Jane Street iyulda süni intellekt səhmlərinin ucuzlaşması fonunda 15 milyard dollar itirib

17-08-2026, 17:44           
Jane Street iyulda süni intellekt səhmlərinin ucuzlaşması fonunda 15 milyard dollar itirib
ABŞ-ın aparıcı treydinq şirkətlərindən biri olan Jane Street iyul ayında süni intellekt yönümlü investisiyalar və texnologiya səhmlərindəki kəskin ucuzlaşma səbəbilə 15 milyard dollar itki ilə üzləşib.

Reuters-in iki mənbəyə və şirkət daxilində əməkdaşlara göndərilən qeydə istinadən yaydığı məlumata görə, itkinin əsas səbəblərindən biri süni intellektə fokuslanan Situational Awareness hedc-fonduna qoyulan investisiyanın dəyərinin kəskin azalması olub.

Situational Awareness şirkətin ilk yarısında yaxşı nəticələr göstərərək Jane Street-in portfelində böyük paya sahib olub. Lakin iyul ayında süni intellekt şirkətlərinin səhmlərində başlayan kəskin eniş fondun ciddi itki ilə üzləşməsinə səbəb olub. Fondun rəhbəri “OpenAI”nin keçmiş tədqiqatçısı Leopold Aschenbrennerdir.

Jane Street əməkdaşlarına göndərdiyi qeyddə iyulu şirkət üçün “pis ay” kimi qiymətləndirib. Şirkət bildirib ki, süni intellekt səhmlərindəki itkilər ay ərzində tədricən baş verdiyindən, kəskin enişlərə qarşı istifadə olunan qısamüddətli hedcinq alətləri gözlənilən qorumanı təmin etməyib.

Şirkət həmçinin Asiya bazarlarında süni intellekt sektoruna aid olmayan səhmlər üzrə uzun mövqelərindən də zərər görüb. Jane Street-in məlumatına görə, bəzi iri yaddaş və yarımkeçirici şirkətlərin səhmləri iyul ayında təxminən 50% ucuzlaşıb.

İyul itkisi nəticəsində Jane Street 2016-cı ildən bəri ilk dəfə aylıq ticarət gəlirində mənfi nəticə göstərib. Şirkətin ticarət gəliri iyunun sonunda qeydə alınan pik səviyyə ilə müqayisədə təxminən 25% azalıb.

Bununla belə, şirkət ilin əvvəlindən 40 milyard dollardan çox ticarət gəliri əldə edib. Bu məbləğ Jane Street-in 2025-ci ilin tamamında əldə etdiyi 39,6 milyard dollarlıq ticarət gəlirini də üstələyir.

Təxminən 3 500 əməkdaşı olan Jane Street 2000-ci ildə fəaliyyətə başlayıb. Şirkət səhmlər, istiqrazlar, opsionlar, əmtəələr, valyutalar və birja fondları da daxil olmaqla müxtəlif maliyyə alətləri üzrə alqı-satqı həyata keçirir.

İyulda baş verən itkilərdən sonra şirkət risk siyasətini sərtləşdirib. Jane Street bir sıra riskli mövqeləri bağladığını və digər strategiyalar üzrə də risk götürməsini azaltdığını bildirib.

Şirkətin rəhbərliyi qeyd edib ki, hazırkı mövqelər şirkətin mövcud risk toleransına uyğundur. Eyni zamanda, bazarlarda ticarət həcmlərinin yüksək olaraq qaldığını və bəzi qısamüddətli ticarət strategiyalarının əvvəlkindən daha gəlirli olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]