Bir sözlə dünya yeni iqtisadi modelə keçidi ya edir, ya da artlq edib…
31-08-2026, 08:24

Avropa Komissiyası və onun prezidenti Ursula fon der Lyayen vətəndaşların banklardakı depozit pullarını Avropa biznesinə yönəltmək istəyir.
Avropa Kommisiyası etiraf edir ki, ittifaqın iqtisadi rifah modeli köhnəlib və artıq Aİ-nin sabahını eyni şərtlərlə qorumaq mümkün deyil.
Ucuz enerji dövrü başa çatıb, qlobal bazarda Çin rəqibə çevrilib, ABŞ isə artıq təkcə müttəfiq deyil, həm də texnoloji və iqtisadi rəqibdir.
İndi Brüssel Avropanın gələcək inkişafının əsas mənbələrindən birini onun öz vətəndaşlarının yığımlarında görür.
Avropa İttifaqında son dövrlər müzakirə olunan ən diqqətçəkən iqtisadi təşəbbüslərdən biri Əmanət və İnvestisiya İttifaqıdır.
Bu mövzu nəhəng bir rəqəmlə, təxminən 10 trilyon avro ilə müşayiət olunur.
Avropa İttifaqı ölkələrində ailələrin bank depozitlərində saxladığı vəsaitin təxmini həcmini bu qədərdir.
Bir sıra Aİ informasiya mənbələrində bu təşəbbüs daha sərt, təxminən “Avropa Komissiyası və onun prezidenti Ursula fon der Lyayen vətəndaşların banklardakı pullarını onların xəbəri və razılığı olmadan Avropa biznesinə yönəltmək istəyir” kimi təqdim olunur.
Əslində Avropa Komissiyasının rəsmi konsepsiyası vətəndaşların əmanətlərinin müsadirəsini və ya onların razılığı olmadan investisiyaya yönəldilməsini nəzərdə tutmur.
Məqsəd Avropa vətəndaşlarının böyük həcmdə banklarda saxladığı kapitalının bir hissəsini könüllü investisiyalar üçün daha əlçatan etmək, vətəndaşa potensial gəlir əldə etmək imkanı yaratmaq və eyni zamanda Avropa şirkətlərinə yeni maliyyə mənbələri açmaqdır.
Avropa niyə birdən-birə öz vətəndaşlarının yığımlarına bu qədər böyük ehtiyac duymağa başlayıb kimi sual verənlər var.
Bu sualın cavabı əslində Avropanın qarşılaşdığı daha fundamental iqtisadi dəyişiklikləri üzə çıxarır.
Avropa İttifaqı iqtisadi inkişaf və qlobal rəqabətlik üçün hər il yüz milyardlarla avro əlavə investisiyaya yatırmalıdır.
Avropa Komissiyasının hesablamalarına görə, Aİ ölkələri təxminən 10 trilyon avro bank depozitlərində vəsait saxlanılır.
Məntiqlə, Brüssel vətəndaşların depozitlərini investisiyalara çevirmək, yeni texnologiyalar və məhsullar yaratmaq, iqtisadi artım əldə etmək və Aİ maliyyə sisteminin strukturunu dəyişdirməyə çalışır.
Əgər bu təşəbbüs uğurlu olsa, Avropa biznesi yeni kapital əldə edəcək, vətəndaşlar isə sadəcə bank faizindən deyil, iqtisadi artımdan pay almaq imkanına sahib olacaqlar.
Avropanın iqtisadi gələcəyi ilə bağlı ən ciddi xəbərdarlıqlar Avropa Mərkəzi Bankının eks prezidenti Mario Draqinin 2024-cü ildə hazırladığı rəqabətqabiliyyətlilik hesabatında öz əksini tapib.
Draqinin hesablamalarına görə, Avropa İttifaqına qlobal rəqabət qabiliyyətini qorumaq üçün ildə əlavə 750–800 milyard avro investisiya yatırmaq lazımdır.
Bu vəsait süni intellekt, yarımkeçiricilər, rəqəmsal infrastruktur, robot texnologiyaları, biotexnologiya, enerji, sənaye, nəqliyyat və müdafiə kimi strateji sahələrə yönəldilməlidir.
Başqa sözlə, Avropa qarşısında adi iqtisadi inkişaf məsələsi dayanmır, söhbət iqtisadiyyatın yenidən qurulmasından gedir və bunun üçün nəhəng maliyyə resursu tələb olunur.
Əslində, Draginin hesabatını oxuyanda Avropanın rəqibləri ABŞ və Çin arasında becə sıxışıb qaldığını riyazi rəqəmlərdə aydın görmək olur.
Qeyd edim ki, Avropa uzun illər dünya iqtisadiyyatında özünəməxsus model qurmuşdu.
Bu modelin əsas elementləri ucuz enerji və resursları ilə əlverişli qlobal ticarət qurmaq , güclü sənaye ixracı və texnoloji üstünlüklə təhlükəsizlik təminatı əldə etmək idi.
Keçən əsrin 80-ci illərindən bu model Avropaya yüksək həyat səviyyəsi və sosial rifah yaratmağa imkan verdi.
Lakin dünya gözümüzün önündə dəyişdi…
Çin indi yalnız Avropa məhsullarını alan böyük bazar deyil , Çin özü avropabın rəqibinə çevrilib.
