Aviasiyanın dünya iqtisadiyyatına töhfəsi 4,1 trilyon dollara çatıb

14-08-2026, 15:24           
Aviasiyanın dünya iqtisadiyyatına töhfəsi 4,1 trilyon dollara çatıb
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) qlobal aviasiya ekosisteminin dünya iqtisadiyyatına 4,1 trilyon dollar töhfə verdiyini açıqlayıb.

Valyuta.az xəbər verir ki, IATA-nın 2026-cı il üzrə İllik İcmal Hesabatına əsasən, qlobal aviasiya sektoru sərnişin və yük daşımalarında artım nümayiş etdirməklə yanaşı, dünya iqtisadiyyatına verdiyi töhfəni də artırır.

Hesabata görə, aviasiya ekosistemi birbaşa və dolayı şəkildə dünyada 86,5 milyon insanın məşğulluğunu təmin edir. 2026-cı ildə aviaşirkətlərin təxminən 5,2 milyard sərnişinə xidmət göstərəcəyi, hava yolu ilə daşınan yüklərin həcminin isə 71,6 milyon tona çatacağı proqnozlaşdırılır.

Bildirilir ki, hər il hava nəqliyyatı vasitəsilə təxminən 8 trilyon dollar dəyərində məhsul daşınır. Qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 3,9 faizi aviasiya sektorunun fəaliyyəti ilə dəstəklənir.

Hesabatda qlobal sərnişin daşımalarında artımın davam etdiyi də qeyd olunub. Belə ki, 2025-ci ildə sərnişin trafiki əvvəlki illə müqayisədə 5,7 faiz artıb.

IATA aviasiyanın ən təhlükəsiz nəqliyyat növlərindən biri olaraq qaldığını bildirir. Dünyada hər il təxminən 40 milyon uçuş həyata keçirildiyindən hətta bir aviasiya qəzasının belə qlobal təhlükəsizlik statistikasına təsir göstərə bildiyi vurğulanır.

Bununla yanaşı, sektorun qarşısında bir sıra problemlər qalmaqdadır. Geosiyasi proseslər, təchizat zəncirində yaranan fasilələr, təyyarələrin təhvil verilməsində gecikmələr və dayanıqlı aviasiya yanacağının (SAF) istehsalının artırılması əsas çağırışlar sırasında göstərilir.

Aviasiya sektorunun 2050-ci ilədək xalis sıfır karbon emissiyası hədəfinə çatması üçün ildə təxminən 500 milyon ton dayanıqlı aviasiya yanacağına ehtiyac olacağı bildirilir. Bu səbəbdən SAF istehsalının genişləndirilməsi sektor üçün mühüm əhəmiyyət daşıyır.

ABŞ 1,3 trilyon dollarla liderdir

ABŞ 1,3 trilyon dollarlıq göstərici ilə siyahıda birinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə 253,6 milyard dollarla Çin və 172,9 milyard dollarla İspaniya yer alıb.

İlk onluğa, həmçinin 160,7 milyard dollarla Böyük Britaniya, 144,7 milyard dollarla Fransa, 142,7 milyard dollarla Almaniya, 116,4 milyard dollarla Yaponiya, 103,6 milyard dollarla İtaliya, 92 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri və 90,6 milyard dollarla Səudiyyə Ərəbistanı daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]