ŞAH İSMAYIL,ƏLƏVİLİK,ŞİƏLİK VƏ MİLLİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ.

29-08-2026, 09:34           
ŞAH İSMAYIL,ƏLƏVİLİK,ŞİƏLİK VƏ MİLLİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ.
1-ci yazı.Sovet tarixşünaslığında Şah İsmayıl və Əmir Teymura münasibət.
Müstəqillik dövründə Azərbaycanın milli dövlətçilik tarixinə və tarixi şəxsiyyətlərə münasibətdə rəsmən formalaşmış fikirlərin yenidən dəyərləndirilərək təftiş edilməsi tendensiyası mıvcuddur.Bu baxımdan Şah İsmayılın şəxsiyyəti və onun Azərbaycan milli dövlətçiliyinin yaranmasındaki rolu geniş mübahisə doğuran və sorğulanan mövzudur.
Şah İsmayıl mövzusuna girmədən öncə sovet dövründə Azərbaycanın milli dövlətçilik tarixinə və onun tarixi şəxsiyyətləri və qəhrəmanlarına münasibəti qısa şəkildə nəzərdən keçirək.Bu başdan onu qeyd edək ki, Kommunist ideologiyasının hakim olduğu Sovet dövründə türk respublikalarının milli dövlətçilik tarixinə, etnik mənşəyinə və milli qəhrəmanlarına münasibətdə özəl yanaşma mövcud idi. Sovet hakimiyyəti bir tərəfdən milli dillərin, ədəbiyyatın və yerli mədəniyyətin inkişafını ciddi nəzarət altında saxlayaraq müəyyən dərəcədə dəstəkləyirdi; digər tərəfdən isə müstəqil milli dövlətçilik ənənəsini və ümumi türk tarixi şüurunu məhdudlaşdırıması üçün ciddi tədbirlər görürdü.
1944-cü il avqustun 9-da Moskvada Kommunist partiyasının Mərkəzi komitəsinin guya türk respublikalarında siyasi və ideoloji işi yaxşılaşdırmaq və milliyətçilik təzahürlərinin qarşısını almaq məqsədilə xüsusi bir qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən Rəşidəddinin “Oğuznamə” əsərinin və çoxsaylı digər orta əsr müəlliflərinin əsərlərinin tərcüməsində türklərlə əlaqədar məlumatlar saxtalaşdırıldı. M.Kaşğarinin “Divanü lüğətit Türk”, Türk xalqlarının “Ural batur”, “Manas”, “İdeqey”, “Dədə Qorqud” və s. kimi tarixi qəhrəmanlıq eposlarının dərc edilməsi və öyrənilməsi qadağan edildi. Türk xalqlarının qədim tarixinin öyrənilməsi məsələsindəki tabular Türkiyədən də yan keçmədi.
Tarix elminin bütün sahələri saxtalaşdırmalara və təhriflərə məruz qalaraq qədim ön
türklərin bəşər tarixində oynadıqları önəmli rolun izləri silinməyə çalışıldı.Türklərin tarixini başdan-başa təhrif edən Avropamərkəzçilik nəzəriyyəsi tarix elmində hakim ideologiyaya çevrildi.
Sovet ideologiyasının əsas prinsipi proletar beynəlmiləlçiliyi və sonrakı mərhələdə “sovet xalqı” konsepsiyası idi. Buna görə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər türkdilli xalqların tarixi ayrıca və müstəqil milli inkişaf xətti kimi deyil, əsasən:feodalizm və kapitalizm dövrünün sinfi mübarizə tarixi kimi,türk xalqlarının Rusiya müstəmləkəçilik sistemini “könüllü” qəbul etməsi və həmin bölgələrdə baş verən “sosialist inqilabı” kimi təqdim edilirdi.
Sovet tarixşünaslığı türkdilli xalqların qədim dövlətçilik tarixini tamamilə inkar etmirdi. Əksinə, müxtəlif dövrlərdə qədim dövlətlər, xanlıqlar və imperiyalar haqqında müəyyən tədqiqatlar aparılırdı. Lakin onların ideoloji şərhi ciddi nəzarət altında idi.Türk xalqlarının ümumi tarixinin inkar edilməz tərkib hissəsi olan və Mərkəzi Asiyada yaranaraq Avrasiyanın böyük hissəsini əhatə edən və iki yüz il ərzində müxtəlif adlarla mövcud olan Türk Xaqanlığının və üç yüz ildən çox mövcud olmuş Türk-Xəzər xaqanlığının tarixi üzərindən sükutla keçilərək hətta tarix fakultələrində belə tədris olunmurdu.
Ümumi türk tarixinin öyrənilməsi üzərində tabu mövcuddu.Türk xalqlarının vahid tarixi inkişafı konsepsiyası fikrini irəli sürmək “pantürkizm” ittihamına məruz qalırdı.Türklərin tarixi parçalanmış şəkildə ayrı-ayrı respublikaların milli tarixləri çərçivəsində öyrənilirdi.
