"Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərmişdir.
19-08-2026, 10:04

Alim əsərin nəşri ilə yanaşı onun tədqiqi və təhlili ilə də ciddi məşğul olmuşdur. O, türk xalqlarının müştərək eposu olan "Kitabi-Dədə Qorduq"da dil, üslub, hadisələrin cərəyan etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırmış, dastanda çətin anlaşılan müasir Azərbaycan dilindən çıxmış bir çox kəlmələrin folklor və klassik şairlərin əsərlərində işlənməsini bədii nümunələrlə təsdiq edərək abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərmişdir. Böyük əmək sərf etdiyi bu abidə ilə bağlı axtarışlarını sonralar da davam etdirərək 1962 və 1978-ci illər nəşrlərində bəzi təshihlərlə daha da təkmilləşdirmişdir.
H.Araslının 1956-cı ildə nəşr edilmiş "XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi" əsəri də Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətlərindən biri kimi dəyərləndirilir. O bu əsərində Azərbaycan ədəbiyyatının az öyrənilmiş və bu səbəbdən də doğru səciyyələndirilməyib tənəzzül mərhələsi kimi anlaşılan həmin yüzillikləri ilkin mənbələr əsasında araşdıraraq onun əsas mahiyyətini müəyyənləşdirmişdir. İlk dəfə üzə çıxardığı ayrı-ayrı əlyazmalara istinad etməklə dövrün ədəbi-mədəni mənzərəsini ətraflı işıqlandırmış, qaranlıq olan bəzi məsələlərə aydınlıq gətirmiş, oxuculara məlum olmayan və ya az tanınan ədəbi simalar – Əmani, Fədai, Kişvəri, Saib Təbrizi, Qövsi Təbrizi, Tərzi Avşar, Nişat Şirvani, Məhcur Şirvani haqqında ətraflı məlumat vermişdir.
H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, Azərbaycan şifahi xalq ədəbiyyatı və folklorunun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" kitabı və "Aşıq yaradıcılığı" əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" və "Koroğlu" eposu haqqında orijinal elmi mülahizələr söyləmişdir.
Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Azərbaycan ədəbiyyatı və klassikləri ilə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin tədqiqatların müəllifi kimi də məşhurlaşmışdır.
H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. Azərbaycanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olmuşdur. 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.
H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.
Vusale Memmedli

