Türkiyədə yeni qızıl mədəni: 5 ildə 17 ton hasilat, 2,5 milyard dollar gəlir

29-08-2026, 12:08           
Türkiyədə yeni qızıl mədəni:
Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda yerləşən Mollakara Qızıl Mədəni fəaliyyətə başlayıb.

Lyihənin ölkənin qızıl istehsalını təxminən 10 faiz artıracağı, beş il ərzində isə 17 tona yaxın qızıl hasil edəcəyi gözlənilir.

“AA” xəbər verir ki, mədənin açılış mərasimində Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz iştirak edib. Onun sözlərinə görə, layihəyə 250 milyon dollar investisiya yatırılıb.

Mollakarada açıq mədən hasilatına iyunun 16-da başlanılıb, iyulun 16-da isə ilk qızıl tökmə prosesi həyata keçirilib. Bu il təxminən 1 ton, gələn il isə 3 ton qızıl istehsalı planlaşdırılır. Beş illik dövrdə ümumi hasilatın 17 tona çatdırılması nəzərdə tutulur.

Cevdet Yılmaz bildirib ki, hazırkı qızıl qiymətləri ilə hesablandıqda, layihənin beş il ərzində Türkiyənin cari balansına təxminən 2,5 milyard dollar töhfə verməsi gözlənilir. Onun sözlərinə görə, Türkiyə ildə 150 tondan çox qızıl idxal edir, ölkənin daxili qızıl istehsalı isə təxminən 30 ton təşkil edir.

Mədən tam gücü ilə fəaliyyətə keçdikdə birbaşa çalışanların sayının 265-dən 337-yə yüksələcəyi açıqlanıb. Dolayı məşğulluqla birlikdə layihənin bölgədə 1 500-2 000 yeni iş yerinə təsir göstərəcəyi, birbaşa işçilərin ən azı 81 faizinin isə yerli əhalidən seçiləcəyi bildirilib.

Yılmaz vurğulayıb ki, yerli təbii sərvətlərin hasilata cəlb edilməsi idxaldan asılılığı azaltmaqla yanaşı, ölkənin xarici ticarət balansının yaxşılaşmasına da xidmət edir. Onun sözlərinə görə, mədənçilikdə yaradılan əlavə dəyər digər bir çox sahələrlə müqayisədə daha yüksəkdir.

Mollakara layihəsinin reallaşdırılması üçün təxminən 18 il ərzində axtarış, tədqiqat, fizibilite və mühəndislik işləri aparılıb. Türkiyə rəsmiləri yeni yataqların araşdırılmasının da davam etdirildiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]