Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq.
31-08-2026, 00:02

Söhbət, əlbəttə, Xəlil Paşa Kutdan gedir.
Məlum olduğu kimi, Xəlil Paşa Kut Nuru Paşa və Ənvər Paşanın əmisidir.
Ancaq təəssüf ki, o, Azərbaycan uğrunda gedən mübarizədə əmilərinin davamçısı yox, bolşevik ideyalarının davamçısı kimi çıxış etdi.
Şübhəsiz, tarixdə bu əməllərə müxtəlif cür bəhanələr var, ancaq fakt budur ki, Xəlil Paşanın bolşeviklərlə təması kifayət qədər mübahisəlidir.
Əslində, o, ilk növbədə, yanlışı Mustafa Kamal Atatürkə etmişdi.
Çünki Mustafa Kamalın tapşırığı ilə Xəlil Paşa silah və maddi yardımı almaq üçün Moskvaya, ümumən Qafqaza göndərilsə də, Xəlil Paşa bu fürsətdən istifadə edərək Sovet rəsmiləri ilə sıx əlaqələr qurmuşdu.
Bəs onun bu məsələlərdə, qurulan əlaqələrdə ziyanlı rolu nədən ibarət idi?
Ondan ibarət idi ki, 1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycan sərhədlərini keçərkən Bakıda olan Xəlil Paşanın yerli hərbi rəhbərlərə (məsələn, Əliağa Şıxlınskiyə) bolşeviklərə qarşı müqavimət göstərməməyi, dəmiryollarını sökməməyi və Sovet ordusunun guya sadəcə Türkiyəyə köməyə gedəcəyini demiş, daha dəqiq, buna inandırmışdı.
Belə demək olarsa, həmin görüşlərdə Xəlil Paşa öz xislətini biruzə vermiş, bolşevik təbliğatı aparmış, işğala bir yolu da özü cızmışdı.
Konkret olaraq bu sözləri demişdi:
“XI Qırmızı Ordu Azərbaycanı işğal etməyə gəlmir, Anadoluya, ingilis və yunan imperializminə karşı mübarizə aparan türk qardaşlarınıza köməyə gedir. Onlara müqavimət göstərmək Türkiyənin xilasına mane olmaq deməkdir”.
Bəli, həm də məhz bu təbliğata görə, Azərbaycan milli ordusu Qızıl Orduya qarşı real döyüş təşkil edə bilmədi və aprel işğalı asanlaşdı.
Konkret desək, bu əməl Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb olan bir yalan, ağır səhv idi.
Bəs sonralar nə oldu?
O oldu ki, bolşeviklər Bakıya girdikdən dərhal sonra isə AXC-nin qurucularına, ziyalılara və hərbçilərə qarşı kütləvi qırğınlar və həbslər başladı.
Xəlil Paşa isə bu vaxt bolşevik rəhbərləri ilə qonaqlıqlarda iştirak edir, Moskvaya aparılacaq neft və qızıl vaqonlarının koordinasiyası ilə məşğul olurdu.
Görünən odur ki, missiyasını tamamlamışdı.
Bir sözlə, konkret desək, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda mühüm rol oynayan azsaylı türk zabitlərindən ən öndə gedəni məhz Xəlil Paşa idi.
Onun bu cür əməlləri haqqında açıq mənbələr, daha dəqiq, Məhəmməd Şərif Əfəndizadə yazırdı ki, Xəlil Paşa Azərbaycana gələn kimi Azərbaycan parlamentində təmsil olunan İttihad Partiyasına üzv olur:
“Xəlil Paşa bir müddət kəndisini hökumətə məzahir göstərib Azərbaycan üçün Qarabağa hərb etməyə belə getmişdisə də, sonraları açıqdan-açığa bolşevik olduğunu elan edib, Azərbaycan ordusunun hökumətə qarşı itaətini rədd etdiyi kimi, yanında bərabər götürmüş olduğu Kiçik Tələt bəyi Azərbaycan şəhər və qəsəbələrinə göndərib oralarda əhalini hökumətləri əleyhinə təşviq və təhrikatda bulunurdu”.
