ABŞ-da noyabrın 3-də keçiriləcək Senat seçkilərinin xəritəsi.

Bu gün, 10:44           
ABŞ-da noyabrın 3-də keçiriləcək Senat seçkilərinin xəritəsi.
ABŞ-da noyabrın 3-də keçiriləcək Senat seçkilərinin xəritəsi. Qırmızı rəngdə olan ştatlarda hazırda kadensiyası başa çatan senator respublikaçı, göy rəngdə olan ştatlarda isə demokratdır.
Həmin gün Konqresin aşağı palatası - Nümayəndələr Palatası da tam tərkibdə yenidən seçiləcək. Amma bu seçkinin intriqası qalmayıb - demokratların NP-da dörd il əvvəl itirdikləri çoxluğu qaytaracaqları şübhə doğurmur.
Senatda əhalisindən asılı olmayaraq hər ştatı iki senator təmsil edir. İki ildən bir keçirilən seçkilərdə Senatın üçdə bir hissəsi seçilir. Hər senatorun səlahiyyət müddəti 6 ildir.
Senatorlar I, II, III siniflərə bölünürlər. Bu bölgü hansısa üstünlük və ya handikap ifadə etmir. Sadəcə seçkilərin ardıcıllığını bildirir. Bu il II sinif senatorlar seçiləcəklər.
Bir ştatı təmsil edən senatorlar eyni sinifdə olmurlar. Başqa sözlə, əgər ölüm, başqa vəzifəyə keçmək və s. kimi fors-major hadisə baş verməyibsə, bir ştatda iki senator eyni vaxtda seçilmir.
Bu il 33 ştatda Senata müntəzəm (növbəti) seçkilər keçiriləcək. Bundan əlavə, vitse-prezident və dövlət katibi vəzifələrini tutduqlarına görə Senatı tərk edən Vens və Rubionun yerinə də Ohayo və Floridada xüsusi (növbədənkənar) seçkilər baş tutacaq. Onların hər ikisi III sinif senatorlar idi. Başqa sözlə, yerlərinə seçilənlərin kadensiyası cəmi iki ildir.
Seçkiyə çıxarılan 35 mandatın 22-i respublikaçılara, 13-ü isə demokratlara məxsusdur. Hazırda Senatda üstünlük 53 yerlə respublikaçıların tərəfindədir. Demokratların 45+2 mandatı var (iki müstəqil onlarla birlikdə səs verir).
Demokratlar 2 il əvvəl itirdikləri Senat çoxluğunu qaytarmaq üçün ən azı 17 ştatda qalib gəlib 51 yerə sahib olmalıdırlar. Respublikaçıları 50 yer də təmin edir, çünki səslər bərabər olanda vitse-prezident də səs verir. O isə, bildiyiniz kimi, respublikaçıdır.
Hazırda 28 ştatda seçkilərin nəticələri şübhə doğurmur və onlarda mübarizə, demək olar, dayanıb. Partiyalar bütün resurslarını tərəddüd edən yeddi ştata yönəldiblər: Alyaska, Ayova, Kanzas, Men, Miçiqan, Ohayo və Texas.
Bu ştatların altısında respublikaçılar, birində isə demokratlar öz mandatlarını qoruyurlar. Demokratlara 5 ştatda qələbə lazımdır. Sorğular 6 ştatda demokratların ciddi və ya cüzi üstünlüyünün olduğunu göstərir. Yalnız Ayovada şanslar bərabər sayılır və ya respublikaçı namizədə cüzi üstünlük verilir.
Onu deyim ki, Kanzasda son dəfə demokrat senator 94 il əvvəl, 1932-ci ildə keçirilib.
Demokratlar hər iki palatada çoxluğu qazansalar, Donald Tramp prezidentliyinin son iki ilində “topal ördəyə” çevriləcək. Amma buna görə özündən başqa heç kimi qınamamalıdır.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]