Qaşqaylar başqa bir türk milləti deyillər, elə bizim xalqımızın bir parçasıdılar.
15-09-2026, 08:04

Qaşqayların Azərbaycan türkcəsinin ləhcələrindən birində danışdığı heç kimə sirr deyil. Onların zəngin folklorunda doğma yurdlarına duyulan həsrət aydın şəkildə öz əksini tapıb. Ən məşhur qaşqay mahnılarından biri olan "Bu yol gedir Təbrizə"də elə bu nisgildən bəhs olunur:
Bu yol gedir Təbrizə,
Qənati rizə-rizə,
Allah, bizə yol ver,
Biz varaq ölkəmizə.
Tarixçilərin də qaşqayların mənşəyi və köç yolları barədə təqdim etdiyi faktlar olduqca maraqlıdır. Məşhur tarixçi V.Berar "İran və İrandakı qarışıqlıqlar" kitabında yazır: "Rəvayətə görə, monqol Hülakü xan tərəfindən Qaşqardan bura gətirilmiş bu sarıbəniz türk mənşəli köçərilər və Səfəvilərin Azərbaycandan köçürdüyü digər turanlıların sayı, yəqin ki, 100 min nəfərə çatır. Onlar Yəzd ilə Farsistanın dağ gölləri arasında köçəri həyat sürürlər."
P.Oberlinq "Cənubi İranın türk xalqları" əsərində adın Qaşqar və ya Səmərqənddəki Qaşqadərya ilə bağlanmasını linqvistik baxımdan əsassız sayır: "Əgər bu ad coğrafi mənşəlidirsə, onun Azərbaycanda, Əhərin cənubundakı Qaşqadağdan götürülməsi ehtimalı daha böyükdür. Bu dağ əsrlər boyu türk tayfalarının (məsələn, Şahsevənlərin) yaylağı olmuş Savalan silsiləsinin bir hissəsidir. Həmçinin, Xoy yaxınlığında Qaşqabulaq adlı kənd var."
Oberlinq əlavə edir ki, qaşqaylar lur, kürd, ərəb və türk mənşəli klanların qarışığından ibarət olsalar da, əsas kütlə türk mənşəlidir və özlərinin "türki" adlandırdıqları qərb-oğuz ləhcəsində danışırlar. Səlcuqlar dövründə bölgəyə gələn bu xalq Farsa köçməzdən əvvəl İranın şimal-qərbində yaşayıb. Yaxın vaxtlara qədər onların arasında yer alan "Muğanlı" tayfasının adı da birbaşa Ərdəbildən şimaldakı Muğan düzü ilə bağlıdır. Məhz buna görə qaşqaylar tez-tez Ərdəbili öz doğma vətənləri adlandırırlar.
Tarixçi M.S.İvanovun məlumatına görə, qaşqay elxanının qardaşı Məlik Mansur onların XIII əsrdə Qafqaz dağlarının ətəklərində məskunlaşdıqlarını və bir neçə əsr Ərdəbil bölgəsində yaşadıqlarını qeyd edib. Özlərini Ağqoyunlu tayfalarının varisləri hesab edən qaşqaylar XVI əsrin birinci yarısında Səfəvi şahı I İsmayıl tərəfindən portuqalların hücumlarının qarşısını almaq məqsədilə Fars əyalətinə köçürülüblər.
Самир Агаяр