Sovet ideologiyası milli qəhrəmanlara münasibətdə selektiv davranırdı. Sovet tarixşünaslığında Türk tarixi şəxsiyyətlərinin dəyərləndrilməsi onların milli tarixdə daşıdıqları əhəmiyyətli rola görə deyil, daha çox sinfi mübarizədə tutduqları mövqeyə uyğun idi.Qəhrəmanların sinfi mənsubiyyəti, xarici işğalçılara qarşı mübarizəsi, sosial ədalətsizliyə qarşı çıxması ön plana çəkilirdi.
Ümumtürk tarixinin tərkib hissəsini təşkil edən Göytürk xaqanlığı, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Səlcuq imperiyası, Xarəzmşahlar dövləti, Qızıl Orda,Səfəvi dövləti, Qazax xanlığı, Azərbaycan xanlıqları, Kokand, Buxara və Xivə dövlətləri mövcud tarixi fakt kimi qəbul edilsə də, bu dövlətlərin müasir milli dövlətçilik ənənəsinin tarixi davamı kimi təqdim olunması təqdir olunmurdu.
Türk xalqlarının tarixi ərazilərində mövcud olmuş öz qədim dövlətini müasir milli kimliyinin əsası kimi göstərilməsi və bu tarixdən siyasi nəticələr çıxarmaq “burjua millətçiliyi” kimi qiymətləndirilirdi.
Bir çox Türk hökmdarlar sovet dərsliklərində ilk növbədə “feodal istismarçı”, “mürtəce, zülmkar” və ya “xalq kütlələrinin düşməni” kimi təqdim edilirdilər. Onların dövlət quruculuğu, diplomatik fəaliyyəti və milli tarixdəki rolu isə ikinci plana keçirilirdi.
Azərbaycan tarixşünaslığında bu tendensiya xüsusilə aydın görünürdü.
Babək sovet dövründə ümumiyyətlə müsbət qəhrəman kimi təqdim edilirdi. Lakin o əsasən islam dininə qarşı mübarizə aparan xalq hərəkatının üsyankar rəhbəri kimi təqdim olunurdu.Milli azadlıq və ya dövlətçilik məsələləri isə sovet ideoloji çərçivəsinə uyğun şəkildə şərh edilirdi.Qatır Məmməd,Qaçaq Nəbi qəhrəman kimi , çarizm zülmünə qarşı mübarizə aparan qaçaqlar xalq düşməni kimi təqdim edilirdi.
Şah İsmayıl Xətai həm böyük dövlət xadimi, həm də görkəmli şair kimi qəbul edilirdi. Lakin onun yaratdığı Səfəvi dövlətinin Azərbaycan-türk dövlətçilik tarixindəki rolu heç də tam milli konsepsiyaya uyğun təqdim edilmirdi. Əsas vurğu daha çox feodal dövlət, hakimiyyət uğrunda siyasi mübarizə və mədəni fəaliyyət üzərində edilirdi.Azərbaycan tarixçiləri Sovet dövründə Şah İsmayılı Azərbaycanda Mərkəzləşmiş dövlətin yaradıcısı hesab etsələr də, rəsmi Sovet tarixşünaslığında və bütün dərs kitablarında Şah İsmayıl mənşəcə kürd və Səfəvi dövləti isə İran dövləti kimi təqdim olunurdu.
Sovet dövründə Türkiyə Cümhuriyyəti əsarətdə olan türk xalqları üçün bir cazibə qüvvəsini təşkil edib, müstəqilliyin və türk birliyinin simvoluna dönmüşdü.
Sovet dövrü tarixşünaslığında Şah İsmayıl Xətainin və Əmir Teymurun populyarlığının ideoloji əsasını onların Osmanlı Türk Dövləti ilə apardıqları savaşlar, yəni türklərin tarixi keçmişdə bir-birləri ilə düşmənçiliyinin təbliği təşkil edirdi.Xüsusilə Şah İsmayıl Xətai ilə Osmanlı sultanı Səlim və Əmir Teymur ilə Osmanlı sultanı Bəyazid arasındakı müharibələr sonrakı dövrlərdə bəzən “türkün-türkə qarşı müharibəsi” kimi emosional və siyasi çalarlarla təqdim edilmişdir. Sovet dövrü tarixşünaslığında Şah İsmayıl və Əmir Teymurun Osmanlılarla müharibələri müəyyən hallarda türkdilli xalqların ortaq tarixi və siyasi bağlılığını zəiflədən ideoloji narrativlərin qurulmasında istifadə edilmişdir. Xüsusilə Azərbaycan SSR tarixşünaslığında Osmanlı obrazının “xarici işğalçı” kimi gücləndirilməsi diqqət mərkəzində olmuşdur. Belə yanaşmalar tarix dərsliklərində mövcud olub geniş şəkildə təbliğ olunurdu.
