ABŞ-Venesuela neft sazişi dünyanın enerji təhlükəsizliyi arxitekturasına necə təsir göstərəcək?
31-08-2026, 16:08

Dünən Axar.az-ın dəyərli əməkdaşı Sevgi İsmayılbəyliyə ABŞ-Venesuela neft müqaviləsi barədə geniş bir açıqlama vermişdim. Bu gün media orqanlarında mövzu ilə bağlı yeni məlumatların işığında bəzi dəqiqləşdirmələr apardım və açıqlamamı bir qədər də genişləndirdim.
Açıqlamada irəli sürdüyüm iddiaları yeni redaktədə bir daha diqqətinizə sunuram.
Bu ilin ilk günlərində yataq otağında yoldaşı ilə birlikdə əsir götürülərək ABŞ-a aparılan Venesuela prezidenti Nikolas Maduronun həbsindən 8 ay sonra bu iki dövlət arasında neft sazişi imzalandır. ABŞ prezidenti Donald Tramp özünün Truth Social hesabında bu barədə məlumat yayaraq “Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çoxunun Vaşinqtonun nəzarətinə keçməsinin təmin olunduğunu” bəyan etdi. Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez də bu faktı təsdiqlədi və ABŞ-la bağlanan müqavilə nəticəsində ölkəsinin 100 milyard dollarlıq investisiya və 209 milyard dollarlıq vergi gəliri qarşılığında 17 neft yatağını Amerika şirkətlərinin istismarına veriləcəyini açıqladı. Trampın fikrincə, bu müqavilə ABŞ-ın neft ehtiyatlarını ən azı ikiqat artıracaq.
Bəs, ABŞ-ın Venesuelada əldə etdiyi bu avantajlar qlobal neft bazarında və dünya siyasətində nə kimi dəyişikliklərə yol açacaq?
Qlobal neft bazarına təsiri
Fikrimcə, Trampın böyük sevinclə müjdələdiyi bu müqavilənin ilk təsiri qlobal neft bazarında özünü göstərəcək. Məlumdur ki, Hörmüz boğazında ABŞ-la İran arasında gərginlik enerji bazarını həssas vəziyyətə gətirib. İranın və ya ABŞ-ın hər hansı tankerə hücumu ilə neftin qiyməti qeyri-adi dərəcədə artır, nəticədə dünya iqtisadiyyatı çalxalanır. Hətta bir neçə ay əvvəl bir barel nefin qiyməti 125 dollara qədər qalxmış və dünyada böyük narahatlığa səbəb olmuşdu. İran rəsmiləri hər kəsi neft qiymətlərinin 200 dolları keçməsi ilə təhdid etmişdi. Lakin son zamanlar alternativ layihələrin işə salınması ilə enerji qiymətləri stabilləşdi və bu proqnoz özünü doğrultmadı. Hazırda London Qitələrarası birjasında bir barel Brent markalı neft 90 dollar civarında alıcı axtarır. Yəqin ki, ABŞ-la Venesuela arasında bağlanan bu saziş qiymətlərin ən azı 5-6 il müddətində 80-90 dollar arasında qalmasını təmin edəcək. Bu müddət ərzində neftin qiymətlərinin yenidən 70 dollar/bareldən aşağı düşməsi idə gözlənilmir. Əks halda, dünyanın ən böyük neft hasilatçısı olan ABŞ şirkətləri üçün arzuolunmaz vəziyyət yarana bilər.
“Enverus Intelligence Research” araşdırma mərkəzinin hesabatları bunu deməyə əsas verir. Mərkəzin hesablamalarına görə, hazırda barel başına orta qiymət həddi 70 dollar, 2030-cu ildə 82.00-85.00 dollar, 2035-ci ildə isə 95 dollardan baha olacaq. Getdikcə bahalaşmanın səbəbi ABŞ-ın şist neftinin tükənməsi ilə əlaqədardır. ABŞ qiymətləri indidən tənzimləməsə, bu ölkədə fəaliyyət göstərən neft şirkətləri işini dayandıra və ya iflasa sürüklənə bilərlər. Zənnimcə, Trampın dünyanın ən böyük neft ehtiyatına malik olan Venesuela ilə əməkdaşlığa can atmasının əsas səbəblərindən biri bundan qaynaqlanır.
