Gəncə Texnologiya Universitetində Korrupsiya İddiaları: Milyonluq Ziyan, Tələbələrdən Yığılan Pullar və Səs Yazısı Şoku
Bu gün, 10:18

Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, səlahiyyətlərini aşması və qulluq mövqeyindən qanunsuz məqsədlərlə istifadə etməsi barədə redaksiyamıza ciddi iddialar və əsaslar mövcud olması haqda məlumatlar daxil olmaqdadır.
Daha əvvəl də rektorun maliyyə pozuntuları, əsassız pul tələbləri və qadın əməkdaşa qarşı kobud rəftarı barədə müraciətlər edilsə də, həmin faktlar yenidən aktuallıq qazanır və yeni qanunsuz hallar diqqətə çatdırılır. Qeyd edək ki, rektorun Elm və Təhsil Nazirliyində yüksəkvəzifəli şəxslərə yaxın olduğu iddia edilir. Məhz bu səbəbdən nazirliyə ünvanlanan şikayətlərin ya araşdırılmadığı, ya da araşdırılsa belə nəticənin rektorun xeyrinə dəyişdirildiyi bildirilir. Buna görə də müraciət bilavasitə hüquq-mühafizə və dövlət qurumlarına ünvanlanır.
Kadr Siyasətində Qanunsuzluqlar
İddialara görə, rektor maliyyə pozuntularına görə əvvəllər cinayət işi açılmış və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində təsdiqini taparaq işdən azad edilmiş şəxsləri universitetdə yüksək vəzifələrə təyin edib. Bu şəxslərdən üçü kollec direktoru təyin olunub.
Müşavirlərdən biri 2015-ci ildə maliyyə pozuntusuna yol verdiyinə görə Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə işdən azad edilib.
Digərləri isə işlərindəki ciddi nöqsanlara görə əvvəlki vəzifələrindən uzaqlaşdırılan şəxslərdir.
Bundan əlavə, Bakıdan gətirilən və yüksək əməkhaqqı ilə müxtəlif vəzifələrə təyin olunan kadrların da fəaliyyətində ciddi nöqsanların olduğu bildirilir. Bütün bunlar universitetin qanunlarla deyil, şəxsi maraqlar əsasında idarə olunduğunu göstərir.
Tələbələrdən Əsassız Pul Tələbləri
Cari ildə məzun olan tələbələrdən aşağıdakı məbləğlərdə qanunsuz pul yığıldığı iddia olunur:
Diplom işi üçün: 500, 600 və 800 manat;
Diplom müdafiəsi üçün: 800–1000 manat;
Təcrübə və karyera (praktika) üçün: 1500–2000 manat.
Tələbələrdən diplom işi, diplom müdafiəsi, praktika və imtahanlar üçün toplanan pulların Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının sədrlərinin, eləcə də üzvlərinin adına açılmış Kapital Bank ("Birbank") kartlarına köçürüldüyü bildirilir. Bu köçürmələrə prorektor Şahmar Həsənovun nəzarət etdiyi və vəsaitlərin məhz onun vasitəsilə rektora çatdırıldığı qeyd olunur. Hər il diplom işi, müdafiə, praktika və imtahan dövrlərində oxşar halların təkrarlandığına dair faktlar mövcuddur.
Maliyyə Pozuntuları və Milyonluq Ziyan
Maliyyə Nazirliyinin audit yoxlaması nəticəsində universitetdə külli miqdarda maliyyə pozuntusu aşkar edilib. Nazirliyin məktubu əsasında Gəncə Şəhər Prokurorluğunda maliyyə pozuntusu və mənimsəmə maddəsi ilə cinayət işi başlanılıb, ümumi zərərin məbləği 1 milyon 500 min manat göstərilib.
Prokurorluğun dəyən ziyanın ödənilməsini rektorun öhdəliyinə qoyduğu bildirilir. Bundan dərhal sonra rektorun müəllim kollektivindən hər birindən 500 manat olmaqla pul yığılmasını tələb etdiyi və bunu dekanların, kafedra və şöbə müdirlərinin öhdəliyinə verdiyi iddia olunur. Bu barədə Xarici Dillər kafedrasının müdiri Aysel Məmmədlinin müəllimlərdən pul tələb etdiyinə dair WhatsApp səs yazısı sosial şəbəkələrdə yayılıb.
Həmkarlar İttifaqı Vəsaitlərinin Mənimsənilməsi
Universitetin Müəllim Həmkarlar İttifaqı büdcəsinə yığılan vəsaitlərin on illərdir mənimsənildiyi, müəllimlərə və texniki işçilərə heç bir maddi yardım verilmədiyi vurğulanır. Həmin vəsaitlərin hər ay rektor tərəfindən mənimsənildiyi iddia olunur. Tələbə Həmkarlar İttifaqına yığılan pullarla bağlı da oxşar qanunsuz hallar mövcuddur.
Akkreditasiya Nəticəsi: "Uyğun Deyil"
Təhsil Nazirliyinin Akkreditasiya Şurasının iclasında Gəncə Texnologiya Universitetinin institusional akkreditasiyasının yekun nəticəsi "uyğun deyil" kimi qiymətləndirilib. Professor-dosent heyətinin azlığı, tələbələrin bilik səviyyəsinin aşağı olması və idarəçiliyin tədris planlarına uyğun gəlməməsi bu mənfi nəticənin əsas səbəbləri kimi göstərilir.
Gundemxebertv.com

