Çinin maqnit qatarının prototipi təyyarə sürətinə çataraq rekord müəyyənləşdirdi
13-08-2026, 09:34

1110 kiloqram ağırlığında maqnit qatarının nümayiş prototipi cəmi 5,3 saniyəyə 800 km/saat sürətə çatıb. Sınaqlar Çinin Hubey əyalətində uzunluğu 1 kilometr olan xüsusi trasda keçirilib.
Valyuta.az xəbər verir ki, bu barədə “CGTN” məlumat yayıb.
Bu, son altı ay ərzində sınaq platformasının qısa məsafədə maqnit qatarının sürətlənməsi üzrə yeni dünya rekordu müəyyənləşdirdiyi artıq üçüncü sınaq olub. Testlər göstərib ki, son dərəcə yüksək sürətə çatmaq idarəolunan əyləcləməyə mane olmur. Sürətləndikdən sonra qatar 200 metrdən az məsafədə rəvan şəkildə dayanıb.
Sınaqlar bir sıra əsas texnologiyaları, o cümlədən keçid rejimlərində yüksək gücün ötürülməsini, elektromaqnit dartısını, yüksək sürətlərdə levitasiyanın idarə olunmasını, dəqiq mövqeləndirməni və fövqəladə əyləcləməni yoxlamağa imkan verib.
Adi qatardan fərqli olaraq, eksperimental qurğu relslər üzərində hərəkət etmək üçün təkərlərdən istifadə etmir. O, maqnitlər vasitəsilə hərəkət edir və bu da sürtünməni aradan qaldırır. Elektromaqnit dalğası isə qurğunu “nəhəng sapand” kimi irəli itələyir.
Tras yüksək dəqiqliklə düzləndirilib və ondan yayınma 0,5 millimetrdən çox deyil. Bu texnologiyanın yalnız nəqliyyat məqsədləri üçün deyil, həm də raketlərin və qırıcı təyyarələrin buraxılması üçün istifadə edilə biləcəyi ehtimal olunur.
Belə nəqliyyat konsepsiyası çoxdan mövcud olsa da, onun genişmiqyaslı inkişafına texniki və iqtisadi amillər mane olub. Hazırda maqlev mövcud nəqliyyat infrastrukturundan istifadə edə bilmir. Bununla belə, adi dəmir yolu relsləri arasında və ya birbaşa yol örtüyünün altında maqnit elementlərinin yerləşdirilməsini nəzərdə tutan layihələr hazırlanır.