Əmir Teymurun Qlzıl Orda xanı Toxtamışa qarşı mübarizəsi Rusiya tarixşünaslığında geniş surətdə şərh və təbliğ olunan mövzudur.Çünki bu qarşıdurma nəticəsində Toxtamış xan kimi Rusiya knyazlarını əsarətdə saxlayan cəsur bir sərkərdə məğlub olmuş,Qızıl Orda dövləti süquta uğramış və nəticədə Sibir Rusiya knyazlığı tərəfindən işğal olunmuşdur.
Səfəvi-Osmanlı qarşıdurması psixoloji baxımdan mühüm nəticə doğururdu ki, Şah İsmayılın mübarizəsi yalnız XVI əsrin dövlətlərarası qarşıdurması kimi deyil, dolayısı ilə “bizim dövlətimizə qarşı Osmanlı təhlükəsi” çərçivəsində qavranılırdı.
Bu məsələdə Sovet ideologiyasının əsas siyasi marağı türklər arasında keçmiş tarixdə mövcud olmuş qarşıdurmanı qabardaraq onu əsarətdə olan türk xalqları üçün cazibə qüvvəsini təşkil edən Türkiyə Cümhuriyyətinə qarşı ideoloji silah kimi istifadə etmək və vahid türk etnik mənsubiyyətini və türk birliyi ideyasını şübhə altına almaqdır.
Beləliklə belə bir ideya təlqin olunurdu ki, nə Şah İsmayıl və Sultan Səlim,nə də Əmir Teymur və Sultan Bəyazid ümumi türk dövlətçiliyinin nümayəndələri və qəhrəmanları deyil, ayrılıqda bir-birlərilə amansız mübarizə aparan Azərbaycan xalqının, Türkiyənin və Türkistanın qəhrəmanlarıdırlar.
Beləliklə, Sovet dövrü tarixşünaslığında qarşıya qoyulan məqsəd Şah İsmayılın və Əmir Teymurun tarixi şəxsiyyət kimi yüksək qiymətləndirilməsi çərçivəsini aşaraq daha uzaqgörən bir hədəfə doğru yönəlmişdi. Şah İsmayıl sovet tarixşsünaslığında ideallaşdrıldığı halda,sərkərdəlik istedadı baxımından ondan heç də geri qalmayan Nadir şah Əfşara önəm verilmirdi, çünki Nadir şah Rusiyanın Qafqaz siyasəti qarşısında ciddi bir maneə idi.
Şah İsmayıl şiəliyi Səfəvi dövlətinin rəsmi ideologiyasına çevirib Türk birliyinə dini baxımdan xələl gətirməyinə rəğmən, Azərbaycan sovet tarixşünaslığında mərkəzləşmiş dövlətin banisi kimi idallaşdrıldığı halda Milli Azərbaycan dövlətinin banisi M.Ə.Rəsulzadə
kimi şəxsiyyətlər sovet ideologiyasında uzun müddət “burjua millətçisi”, “əksinqilabçı” və ya “müsavatçı” kimi təqdim edilirdi.Azərbaycan Demokratik Respublikası isə müstəqil milli dövlətçilik nümunəsi kimi deyil, əsasən “burjua-millətçi hakimiyyət” kimi qiymətləndirilirdi.
Quba xanı Fətəli xan Azərbaycan tarixində heç bir önəmə malik olmadığı halda öz hakimiyyətini qorumaq naminə Rus çarının qoltuğuna sığınması və ruspərəstliyinə görə “görkəmli dpvlət xadimi” kimi ideallaşdrıldığı halda, gerçək bir qəhrəman olan Cavad xan rus işğalına qarşı mərdliklə mübarizə apardığı üçün üzərinə tabu qoyulmuş və adını çəkmək yasaqlanmışdı.
Sovet tarixşünaslığında Şah İsmayıl-Sultan Səlim və Əmir Teymur-Sultan Bəyazid qarşıdurmaları ümumi türk siyasi məkanı daxilində baş vermiş hakimiyyət uğrunda mübarizə kimi deyil, milli tarixlərin bir-birindən ayrılması və “türklərin türklərə qarşı müharibəsi” kimi səciyyələndrilir.
Əslində Şah İsmayılın Ağqoyunlu və Şirvanşah dövlətlərinə, Əmir Teymurun Qızıl Orda, Məmlük və Qaraqoyunlu dövlətlərinə qarşı savaşları hakimiyyət və legitimlik uğrunda mübarizə olub vahid türk məkanında baş vermiş qarşıdurma xarakteri daşıdığı kimi, Şah İsmayıl-Sultan Səlim və Əmir Teymur-Sultan Bəyazid arasındakı qarşıdurmalar da eyni xarakterə malikdirlər.
Bunlar orta əsr türk dövlətlərinin hakimiyyət, ərazi, legitimlik, dini-siyasi nüfuz və imperiya rəqabəti şəraitində ümumi türk arealı daxilində baş vermiş qarşıdurmaları idi.
Şah İsmayıl və Səfəvi dövlətinin tarixinə bir də sovet tarixşünaslığı prizmasından yanaşaq.
Elesger Siyabli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]