Gəlin, NKVD-də verilən işgəncələrə nəzər salaq.

30-08-2026, 10:08           
Gəlin, NKVD-də verilən işgəncələrə nəzər salaq.
Bu şəkli NKVD-nin otaqlarının birində çəkdirmişəm. Dəhşətli aurası var oranın. Gəlin, NKVD-də verilən işgəncələrə nəzər salaq.
***
NKVD-nin ümumi fəaliyyəti hər kəsə məlumdur.
Əlbəttə, bu qanlı qurum xüsusilə azərbaycanlılara, Azərbaycan genefonduna sarsıdıcı zərbələr vurub.
Əslində, mahiyyət etibarilə orada işgəncəyə məruz qalan adamların bəzən satqınlığını da başa düşmək olur.
Çünki o işgəncələr təkcə bir neçə adamın bir adamı döyməyi ilə kifayətlənmirdi.
Bəşər tarixinin ən amansız işgəncələrinin NKVD-də olduğunu desək, heç də yanılmarıq.
Bir qurum təsəvvür edin ki, təkcə işgəncə vermək üçün kreativ, daha əzablı, dözülməz formalar tapmağa görə ayrıca bir qrup fəaliyət göstərib.
Əgər bu gün işgəncə deyəndə, məsələn, ağıla dırnaq çıxarmaq gəlirsə, bu, NKVD cəlladları üçün elə belə məsələ idi. Üstəlik, bonus olaraq insan bədənində siqaret də söndürürdülər.
Müxtəlif işgəncələrdən istifadə edən NKVD, həm də psixoloji əzablar verməyi ilə də seçilirdi.
Məsələn, məhbusların dəli olmağı üçün kameralarda xüsusi səsgücləndiricilərdən istifadə olunub.
Yəni müstəntiqlər ittiham olunanlardan ifadə alarkən, sualları onlara səsgücləndirici vasitələri qulaqlarına yerləşdirərək veriblər. Səs o qədər güclü olub ki, sinir sistemində fəsad yaratmaqla yanaşı, məhbusların qulaqlarından qan belə açılıb.
Əlbəttə, işgəncə prosesi bununla da yekunlaşmayıb.
Kameralara o qədər güclü işıq verilib ki, günlərlə orada oturmağa məcbur edilən məhbusların gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatıb, zəifləyib.
Günlərlə ac saxlamaq və elə ac halda bir neçə saatdan bir şiddətli döyülmək də işgəncə formalarına aid idi.
Kişi məhbuslar döyülən zaman xüsusi olaraq daha ağır zərbələri cinsi orqanlarına vurublar.
Məhbusa suyun belə verilməməyi bir yana, bu susuz saxlama proseduruna xüsusi “rəng” qatıblar.
Belə ki, susuz saxlamağa keçməzdən əvvəl bol duzlu-istiotlu yemək yeməyə məcbur edilib məhbuslar.
Digər tərəfdən, əgər işgəncə deyiləndə ağıla həm də toka vermək gəlirsə, bu da NKVD üçün adi bir formal proses idi.
Bunun başqa forması olaraq, şərləmək üçün məhbuslar tam soyundurulur və üzərində mismarlar olan stullara əyləşdirilirdi.
Fiziki-psixoloji işgəncələrin davamı olaraq, məhbuslar həm də xüsusi bir otağa salınıb.
Ancaq bu otaqda xüsusi heç nə etməyiblər.
Təsəvvür edin, bir otağa o qədər adam yerləşdiriblər ki, nəinki oturmağa, hətta əyilib ayağını qaşımağa da şərait olmayıb.
Vəziyyət elə olub ki, ayaqüstə işgəncəyə dözməyən məhbus öldüyü halda yerə yıxıla bilməyib.
Bəli, NKVD işgəncələri ağıla və insanlığa sığmır.
Bu ağlasığmaz işgəncələrə həm də məhbusu bir adamın güclə yerləşdiyi şkafa sığdırmaq da var idi.
Ancaq elə belə yox.
Belə ki, həmin şkafların içərisinə yalnız bir nəfəri güclə yerləşdirmək mümkün olub.
Məhz o şkafların içərisinə də böyük sayda həşəratlar doldurulub, sonra isə məhbus həmin şkafın içərisinə pərçim edilib.
Məhbusu boğaza qədər torpağa basdırmaq, günlərlə işgəncə altında yuxusuz saxlamaq, soyuq havalarda otaqlara buz kimi su axıtmaq da NKVD işgəncələrinə daxildir.
Orxan Saffari












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]