Dollarizasiya
ABŞ-ın Venesuela neftini mənimsəməyə çalışmasının ikinci səbəbi dollarizasiya siyasəti ilə bağlıdır. Məlumdur ki, ABŞ dünya iqtisadiyyatını dollara indeksləməklə öz hegemoniyasını qorumağa çalışır. Qlobal ticarətin davam etdirilə bilməsi üçün vahid bir etalona ehtiyac var idi. İkinci dünya müharibəsinə qədər bəzi qiymətli metallar, o cümlədən qızıl bu rolu oynayırdı. Müharibədən sonra dünya hegemoniyasında əsas söz sahibliyi ABŞ-a keçdi və dollar qızılla indeksləşdirilərək etolan pul vahidinə çevrildi. 1971-ci ildə ABŞ qızıl ehtiyatının yetərsizliyini anlayıb yeni etalon arayışına girdi. Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlardan sonra 1974-cü ildə ABŞ dolları neftlə indeksləşdirildi. 50 illiyinə bağlanan bu müqavilə 2024-cü ildə başa çatdı və Səudiyyə Ərəbistanı onu yeniləmədi. Beləcə, dollar da öz sazibədarlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı. ABŞ-ın öz ənənəvi neft-dollar sistemini qoruya bilməsi üçün yeni qaynaqlara ehtiyacı var. Baxmayaraq ki, özü hazırda dünyanın ən böyük neft hasilatçısı sayılır, amma onun bir neçə ildən sonra neft ehtiyatının bitəcəyi gözlənilir. Görünür, bu səbəbdən də dünyanın ən böyük neft ehtiyatına malik ölkəsi Venesuelanı öz iradəsinə və idarəsinə bağlamağa çalışır.
Neft bazarında dominant gücə çevrilmə hədəfi
Trampın sözlərinə inansaq, Venesuela ilə bağlanan müqavilə ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artırmasına imkanı verəcək. Worldometer məlumatlarına görə, ABŞ 83,7 milyard bareli aşan sübut edilmiş ehtiyatlarla dünyada 8-ci yerdədir. Venesuela ilə bağlanan müqavilə isə 65 milyard barellik 17 neft yatağını əhatə edir. Yəni ABŞ-ın neft ehtiyatından 20 milyard barel (hardasa 35%) daha azdır. Görünür, Donald Tramp öz ənənəsinə sadiq qalaraq, bu hesablamada da mübaliğə sənətindən istifadə edib və Venesuela ilə bağlanan neft müqaviləsinin imkanlarını şişirdib. Bununla belə, yenə “Worldometer”in göstəricilərinə inansaq, Venesuelanın neft ehtiyatları 303 milyard bareldən çoxdur. Deməli, Venesuela ilə bağlanan müqavilə onun neft ehtiyatının cəmi 20%-nin istismarını nəzərdə tutur. Sözsüz ki, bu anlaşma uğurlu alınarsa, zamanla Venesuelanın digər ehtiyatlarının istismarı barədə müqavilələr bağlanacaq və beləcə, ABŞ həqiqətən də neft bazarında dominant gücə çevriləcək.
