MÜƏMMALI PREZİDENT FƏRMANI (bulvarın əqli mülkiyyətlə nə əlaqəsi?)
30-08-2026, 10:28

4 gün əvvəl “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərman dərc edilib (https://president.az/az/articles/view/73350). Bütövlükdə Fərman “Dənizkənarı Bulvar İdarəsi”nin publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsini tənzimləyir (təqdirəlayiqdir: bu qədər publik hüquqi şəxsə ehtiyac yoxdur).
Amma Fərmanın adından da görünür ki, o, həmçinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi”nə də aiddir. Lakin mətndə yalnız bir yerdə həmin Agentlik xatırlanır: 4.1.2-ci bənddə Nazirlər Kabinetinə tapşırılır ki, Agentliyinin “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təklif versin. Vəssalam! Heç aydın da deyil ki, bu statusun ləğvi hansı zərurətdən irəli gəlir.
Aşkar görünür ki, Fərmanın sözügedən bəndinin onun qalan mətninə aidiyyəti yoxdur. Əqli Mülkiyyət Agentliyinin işçilərinin statusunun Dənizkənarı Bulvar İdarəsi ilə nə əlaqəsi var axı? Ehtimal edirəm ki, aşağıdakılardan biri baş verib:
1) Fərmanın ilkin mətni böyük olub və hər iki quruma aid olub. Sonra Agentlik hissəsi çıxarılıb, amma 4.1.2-ci bəndi unudaraq saxlayıblar. Fərmana ad qoyan məmur isə hər iki qurumu qeyd edib;
2) 4.1.2-ci bənd digər layihədən təsadüfən bu Fərmana düşüb. Fərmana ad qoyan məmur isə hər iki qurumu qeyd edib
Hər bir halda baş verən Fərman müəlliflərinin texniki səhvidir...
Akram Hasanov

