Şuşanın alınmazlıq sirri necə yarandı?- İki böyük mühasirənin hərbi DƏRSLƏRİ (I YAZI)

Bu gün, 12:17           
Şuşanın alınmazlıq sirri necə yarandı?-
...Hər bir qala öz tarixini divarlarının hündürlüyü ilə deyil, üzərinə gələn orduların geri dönüş səbəbləri ilə yazır. Şuşa qalasının hərb tarixi də məhz bu ölçü ilə oxunmalıdır, çünki 1752-ci ildən 2020-ci ilə qədər uzanan iki əsr yarımlıq dövrdə bu yaylanın üstünə gələn hər bir sərkərdə əvvəlcə relyeflə, sonra zamanla, yalnız ən sonda müdafiəçilərin özü ilə döyüşmək məcburiyyətində qalıb. Şuşanı Qafqazın digər qala-şəhərlərindən fərqləndirən cəhət də budur. Dərbənd, Gəncə, İrəvan və Tiflis öz dövrlərində dəfələrlə klassik mühasirə ilə alınıb, divarları toplarla dağıdılıb, qarnizonları aclıqla təslim edilib. Şuşa isə iki əsr yarımlıq tarixi boyunca bir dəfə də olsun bu üsulla alınmayıb. Qala əldən yalnız üç halda gedib və bu üç halın heç biri mühasirə deyildi. 1797-ci ildə qapı içəridən açıldı, 1992-ci ildə müdafiə sistemi daxili xaos şəraitində hücum qarşısında dağıldı, 2020-ci ildə isə Azərbaycan Ordusu şəhəri hərb tarixində bənzəri olmayan bir üsulla, iki əsr yarım ərzində hər sərkərdənin keçilməz hesab etdiyi sıldırım qayalardan dırmaşaraq, əlbəyaxa döyüşlə azad etdi. Beləliklə, Şuşa divarının qarşısında dayanan və onu üzbəüz döyüşdə alan yeganə qüvvə Azərbaycan Ordusu olub. Bu faktın özü qalanın yerinin seçilməsində hansı hərbi düşüncənin işlədiyini və 2020-ci ildə bu düşüncəni yalnız onun öz sahiblərinin aşa bildiyini göstərir.
...Şuşanın strateji dəyəri onun müdafiə qabiliyyəti ilə bitmirdi. Yayla Qarabağ xanlığının dağlıq və düzənlik hissələrinin qovşağında yerləşirdi və buradan həm Arazboyu qışlaqlara, həm Gəncə istiqamətinə, həm də Zəngəzur vasitəsilə Naxçıvan və İrəvan yollarına nəzarət mümkün idi. Düşmən ordusu Şuşanı arxada qoyaraq xanlığın digər ərazilərinə irəliləyə bilməzdi, çünki qaladan çıxan süvari dəstələri onun təchizat yollarını və geri çəkilmə xəttini daim təhdid altında saxlayırdı. Düşmən Şuşanı mühasirəyə alıb orada dayandıqda isə xanlığın köçəri elləri dağların digər tərəfinə çəkilir, ordu isə boş qalan düzənlikdə heç bir qənimət və ərzaq tapa bilmirdi. Beləliklə, Şuşa Qarabağ hərbi teatrının bütün hərəkət xətlərini öz ətrafında düyünləyirdi və bu düyünü açmadan heç bir ordu Qarabağda qala bilməzdi.
Şahin Qocayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]