"Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi"
11-09-2026, 17:54

⚡"İsmayıl Səfəvi öz dövründə bütün dünyanı şöhrətinin sədası ilə doldurmuşdu. O, parlaq, nurlu və hökmdarlara xas əzəmətli çöhrəsi ilə öz xalqı arasında belə, özündən daha heyrətamiz və daha vüqarlı görünürdü.
O, böyük Uzun Həsən padşahın qızından olan nəvəsi, Heydərin oğlu idi. Heydərə “Hardueli” ləqəbi verilmişdi. İsmayıl gənclik çağında gizli və qapalı şəraitdə böyümüşdü. Buna baxmayaraq, gözəl çöhrəsi ilə bütün yaşıdlarını geridə qoyurdu.
Yetkinlik yaşına çatdıqda isə möhkəm və qüvvətli bədən quruluşu, at çapmaq və ox atmaq məharəti ilə bütün döyüşçülərdən üstün oldu.
Yaşı artdıqca dövlət işlərinin incəliklərini və hərb sənətinin sirlərini mənimsəməkdə o qədər yüksəldi ki, bütün ömrü boyu qazandığı ucalıq adi insan ölçüsünü aşır, onu sanki fani insandan daha çox ilahi bir varlığa yaxın göstərirdi. Buna görə də ona fövqəladə ehtiramla yanaşılırdı.
Onun müharibələrdə gördüyü işlər həqiqətən heyrətamiz idi: həm qazandığı qələbələrin çoxluğu, həm bu qələbələrin miqyası, həm də zəfərdən-zəfərə ardıcıl və uğurlu bir sürətlə irəliləməsi baxımından.
Həqiqətən də, heç bir silahlı qüvvə Səfəvilərin gücünə tab gətirə bilmirdi.
Nəhayət, İsmayıl şöhrətinin zirvəsində, ətrafındakı düşmənləri məğlub edib hər tərəfdə sülh və sakitlik yaratdığı bir vaxtda, qırx dörd yaşında (bir çox mənbədə 36 yaşında - red.), qarşıda daha uzun bir ömrün olduğuna böyük ümid bəslədiyi çağında ağır bir ov zamanı tutduğu ölümcül xəstəlikdən bir neçə gün içində həyatını itirdi.
Paolo Giovio, "Elogia virorum bellica virtute illustrium" ("Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi"), 1551-ci il.
İstinad: Milli Kimlik
Foto:Azerbaycan Tarixi

