Müasir robototexnikanın “atası” olan türk müsəlman ixtiraçı-alim kimdir?
8-09-2026, 16:04

Az.shafaqna.com xəbər verir ki, bu gün robototexnika sahəsində hansı ölkələr liderdir? Şübhəsiz ki, bu, Çin və Yaponiyadır. Onlar bu sahədə hətta Qərbi də geridə qoyublar. Hazırda kütləvi informasiya vasitələrindən, demək olar ki, hər gün insan həyatını onun fəaliyyətinin ən müxtəlif sahələrində asanlaşdırmaq məqsədi daşıyan bu və ya digər texniki “möcüzənin” yaradılması barədə xəbər tutmaq mümkündür.
Lakin qəribə də olsa, proqramlaşdırıla bilən robotun ilk ixtiraçısı heç də Qərb və hətta Çin, Yaponiya yox, müsəlman Şərqi olub və bu, düz 800 il əvvəl, İslam intibahı dövründə, XIII əsrin əvvəllərində baş verib. Müsəlman dünyasının intibah dövründə yaşamış müsəlman alimlərinin ixtiraları Avropadakı sənaye inqilabında mühüm rol oynayaraq müasir sivilizasiyanın əsasını təşkil edib.
Həmin dövrün görkəmli alimlərindən biri də dünyanın ilk proqramlaşdırıla bilən robotunun ixtiraçısı, mühəndislik təfəkkürünün ən böyük dahilərindən biri, XII-XIII əsrlərin qovşağında yaşamış astronom, riyaziyyatçı və mexanik-ixtiraçı, “ərəb dünyasının Leonardo da Vinçisi” ləqəbini almış Əbu əl-İzz İsmayıl ibn ər-Rəzzaz əl-Cəzəri idi.
Görkəmli müsəlman mühəndis haqqında onun ixtiraları barədə olan məlumatlar qədər çox məlumat yoxdur. Həmin məlumatlar da əsasən onun öz traktatı sayəsində dövrümüzə gəlib çatıb. O, 1136-cı ildə Mesopotamiyada yerləşən əl-Cəzirə bölgəsində anadan olub. Onun Əl-Cəzəri adı da bu bölgənin adından götürülüb.
O, qeyri-adi mexanizmlərin ixtiraçısı kimi şöhrət qazanıb. Ömrünün sonlarına yaxın fəaliyyətinin nəticələrini “Dahiyanə mexaniki qurğular haqqında biliklər kitabı” adlanan kitabında vərəqlərə köçürüb. XIII əsrdə bu əsərin Avropada analoqu yox idi və nəzəri və praktiki mexanika haqqında çox mühüm texniki əsər hesab olunurdu.
Əl-Cəzəri müxtəlif qurğuları rəsmlərlə izah etməklə maşınqayırma tarixində çox qiymətli bir əsər qoyub. Tarixçilərin fikrincə, hidravlik nasosu məhz o ixtira edib. Üstəlik, bu, Qərbi Avropada oxşar qurğuların meydana çıxmasından üç əsr əvvəl baş verib. Müasir mexanikanın təkər ixtirasından sonra, bəlkə də, ikinci ən mühüm detalı olan dirsəkli val da məhz Əl-Cəzəriyə məxsusdur. Onun çertyojları əsasında ikitaktlı klapanlı nasoslar, bəndlər, suqaldırıcı maşınlar və bir çox başqa qurğular hazırlanıb. Lakin hər şeyə ardıcıllıqla nəzər salaq.
Əl-Cəzərinin ixtiraları:
1. Robotlar
Əl-Cəzərinin robotları qayığın içində oturan insan fiqurlarından ibarət idi. Alim onları nağara çalmağa proqramlaşdırmışdı. Bu qurğu sarayda böyük maraqla qarşılanır və böyük bayramlar zamanı gölə buraxılırdı. Mütəxəssislərin fikrincə, bu, ehtimal ki, proqramlaşdırılmış ilk avtomat olub.
2. Qala saatı
“Qala saatı” kimi tanınan su saatlarının işi belə idi. Gün ərzində saatların fəaliyyəti mexaniki təsvirlərin dəyişməsi və fiqurların hərəkəti ilə müşayiət olunur, bütün bunlara səslər də əlavə edilirdi. Belə ki, gündüz saatlarında saatın üzərində şərqdən “doğan” günəş diski və Qoçdan Qız bürcünə qədər altı zodiak bürcü göstərilirdi, Ay isə görünmürdü.
Frizin üzərində aypara soldan sağa doğru tədricən hərəkət edirdi. Aypara iki qapının arasındakı nöqtəyə çatanda yuxarıdakı qapı açılır, orada kişi fiquru görünür, aşağıdakı qapı isə başqa rəngə “boyanırdı”. Bu, hər günəş saatının sonunda baş verirdi. Bundan sonra yan pəncərələrdəki şahinlər əyilir, qanadlarını açır və dimdiklərindən hərəsi bir kürəcik buraxırdı. Kürəciklər vazaya düşür, bu zaman sinc səsinə bənzər səs eşidilirdi. Daha sonra şahinlər ilkin vəziyyətlərinə qayıdır və qanadlarını qatlayırdılar.
