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı diqqətçəkən iddialar yer alıb. İstintaq materiallarına görə, Kozinoğlu səhhəti pisləşdikdən sonra yan kameradakı məhbuslara səslənib və təcili yardım düyməsinə basılıb. Kamera görüntülərinə əsasən, mərkəzi paneldə xəbərdarlığı görən mühafizəçinin müdaxilə etmək əvəzinə radionun səsini artırdığı və bunun nəticəsində xəbərdarlıq siqnalının eşidilməsinə mane olduğu iddia edilir. Digər iddiaya görə isə həmin vaxt təcili tibbi yardım qrupu yeməkdə olub. Növbəti tibbi heyətin müdaxiləsindən sonra Kozinoğlunun xəstəxanaya göndərildiyi bildirilir.
İstintaq dosyesində yer alan iddialardan biri də təcili yardım avtomobilinin yol kənarında təxminən 10 dəqiqə gözlədilməsi ilə bağlıdır. İddiaya görə, həmin vaxt yeməkdə olan tibbi heyətin gəlməsi gözlənilib və növbə dəyişikliyindən sonra Kozinoğlu xəstəxanaya aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı mühafizəçilərin və tibb işçilərinin verdiyi ifadələr arasında ziddiyyətlərin olduğu da istintaq materiallarına daxil edilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek məsələ ilə bağlı açıqlamasında şübhəli ölümlərlə bağlı işlərin illər keçməsinə baxmayaraq yenidən araşdırıldığını bildirib. Gürlek qeyd edib ki, yeni istintaq çərçivəsində məxfilik qərarı verilib, xüsusi istintaq qrupu yaradılıb və hadisənin bütün istiqamətləri üzrə araşdırmalara başlanılıb. Nazirin sözlərinə görə, hazırda 11 şübhəli barəsində hüquqi tədbir görülüb, 10 nəfər saxlanılıb. Digər şübhəlinin isə FETÖ üzrə axtarışda olduğu və xaricdə yaşadığı müəyyən edilib. Gürlek məsul şəxslərin müəyyənləşdirilərək ədalət qarşısında cavab verməsi üçün araşdırmaların davam etdirildiyini vurğulayıb.
Kaşif Kozinoğlu 1 avqust 1955-ci ildə anadan olub. O, 1976-cı ildə Türkiyə Kara Harp Okulunu bitirib və 1980-ci ildə Xüsusi Hərb İdarəsində xidmətə başlayıb. 1995-ci ilədək Xüsusi Qüvvələr Komandanlığının müxtəlif bölmələrində kəşfiyyat zabiti və rəhbər vəzifələrdə çalışan Kozinoğlu həmin il öz istəyi ilə təqaüdə çıxaraq MİT-ə keçib.
O, Suriya, Bosniya və Herseqovina, həmçinin Əfqanıstanda müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ilin sentyabrında Asiya regionu üzrə baş müşavir vəzifəsinə təyin edilib. Kozinoğlu Ergenekon işi üzrə ifadə verməsinə qısa müddət qalmış həbsxanada səhhətinin pisləşməsi nəticəsində vəfat edib. Ölümündən sonra onun toxuma nümunələrində mümkün zəhərlənmə ehtimalı da araşdırılıb. Lakin yekun ölüm haqqında tibbi rəydə ölümün ürək xəstəliyi nəticəsində baş verdiyi qeyd olunub. İndi isə aradan 15 ilə yaxın vaxt keçdikdən sonra onun ölümü ilə bağlı istintaqın yenidən açılması hadisənin bütün detalları üzrə yeni suallar yaradıb. Araşdırmanın nəticəsində Kozinoğlunun ölümündə hər hansı şəxsin məsuliyyət daşıyıb-daşımadığı müəyyənləşdiriləcək.

