ABŞ-ın “İqtisadi Parya Əməliyyatı”na qarşı İranın çarəsiz dirənişi
30-08-2026, 09:25

ABŞ-ın Maliyyə naziri Skott Bessent İrana qarşı iqtisadi müharibə (“İqtisadi Parya Əməliyyatı”) elan edərkən, Tehran buna barmaqarası yanaşdı və müxtəlif rəsmilərin diliylə “biz onsuz da 50 ilə yaxındır ki, iqtisadi sanksiyalarla üz-üzəyik və buna bir növ öyrəşmişik, ABŞ-ın son “İqtisadi Parya Əməliyyatı” da bizə təsir etməz” mənasına gələn cümlələrlə cavab verdi. Üzərindən cəmi bir neçə gün keçməmiş isə Tehrandan daha fərqli siqnallar gəlməyə başlayıb. Ötən gün İranın Xarici İşlər nazirliyi bəyanat yayaraq, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi yeni sanksiyaları “insan hüquqlarına zidd”, “bəşəriyyətə qarşı cinayət”, “iqtisadi terrorizm” və s. adlandırıb.
Bəyanatdan bəzi seçmələri nəzərinizə çatdırıram:
“ABŞ-ın İrana qarşı sanksiyaları, təbiətinə və nəticələrinə görə, BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Bu sanksiyalar, digərləri ilə yanaşı, “Dövlətlərin daxili işlərinə müdaxilə etməmək” prinsipini və “dövlətlər arasında əməkdaşlığa hər hansı maneənin rədd edilməsi” prinsipini pozur ki, bunlar da “Dövlətlərin daxili işlərinə müdaxilənin və qarışmağın yolverilməzliyi haqqında Bəyannamə”nin (9 dekabr 1981-ci il tarixli 36/103 saylı qətnamə) və “Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında beynəlxalq hüquq prinsipləri haqqında Bəyannamə”nin (24 oktyabr 1970-ci il tarixli Baş Assambleyanın 2625 saylı qətnaməsi) 2(k) bəndində vurğulanır”;
“Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı sisteminin və onun üzv dövlətlərinin ABŞ və sionist rejimi tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı laqeydliyi çox təhlükəli qanun pozuntularının formalaşmasına və onların tərəfindən ən ciddi beynəlxalq cinayətlərin törədilməsinə gətirib çıxardı ki, bunun da nəticələri bütün insan sivilizasiyasını görünməmiş bir təhlükəyə məruz qoyur”;
“"İqtisadi təcrid əməliyyatı" onun tərtibatçılarının və icraçılarının İran xalqına ağrı və əzab vermək və İran vətəndaşlarını fundamental insan hüquqlarından məhrum etmək kimi cinayətkar niyyətini sübut edir və buna görə də beynəlxalq cinayət və insanlığa qarşı cinayət hesab olunur” və s.
Bəyanatdan da açıq-aydın hiss olunur ki, Tehran artıq “İqtisadi Parya Əməliyyatının ağır nəticələrini öz üzərində hiss edir və bundan İran xalqının “ağrı və əzab çəkdiyini” bir növ boynuna alır. Və bu sanksiyaları insan hüquqlarına zidd əməl, bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir. Elə bu iddianın özü də İranın necə ağır təzyiqlə üz-üzə qaldığına işarədir. Fəqət ABŞ-ın İrana münasibətində bəşəri dəyərlər, insan hüquqları axtaran Tehran görünür unudur ki, Vaşinqton ona qarşı müharibə aparır. Müharibələrin başladığı yerdə isə insan hüquqları bitir, savaş hüquqları qüvvəyə minir. Və savaş hüquqlarının keçdiyi mühitdə hansısa müqəddəs dəyərlər axtarmaq ya sadəlövhlükdür, ya da özünü xamlığa vurmaqdır. Başını quma soxub təhlükəni görməzlikdən gəlmək və ya gizlənmək isə insanoğluna xas adət deyil, olsa-olsa dəvəquşulara yaraşan cahillikdir. Zənnimcə, İran üçün ən yaxşı yol başını qumdan çıxarıb reallığı dərk etməli və təhlükəyə adekvat addımlar atmalıdır. Əks halda, böyük zənginliklər içərisində bulunmasına baxmayaraq, İran dünyanın ən kasıb ölkələrindən birinə çevriləcək və Trampın “mən o mədəniyyəti yer üzündən siləcəyəm” kəhanəti reallaşmış olacaq.
Nə yazıq ki, İran rəsmiləri də sanki bu reallığı anlamamış kimi özünü aparır və “qızıldərililəri” yer üzündən silib öz mədəniyyətini quran bir dövlətdən imzaladığı saziş adlı kağız parçasına hörmət gözləyir. Zira haqqında danışdığım bəyanatın ardından İran Xarici İşlər naziri Abbas Əraqçı da media orqanlarının qarşısına çıxıb yenidən danışıqlara hazır olduqlarını vurğulayan açıqlama verib. Deyib ki, “Vaşinqton yanaşmasını dəyişib üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, diplomatik proseslərin yenidən başlaması mümkündür”.
Maraqlıdır ki, bir tərəfdən Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında və həmin idarənin rəhbərinin açıqlamasında yenidən diplomatik masaya qayıtmağa hazır olduğunu söyləyən İran digər tərəfdən öz yaxın qonşularına əba altından zopa göstərməkdən də geri qalmayıb. Özü də başqa bir yerdə deyil, İran XİN-in məlum açıqlamasında:
“Adından və titulundan asılı olmayaraq İrana qarşı iqtisadi sanksiyalar BMT Nizamnaməsini, beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozan tamamilə qanunsuz və əsassız tədbirlərdir. Buna görə də, bütün dövlətlər bu cür sanksiyaları tətbiq etməkdən çəkinməyə borcludurlar. Bütün hökumətlər də bu qanunsuz hərəkətlərdən irəli gələn vəziyyətləri və ya nəticələri tanımaqdan və ya təsdiqləməkdən çəkinməlidirlər.