3. Fil saatı
Müsəlman sivilizasiyasının çiçəklənmə dövrünün, ehtimal ki, ən məşhur saatları 800 il əvvəl Əl-Cəzəri tərəfindən hazırlanmış avtomatik “fil saatlarıdır”.
Bu böyük saatlarda suyun qaldırılması üçün yunan texnologiyasından, hind filindən, Misirin feniks quşundan, ərəb insan fiqurlarından və Çin əjdahalarından istifadə olunurdu. Bütün bu eklektik quruluş dünyanın müxtəlifliyinin təntənəsini vurğulayır.
Hər yarım saatdan bir kasa su ilə dolur və suya batırdı. Bu isə metal kürəcikləri və filin belindəki evcikdən çıxan ipləri hərəkətə gətirərək bir-birinin ardınca bütöv bir hərəkətlər silsiləsinə səbəb olurdu. Yarım saatlıq dövr başa çatdıqda kasa avtomatik olaraq suyun səthinə qalxır və proses yenidən başlayırdı. Bu mürəkkəb dövri proses gün ərzində hər yarım saatdan bir təkrarlanırdı. Saatları ilkin vəziyyətinə gündə iki dəfə – günəş doğarkən və günəş batarkən – qaytarmaq lazım idi.
Bu saatların böyüdülmüş müasir modeli Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən böyük tematik ticarət mərkəzi olan İbn Battuta adına ticarət mərkəzində yerləşir.
4. Suqaldırma mexanizminin sxemi
Əl-Cəzəri ümumilikdə beş suqaldırma maşını ixtira edib. Onlardan ikisi şadufların (çaydan və ya quyudan su qaldırmaq üçün qurğu) təkmilləşdirilmiş variantı idi, biri isə heyvan dartısını suyun enerjisi ilə əvəz edirdi. Su nasosunun mərkəzi mexanizmi kimi dirsəkli valdan istifadə edilməsinin başlanması ilə həqiqətən də böyük bir texnoloji sıçrayış baş verdi.
Su nasosu dişli çarxlardan, mis porşenlərdən, sorma və vurma borularından, eləcə də birtərəfli qanadlı klapanlardan ibarət idi. Suvarma və məişət su təchizatı məqsədilə istifadə olunan nasos suyu 12 metrədək hündürlüyə qaldırırdı. Bu qurğu ikitərəfli fəaliyyət göstərən porşenlərin ən erkən nümunələrindən biri idi – onlardan biri suyu sorur, digəri isə onu paylayırdı. Əl-Cəzəri birtərəfli klapanı təkmilləşdirdi və porşenlərin kipliyini təmin etdi və bütün bunlar işləməyə başladı.
Su dəyirmanı nümunəsində olduğu kimi, onu da axar çayın yaxınlığında qurmaq, su çarxının pərlərinin yarısını güclü axının içərisinə salmaq lazım idi. Su çarxı dişli çarxlardan ibarət mexanizmi işə salır, həmin mexanizm isə linglə birlikdə hərəkət edən porşenləri hərəkətə gətirirdi.
Nəticə
Əl-Cəzərinin ixtiraları yalnız yuxarıda təsvir edilənlərlə məhdudlaşmır. Onun fəaliyyətində dövrünün belə texnoloji yenilikləri də var idi: ağacın laminasiyası, miqyaslı modellərdən istifadə (alim onları kağızdan hazırlayırdı), hərəkət edən hissələrin korund vasitəsilə sürtülüb uyğunlaşdırılması, metal qapılar, kodlu qıfıllar, bütün enliklər üçün universal günəş saatı ilə kompasın hibridi və s.
Əl-Cəzəri bütün dünyada, xüsusilə Qərbdə “ərəb dünyasının Leonardo da Vinçisi” kimi geniş şöhrət qazanıb və hətta əsrlər sonra Norbert Viner, Amper, Ceyms Klerk Maksvell, Şolem Mandelbroyt və digər görkəmli alimlər üçün ideya mənbəyi olub. Hətta bizim maariflənmiş dövrümüzdə də bu böyük müsəlman elm dahisinin həyatı və yaradıcılıq irsi böyük maraq doğurmaqda davam edir. Bunu vurğulayan, müsəlman ixtiraçı Əl-Cəzərinin məşhur “Dahiyanə mexaniki qurğular haqqında biliklər kitabı”nı ingilis dilinə tərcümə etmiş britaniyalı mühəndis və elm tarixçisi…
Donald Hill deyib: “Əl-Cəzərinin mühəndisliyin inkişafına verdiyi töhfənin əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir. Onun hazırladığı işləmələr maşınların dizaynı, istehsalı və yığılması üzrə vəsaitlərin əsasını təşkil edib”.
Əl-Cəzəri 1206-cı ilin əvvəlində, yetmiş yaşında, dahiyanə mexaniki qurğular haqqında məşhur kitabını tamamladıqdan cəmi bir neçə ay sonra vəfat edib.
Bu müsəlman aliminin səyləri sayəsində dünyanın hər yerində insanlar gündəlik həyatlarında böyük fayda və rahatlıq əldə ediblər. Allah bizə də Allahın razı qaldığı və cəmiyyət üçün faydalı insanlardan olmağı nəsib etsin. Amin!

