Biletlərdə kəskin BAHALAŞMA - Bakıdan Moskva, İstanbul, Tbilisiyə neçəyə getmək olar?
16-12-2022, 11:30

Yeni il ərəfəsində vətəndaşlarımız istirahət planı qurur.
Bəziləri bayramı regionlarda, bəziləri isə ölkə xaricində keçirməyi üstün tutur. 2020-ci ildə pandemiya səbəbilə ölkələrarası gediş-gəliş ləğv edilmişdi. Sonradan koronavirusa yoluxma halları azaldığı üçün yenidən gediş-gəliş bərpa olundu. Hələlik Azərbaycanda pandemiya səbəbilə quru sərhədlərlə səyahət məhdudiyyəti tətbiq edildiyi üçün insanlar tətili xaricdə keçirmək istəyini yalnız hava yolundan istifadə etməklə həyata keçirə bilərlər.
TEREF.AZ-ın məlumatına görə, Cebhe.info bayram ərəfəsində xarici ölkələrə səfərlər üçün təyyarə biletlərini araşdırıb, təqdim edir:
Araşdırma uçuşunu iş həftəsinin son gününə saxlayanlar və tək istirahət planlayan üçündür. Dekabrın 29-u Bakıdan İstanbula getmək istəyən şəxslər 451 manat biletə pul verməli olacaqlar. Bu qiymət ekonom və baqajsız qiymətdir. Qeyd edək ki, qiymətlər səhər və axşam saatlarına görə dəyişir. Həmin gün axşam gedişi isə 523 manatdır.
Qonşu Gürcüstanın paytaxtı Tbilisiyə gedənlər 28 dekabr səyahəti üçün 350 manat , axşam saatları üçünsə 574 manatdır.
Yeni ili Moskvada keçirmək, Moskvadakı bayram karnavallarında iştirak etmək üçün 458 manat ödəmək lazım gələcək. Qeyd edilən qiymət 29 dekabr tarixi üçün keçərlidir.
29 dekabr tarixi üçün Fərqanə şəhərinə bilet qiyməti 346 manatdır.
Səyahət planında Praqanı nəzərdə tutanlar üçün yalnız 26 və 30 dekabr tarixlərində uçuş mövcuddur. Müvafiq olaraq bilet qiymətləri 513 və 603 manat təşkil edir. Avropa ölkələrinə də bilet qiymətləri qonşu ölkələrin qiymətindən az fərqlənir. Nümunə üçün Almaniyanın paytaxtı Berlini seçdik. 27 dekabrda Berlinə uçmaq istəyənlər 535 manatlarından keçməli olacaqlar. Daha çox tətillərdə azərbaycanlıların getdiyi şəhər Dubaydır. Soyuq qış günündə istinin dadını çıxarmaq istəyib Ərəb Əmirliklərinə gedənlər 29 dekabrdakı bilet üçün 551 manat ödəyəcəklər.
Bundan başqa, İsrailin paytaxtı Tel-Əvivin də dekabr ayı üçün bilet qiymətlərini araşdırdıq. Dekabrda Tel-Əvivə əsasən biznes uçuşları mövcuddur. Biznes uçuşlarının qiyməti 1200 manatdan başlayır. Sadə sərnişin uçuşu 22 dekabrda həyata keçirilir və qiyməti 55 manatdır.
Qeyd edək ki, bu qiymətlər bir nəfərlik və bir istiqamət üçün hesablanmış qiymətlərdir.