Bundan başqa, Nağı bəy Şeyxzamanlı isə xatirələrində Xəlil Paşaya qarşı daha ciddi ittiham irəli sürürdü:
“İkinci bağışlanmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil Paşa tərəfindən aldadılaraq saflığının və sadəlövhlüyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla “Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, təcili tədbir görün” deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır”.
Mirzə Bala Məhəmmədzadə “Azərbaycan Milli Hərəkatı” əsərində də yazır ki, Xəlil Paşa Müsavat hökumətini yola gətirmək üçün Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli ilə də görüşübmüş.
Rəsulzadənin ona cavabı isə belə olub:
“Etməyin, bizi öz halımıza buraxın. Yüz ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər”.
Məhəmməd Əmin Rəsulzadənin başqa bir qeydi də diqqət çəkir.
Rəsulzadə yazır ki, aprelin 28-dən etibarən üçrəngli Azərbaycan bayrağı qismən Sovet və Osmanlı bayraqları ilə əvəz edildi. Milis dəstələrində, yardım alayında, şəhər komandanlığında və digər məsul məqamlarda bulunan türk (Osmanlı) ad və imzası ilə çıxan əmrlər, bəyannamə və elanlar gözə çarpırdı:
“Öylə bir təsir hasil oluyordu ki, ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur”.
Bütün bunlardan əlavə, konkret olaraq əgər “Cümhuriyyət ordusu niyə Bakını müdafiə etmədi?” sualını qoyası olsaq, belə deyə bilərik ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində hakimiyyətin bolşeviklərə təhvil verilməsi məsələsi müzakirə olunarkən, Cümhuriyyət ordusunun rəhbərliyi prosesə cəlb edilməmişdi.
Həmin iclasa səbəbi dəqiq bilinməyən məsələlərə görə, hərbi nazir Səməd bəy Mehmandarov və nazir müavini Əlağa Şıxlinski dəvət olunmamışdı.
Niyəsi isə artıq məlumdur.
O zamanlar belə bir fikir də var idi ki, guya Cümhuriyyət ordusu ümumiyyətlə döyüşməyib.
Ancaq bu, olduqca yanlış fikirdir.
Belə olsaydı, məsələn, Qızıl Ordunun Azərbaycana daxil olduğu zamanı Xaçmaz istiqamətində yerləşən 1-ci Piyada Diviziyasının 350 əsgəri Samur uğrunda döyüşlərdə həlak olmazdı.
Məhz Samur döyüşündə, Cümhuriyyət ordusunun bolşeviklərin gəldiyi qatarın qarşısını almaq üçün apardığı döyüş zamanı Xəlil Paşa aşağı düşüb onları inandırmağa çalışıb ki, Türkiyəyə köməyə gedirlər.
Cümhuriyyət ordusu ona inanaraq silahı yerə qoyub və beləliklə, rusların Azərbaycanı işğal etməsinə səbəb olub.
Üstəlik, mənbələrdə qeyd olunur ki, həmin dövrdə Azərbaycan ordusunun əsas qüvvələrinin bir hissəsi isə Qazax, Zəngəzur, Qarabağ və Gədəbəy istiqamətlərində daşnak qüvvələrinə qarşı döyüşürdü.
Fəqət deyilən kimi, bu müzakirələrdə, məsələlərdə əsas rollardan biri də məhz Xəlil Paşa idi və onun vurduğu ziyan ən qatı bolşeviklərin vurduğu ziyandan mahiyyət etibarı ilə fərqlənmir.
Çünki məsələn, bolşevik qüvvələrinin Bakıya daxil olmasından sonra Xəlil paşanın tabeliyindəki Yardım alayının silahları əlindən alınmış, əsgərlərin bir hissəsi qovulmuş, bir hissəsi isə güllələnmişdi.
Orxan Saffari