Qlobal bazarda Avropa avtomobilləri, maşınqayırma məhsulları, kimya sənayesi və onların digər ənənəvi güclü olsuğu sahələrdə indi Çin şirkətləri ciddi rəqabət yaradıb.
Daha da önəmlisi, Çin sadəcə ucuz istehsalçı deyil, süni intellektdən tutmuş elektrik avtomobillərinə, batareyalardan telekommunikasiyaya qədər yüksək texnologiyalı sahələrdə də sürətlə irəliləyən qlobal rəqibdir.
Digər tərəfdə isə ABŞ kimi qlobal qiqant dayanıb və Aİ-ni əvvəlki kimi “müftə və nisyə otarmaq” istəmir.
Çindən fərqli olaraq ABŞ-ın daha bir üstünlüyü var, o , yalnız nəhəng daxili bazarı və ucuz enerji ilə məhdudlaşmır.
Amerikanın ən böyük üstünlüklərindən biri kapital bazarının gücüdür.
ABŞ-da əhalinin və institusional investorların kapitalı səhmlər, pensiya fondları, investisiya fondları və vençur kapitalı vasitəsilə yeni şirkətlərin böyüməsini sürətləndirir.
Google, Apple, Microsoft, Amazon, Nvidia kimi şirkətlər yalnız texnologiya şirkətləri deyil, onların hər biri bütöv bir qlobal iqtisadi ekosistemdir.
Avropanın isə bu miqyasda qlobal texnologiya nəhəngləri yaratmaq prespektivi isə artıq yoxdur.
Avropada alim, mühəndis, universitet və innovasiya kifayət qədərdir, amma innovasiyanı qlobal şirkətə çevirmək mexanizmi olan işlək sistemləri yoxdur.
Avropanın iqtisadi modelinin ən həssas nöqtəsi həmişə enerji olub, sənaye inkşafı ucuz enerji tələb edir.
Kimya sənayesi, metallurgiya, gübrə istehsalı, şüşə, sement və digər enerji tutumlu sahələrdə enerji qiyməti birbaşa məhsulun rəqabət qabiliyyətinə təsir edir.
Avropa isə artıq əvvəlki enerji reallığında yaşamır.
Aİ-nin Rusiyanın enerji resurslarından əvvəlki miqyasda və əvvəlki şərtlərlə istifadə etmək imkanları yoxdur.
Nəticədə Avropa sənayesi daha bahalı enerji ilə işləməli olur və bu da çox sadə bir iqtisadi nəticə yaradıb.
Enerji bahadırsa istehsal xərcləri artır, istehsal xərclərinin artması məhsulu bahalaşdırır və qlobal bazarda rəqabət qabiliyyətini zəiflədir.
Bir sözlə, Avropa sənayesinin gələcəyi bu 10 trilonluq təşəbbüsdə aparılan müzakirələrin əsas elementlərindən biridir.
Paralel olaraq Avropa öz iqtisadiyyatını daha yaşıl və karbon emissiyalarından daha az asılı vəziyyətə gətirmək istəyir.
Bir sözlə Avropa həm emissiyaları azaltmalı, həm də sənayesini qoruyub saxlamalıdır.
Buna görə Brüsselin yeni sənaye strategiyalarında enerji, iqlim siyasəti və sənaye rəqabət qabiliyyəti artıq bir-birindən ayrı məsələlər kimi deyil, vahid iqtisadi problem kimi nəzərdən keçirilir.
Bu isə olduqca bahalı prosesdir.
Diğər tərəfdən , müdafiə və təhlükəsizlik məsələləri üzrə xərclər də Avropanın iqtisadi hesablamalarına nəhəng rəqəmlərlə əlavə olunub.
Yeni geosiyasi reallıq Avropanı öz təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə artırmağa məcbur edib.
Bu məqsədlə Avropa Kommisiyası 2030-cu ilədək hazırlıq strategiyası hazırlayıb.
Strategiya çərçivəsində hər il 800 milyard avroyadək əlavə müdafiə xərclərinin səfərbər edilməsi imkanından danışılır.
Bundan əlavə, müdafiə sahəsində birgə satınalmaların maliyyələşdirilməsi üçün 150 milyard avroluq təhlükəsizlik mexanizmi yaradılıb.
Burada maraqlı məqam ondan ibarətdir ki, Brüssel müdafiə xərclərinə artıq yalnız xərc kimi baxmır və müdafiə sənayesi həm də yeni sənaye siyasətinə çevrilib.
Dronlar, raketlər, hava hücumundan müdafiə və kiber təhlükəsizlik sistemləri, peyklər, hərbi elektronika, süni intellekt və s. kimi məhsullar avropanın öz şirkətləri tərəfindən istehsal edilməlidir.
Yəni təhlükəsizliyə ayrılan maliyyə də eyni zamanda Avropa sənayesinin inkişafına xidmət etməlidir.
Bir sözlə Avropa İttifaqı vətəndaşların depozitlərini birliyin iqtisadiyyatı üçün 10 trilyonluq yeni mühərrikə çevirmək istəyir.
Bir sözlə dünya yeni iqtisadi modelə keçidi ya edir, ya da artlq edib…
Yegana Hajiyeva

