“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində silahlı qarşıdurma – Ölən var
Bu gün, 11:16

DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.
TEREF Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülüb.
“Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