Hasilat problemi
Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriguezin bildirdiyinə görə, ABD ilə imzalanan anlaşma 25 il sürəcək və gündəlik neft hasilatı 1,5 milyon varilin üzərində olacaq. ABŞ isə hazırda gündəlik 13.8 milyon barel neft çıxarır. Yəni Venesuelada çıxarılması hədəflənən neft ABŞ-ın ümumi hasilatının 11%-i qədər olacaq. Hazırda bütün dünya miqyasında ümumilikdə 100 milyon barel neft hasil olunduğunu nəzərə alsaq, ABŞ-ın Venesuela ilə birlikdə dünya neft hasilatının hardasa 15-16%-nə nəzarət edəcəyi məntiqi ortaya çıxır. Bir də digər qitə və ölkələrdəki ABŞ neftçilərinin fəaliyyətini hesaba qatsaq, rəqəm daha da böyüyür və Vaşinqtonu həqiqətən dünyanın enerji paytaxtına çevirir.
Dünyanın “enerji qibləsi” Yaxın Şərqdən Amerika qitəsinə keçir
ABŞ-Venesuela enerji “ortaqlığı”nda digər mühüm məqsəd Yaxın Şərq asılılığından tamamilə xilas olmaqdır. Bu zamana qədər Yaxın Şərqdə etnik və məhzəb müharibələri çıxararaq, bölgəni özünə bağlayan ABŞ artıq ənəvi siyasətini davam etdirə bilmir. Xüsusilə də İsrailin tərəfini tutaraq yürütdüyü bu siyasət həm digər müsəlman ölkələrini dərindən narahat edir, həm də regionda Rusiya və Çin kimi rəqiblərinin əlini gücləndirir. İstər-istəməz Yaxın Şərq ABŞ-ın orbitindən çıxıb ya müstəqilləşir, ya da əks qütbün nəzarətinə keçir. ABŞ isə artıq bu regionun problemləri ilə uğraşmaq istəmir, bölgədən tamamilə uzaqlaşmağa can atır. Bunun üçün isə dünyanın enerji paytaxtını da öz coğrafiyasına köçürməyi xəyalından keçirir. Dünyanın ən nəhəng neft ölkəsi olan Venesuelanın faktiki işğalı ilə ABŞ bu ümidini reallaşdırmaq əzmində olduğunu ortaya qoyur.
Müqavilənin İran savaşına təsiri və Çin amili
Trampın Venesuela ilə bağladığı məlum müqavilənin İran savaşına da birbaşa təsiri olacaq. Məlumdur ki, ABŞ-ın İrana qarşı müharibəsində əsas məqsədi Çinin enerji təchizatını öz nəzarəti altına almaqdır. İranın ixrac etdiyi neftin 80%-ni alan Çin bu alış-verişlə özünün neft ehtiyacının 12-13%-ni qarşılayır. Gündəlik 11 milyard barel neft idxal edən Çin bu hesabla İrandan gündə cəmi 1.3 və ya 1.4 milyard barel neft alır. Bununla belə, Fars körfəzinin digər ölkələrindən də, o cümlədən Səudiyyə Ərəbistanı, İraq, Oman, BƏƏ-dən də önəmli miqdarda neft idxal edir. Ümumilikdə öz neft idxalının az qala yarısını körfəz ölkələrindən alan Çin bu bazarı itirərsə, ABŞ-dan asılı vəziyyətə düşər və ABŞ onu Venesuela və ya Kanada nefti ilə təchiz edib həm daha çox qazana, həm də rəqbinin hədsiz böyüməsinin qarşısını ala bilər.
Bütün bu amillər onu deməyə əsas verir ki, Yaxın Şərqdə müharibələrin bitməsi Vaşinqtonun işinə yaramır. Əksinə, ABŞ istər ki, Fars körfəzindəki gərginliklər onun özü dünya hegemonluğunu sürdürdüyü müddətcə davam etsin. Fars körfəzindəki gərginliklər onun nəzarəti altında və istəyinə uyğun şəkildə gah böyüyüb gah səngisin.
Qısası, ABŞ-la Venesuela arasında bağlanan neft müqaviləsinin İrandan tutmuş Çinə qədər bir çox ölkələrin enerji təhlükəsizliyinə önəmli təsirləri olacaq.
Heydər Oğuz



