QAÇAQ NƏBİ VƏ HƏCƏR XANIM HAQQINDA QISA MƏLUMAT
19-08-2026, 17:24

Qaçaq Nəbi və onun həyat yoldaşı Həcər Xanım XIX əsrin ikinci yarısında Çar Rusiyasının müstəmləkə siyasətinə, yerli bəy və mülkədarların zülmünə qarşı mübarizə aparmış Azərbaycanın xalq qəhrəmanlarıdır. 1875-ci ildən başlayaraq 20 ildən çox müddət ərzində Zəngəzur, Naxçıvan, Ordubad və Təbriz bölgələrində kəndli hərəkatına rəhbərlik etmişlər. Zəngəzur qəzasının sonuncu qazısı Bəhlul Behcətin sənədlərə əsaslanan “Qaçaq Nəbinin tarixi” əsəri onlar haqqında ən mötəbər tarixi qaynaq hesab olunur.
Ailəsinin kasıblığı ucbatından muzdur verilən Nəbi, mülkədarın kəndlilərə etdiyi haqsızlığa dözməyərək üsyan etmiş və qaçaq düşmüşdür.O, dəstəsi ilə mülkədarların var-dövlətini əlindən alaraq ehtiyacı olan kəndlilərə paylamışdı.
Nəbi 1896-cı ildə çar hökuməti ilə əlbir olan qüvvələrin pusqusu nəticəsində arxadan vurularaq qətlə yetirilmişdir.
Həcər Xanım (1840–1914) Nəbi ilə çiyin-çiyinə at belində vuruşan cəsur bir döyüşçü olmuşdur.
Tarixi mənbələrdə onun atın üstündə sürətlə çaparkən belə hədəfi tam dəqiqliklə vurduğu qeyd olunur.
Nəbinin ölümündən sonra böhtanlardan qorunmaq və ailəsini müdafiə etmək üçün yaxın qohumuna ərə getmiş, 1914-cü ildə vəba xəstəliyindən vəfat etmişdir.
Uzun illər boyu geniş kütlələr və tədqiqatçılar arasında Qaçaq Nəbinin övladının olmadığı, yaxud Həcər xanımın sonrakı evliliyindən uşaqlarının olduğu barədə yanlış təsəvvürlər mövcud olub. Lakin arxiv sənədləri və onların Türkiyədəki qan qohumlarının (Mehmet Elturan) araşdırmaları, həmçinin Azərbaycandakı kötücəsi Həcər Əkbərovanın açıqlamaları nəticəsində qəhrəman cütlüyün Əhməd, Xəlil və Zeynəb adlı 3 ( üç ) övladının olduğu və onlardan böyük bir nəslin törədiyi sübuta yetirilmişdir.
1896-cı ildə Qaçaq Nəbi sui-qəsd nəticəsində xaincəsinə öldürüldükdən sonra çar hökuməti və Nəbinin düşmənləri onun nəslini kəsmək üçün uşaqlarını təqib etməyə və axtarmağa başlayırlar. Övladlarını qorumaq istəyən Həcər xanım məcburiyyət qarşısında onları bir-birindən ayırmalı olur:
Həmin dövrdə oğlan uşaqları çar hökuməti tərəfindən birbaşa ölüm və ya həbs təhlükəsi altında idilər. Bu səbəbdən Həcər xanım etibarlı qohumlarının köməyi ilə böyük oğlanları Əhməd və Xəlili Ağrı dağdan keçirərək Türkiyənin Qars bölgəsinə göndərir. Onlar ömürlərinin qalan hissəsini Türkiyədə mühacirətdə yaşamış və orada ailə qurmuşlar. Bu gün Nəbi nəslinin ən böyük qolu məhz böyük oğlu Xəlilin xətti ilə Türkiyədə davam edir. []
Zeynəb atasının ölümündə çox azyaşlı (körpə) olduğu üçün anası Həcər xanımın yanında qalır. Həcər xanım həm dul qadın statusundan yaranan təhlükələrdən, həm də düşmənlərin böhtanlarından qızını və özünü qorumaq üçün Aşağı Mollu kəndində Həmzə adlı yaxın bir qohumu ilə ailə qurur. Zeynəb Qubadlıda böyüyüb boya-başa çatır, lakin gənc yaşlarında, özü körpə uşaq sahibi ikən erkən dünyasını dəyişir.
Hazırda Qaçaq Nəbi və Həcər xanımın nəsil davamçıları həm Türkiyədə (Qars, İğdır və s.), həm də Azərbaycanda yaşamaqdadırlar.
Qeyd : 1. Daha ətraflı məlumat üçün bax : Filologiya üzrə fəlsəfə doktoru
Adilə Nəzərova “ TARİXİ MƏNBƏLƏR DANIŞIR: Qaçaq Nəbi və Həcər xanıma atılan böhtanlara tarixi cavab “ .
https://simalregion.az/.../tarixi-menbeler-danisir-qacaq...
Qeyd : 2. Qaçaq Nəbi və Həcər xanımın XIX əsrə aid orijinal, real fotoları (şəkilləri) günümüzə qədər gəlib çatmamışdır.
Onların yaşadığı dövrdə (XIX əsrin ikinci yarısı) fəaliyyət göstərən dövlət arxivlərində, çar xəfiyyə sənədlərində və ya ailə sandıqlarında qəhrəman cütlüyün hər hansı təsdiq olunmuş orijinal fotoşəkili yoxdur. Zaman-zaman sosial şəbəkələrdə və bəzi saytlarda "Qaçaq Nəbinin yeganə şəkli" adı ilə paylaşılan köhnə ağ-qara fotoların heç biri tarixi sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin dövrün mühacirət qeydlərində və arxivlərində aparılan araşdırmalar da bu fotoların uydurma və ya fərqli şəxslərə (məsələn, digər bölgələrin qaçaqlarına və ya gənc mühacirlərə) məxsus olduğunu göstərir.
Bu şəkil də onlardan biridir.
Aydın Mədət oğlu Qasımlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

