Özgür Özel və Veli Ağbabaya rüşvət ittihamı irəli sürüldü: toxunulmazlıqları ləğv ediləcək

5-08-2026, 09:28           
Özgür Özel və Veli Ağbabaya rüşvət ittihamı irəli sürüldü: toxunulmazlıqları ləğv ediləcək
Baş Prokurorluq “zəncirvari rüşvət alma” ittihamı üzrə sənəd hazırlayaraq Ədliyyə Nazirliyinə göndərib

Ankara Respublika Baş Prokurorluğu Yeni Partiyanın sədri, Manisa millət vəkili Özgür Özel və Malatya millət vəkili Veli Ağbaba barəsində “zəncirvari şəkildə rüşvət alma” ittihamı ilə aparılan istintaqların tamamlandığını açıqlayıb.

Özgür Özel haqqında istintaq

Baş Prokurorluğun məlumatına görə, Məmur və Parlamentar Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən 2026/156404 nömrəli iş çərçivəsində aparılan araşdırmada, 28-ci çağırış Manisa millət vəkili və CHP sədri Özgür Özelin “zəncirvari şəkildə rüşvət alma” cinayətini törətdiyi iddiası ilə ittiham aktı (fezleke) hazırlanıb.

Açıqlamada bildirilir ki, Özel öz nüfuz və səlahiyyətlərindən sui-istifadə edərək 31 mart 2024-cü il yerli seçkilərində Antalya Böyükşəhər bələdiyyə başqanlığına namizəd göstərilməsi məqsədilə Antalya bələdiyyə başqanı namizədi Muhittin Böcek və onun oğlu Mustafa Gökhan Böcekdən müxtəlif vaxtlarda birbaşa və ya Veli Ağbaba vasitəsilə maddi fayda əldə edib.

Həmçinin qeyd olunur ki, Özel 4–5 noyabr 2023-cü il tarixlərində keçirilən CHP qurultayında istifadə olunmaq üçün Uşak bələdiyyə başqanı Özkan Yalımdan da müxtəlif vaxtlarda maddi mənfəət əldə edib.

İstintaq çərçivəsində Özgür Özelin Türk Cinayət Məcəlləsinin 252/2, 252/1, 43/1 və 53-cü maddələri üzrə “zəncirvari şəkildə rüşvət alma” cinayətini törətdiyi qənaətinə gəlinib və Konstitusiyanın 83-cü maddəsinə əsasən toxunulmazlığının ləğvi üçün hazırlanmış sənəd Ədliyyə Nazirliyinə göndərilib.

Veli Ağbaba haqqında da ittiham hazırlanıb

Məmur və Parlamentar Cinayətləri üzrə İstintaq Bürosunun 2026/157389 nömrəli işi çərçivəsində Malatya millət vəkili Veli Ağbaba barəsində də “zəncirvari şəkildə rüşvət alma” ittihamı ilə fezleke tərtib olunub.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, Ağbaba Özgür Özelin tapşırığı ilə Antalya bələdiyyə başqanı Muhittin Böcekin oğlu Mustafa Gökhan Böcekdən, atasının namizədliyi ilə bağlı müxtəlif məbləğlərdə maddi fayda əldə edib.

Tender və seçki iddiaları

Açıqlamada həmçinin qeyd olunur ki, Veli Ağbaba Çankaya bələdiyyə başqanı üzərində təsirindən istifadə edərək məişət tullantılarının yığılması üzrə tenderin şərtlərə zidd şəkildə danışıqlar yolu ilə istədiyi şirkətə verilməsinə çalışıb və bu prosesdə maddi fayda əldə edib.

Baş Prokurorluq əlavə edib ki, Ağbaba 31 mart 2024-cü il yerli seçkilərində istifadə olunmaq məqsədilə İzmir və ətraf bölgələrdəki bələdiyyə və bələdiyyə məclisi üzvlərindən də maddi mənfəət əldə edib.

Nəticədə, Veli Ağbabanın da eyni maddələr üzrə “zəncirvari şəkildə rüşvət alma” cinayətini törətdiyi qənaətinə gəlinib və onun da deputat toxunulmazlığının ləğvi üçün hazırlanmış sənəd Ədliyyə Nazirliyinə təqdim olunub.
bestmedia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]