"Rusiya Ukraynada qalib gələrsə, dünya xaosla üzləşə bilər"

Bu gün, 11:24           
"Rusiya Ukraynada qalib gələrsə, dünya xaosla üzləşə bilər"
ABŞ-ın ən böyük bankının direktoru Ceymi Daymon.
JPMorgan-ın baş icraçı direktoru Ceymi Daymon xəbərdarlıq edir ki, Rusiyanın Ukraynada qələbəsi qlobal ittifaqları sarsıda, dünya iqtisadiyyatını yenidən formalaşdıra və dövlətləri Amerikaya hələ də güvənib-güvənə bilməyəcəkləri barədə düşünməyə vadar edə bilər.
Rusiyanın Ukraynadakı qələbəsinin qlobal iqtisadiyyat üçün nə demək olacağı ilə bağlı suala Daymon belə cavab verib:
“Bu, potensial bir fəlakət ola bilər.
Bu, Avropada baş verən elə bir müharibədir ki, burada azad, demokratik bir dövlət nüvə şantajı təhdidi altında 200 000 və ya 300 000 rus əsgəri tərəfindən işğal edilib.
Əvvəllər heç vaxt nüvə şantajı ilə üzləşməmişdik.
Həmçinin, bununla bütün dünyaya belə bir mesaj verilir ki, nüvə silahına sahib olmaq, bəlkə də, heç də pis fikir deyil; çünki insanlar sizdən qorxacaq və siz də istədiyiniz vaxt qonşu ölkəyə qarşı zorakılıq edə biləcəksiniz.
Rusiya NATO sərhədlərinə gəlib çıxacaq. Aydındır ki, NATO hazırda yenidən silahlanır.
Bundan əlavə, bu vəziyyət bütün ittifaqlara – həm hərbi, həm də qlobal iqtisadi ittifaqlara təsir göstərir.
İran, Şimali Koreya və Çin arasındakı əlaqələr isə, mənim fikrimcə, Çin-ABŞ münasibətlərini olduqca çətinləşdirir.
Çin neytral olduğunu iddia etsə də, əslində (Rusiyaya) dəstək verir. Biz isə, şübhəsiz ki, neytral deyilik.
Əgər Rusiya qalib gələrsə, bir çoxları özlərinə belə bir sual verə bilər: Amerika Avropanı müdafiə edəcəkmi? Onlara güvənmək olarmı? Və əgər güvənmək mümkün deyilsə, o zaman nə etmək lazımdır?
Bu, iqtisadi məsələlərə də aiddir.
Hər bir dövlət özünə sual verəcək: Mənim təhlükəsizliyimi nə təmin edir? Enerji, ərzaq və ehtiyac duyduğum digər bütün resurslar.
Narahatam ki, Rusiya qalib gələrsə, dünya müəyyən dərəcədə xaosla üzləşə bilər; çünki dövlətlər öz ittifaqlarını və iqtisadi əlaqələrini yenidən qurmağa məcbur olacaqlar.”
JP Morgan ABŞ-ın ən böyük bankıdır.Bankın aktivləri 4.4 trilyon dollardır.
azadlıq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]