İrana qarşı birtərəfli ABŞ sanksiyalarının tətbiqində iştirak etmək, hər hansı müstəqil dövlətə başqasının qanunsuz iradəsini tətbiq olunmasında, qanuni iqtisadi və ticarət münasibətlərini pozmaqda iştirak etməyə bərabərdir ki, bu da Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ən vacib prinsipi olan "ölkələrin suveren bərabərliyinə hörmət"in məhv edilməsində iştirak etmək deməkdir”.
Xüsusilə ikinci cümlədə “İrana qarşı sanksiyalara qatılan ölkələr” deyiləndə hansısa uzaq qitədə yerləşən dövlətlərin deyil, öz qonşularının nəzərdə tutulduğu açıqdır. Çünki İrana qarşı bu sanksiyalara əsasən körfəz ölkələri, Türkiyə, Pakistan, hətta İraq kimi dövlətlərin iştirakı gözlənilir və ABŞ bu dövlətlərə təzyiq göstərək, onları buna məcbur edir. İrana qarşı son sanksiyaların ondan daha çox, onunla iqtisadi əlaqələri sürdürən dövlətlərin hədəfə alınacağı nəzərdə tutulur və bu da qonşu dövlətləri çətin seçim qarşısında qoyur. Belə kritik ortamda bir də İranın onlara təhdid yağdırması vəziyyəti daha da mürəkkəbləşdirir.
İran ilk baxışda öz arqumentində haqlı ola bilər. Həqiqətən də ABŞ-ın öz düşməninə qarşı iqtisadi savaşına başqalarını zorla cəlb etməyə çalışması qətiyyən ədalətli görünmür. Amma bu mülahizə formal olaraq haqlıdır. Bir az dərinliyə enəndə isə bəzi suallar ortaya çıxır: ABŞ bənzər sanksiyaları Səudiyyə Ərəbistanına tətbiq etsəydi və İranı da özünə qoşulmağa çağırsaydı, rəsmi Tehran “islam qardaşlığı” naminə ona rədd cavabı verərdimi? Hər halda 2001-ci və 2003-cü illərdə baş verən Əfqanistan və İraq müharibələrində biz İranı Corc Buşdan daha çox Buşçu görmüşük. Hətta SEPAH nümayəndələri və İran rəsmiləri dəfələrlə Əfqanistan və İraq savaşında ABŞ-a dəstək verdiklərini böyük bir məziyyət kimi təqdim etməkdən utanmayıblar. Və yaxud II Qarabağ savaşında İran açıq şəkildə erməni təcavüzkarlarını dəstəkləyir, bizə “şir quyruğunu” göstərir, müharibə ilə təhdid edirdi. Heç uzağa getməyək, son ABŞ-İran müharibəsi zamanı Tehran öz təbirilə desək, “sionizmin” qisasını Qətər, Küveyt, Səudiyyə Ərəbistanından almırdımı? Hətta İran XİN-in son bəyanatında “mənimlə ticari əlaqələri kəssəniz” deyib təhdid etdiyi də ABŞ və ya İsrail deyil, öz yaxın qonşularıdır.
Yeri gəlmişkən, “İranla ticari əlaqələrini davam etdirsənsiz sizi də qara siyahıya salacağam”, - deyən ABŞ-la “mənimlə ticari əlaqəni kəssəniz, sizi də düşmən kimi dəyərləndirəcəyəm”, - deyən İran mahiyyət etibarilə nə ilə fərqlənir? Hər ikisi unudur ki, iqtisadi-ticari əlaqələr kiminsə təhdidi və hədə-qorxusu ilə deyil, milli maraqlar nəzərə alınaraq qurulmalıdır. İqtisadiyyatı və təhlükəsizliyi birbaşa ABŞ-dan asılı olan Səudiyyə Ərəbistanının İrana görə özünü təhlükəyə atması nə qədər Riyadın maraqlarına uyğundur? Hətta elə bir zamanda ki, İranın proksi dövləti sayılan İraq belə, ABŞ-ın təzyiqlərinə boyun əymək məcburiyyətində qalır. Belə bir durumda Səudiyyə Ərəbistanı hansı məntiqlə Həşdi-Şabidən daha çox Xameneyiçi olmalıdır? Hansı axmaq dövlət tarix boyu aralarında hüsumətlərin hökm sürdüyü sistemlərin maraqları naminə özünü oda atar? Axı bu, İranla qol-boyun olub cəhənnəmə getməyə bənzəyir. İran nə qədər ki, “mən cəhənnəmə gedirəmsə, qonşularımın da boğazından yapışıb arxamca sürükləyəcəyəm” məntiqindən əl çəkməyibsə, heç bir zaman uğur qazanmayacaq və özünü daha çətin vəziyyətə salacaq.
Üstəlik, İranın taleyi qonşu dövlətlərdən asılı da deyil. ABŞ-ın irəli sürdüyü 2 tələbi – nüvə texnologiyasından və SEPAH-dan imtina edərsə, problemi bir göz qırpımında çözər. Bəli, bu güzəştlərə getmək, SEPAH-ın üzünə ağ olmaq İran rəsmiləri üçün böyük təhdid yarada bilər. Bununla belə, ABŞ enində-sonunda bu güzəştləri İrandan qoparacaqsa, daha çox əzilmədən və vətəndaşlarını qırğına vermədən bu addımları atmaq daha doğru seçim deyilmi?
Qeyd edim ki, İranın ritorikasını anidən dəyişməsi və diplomatiyaya qayıtmaq mesajları verməsi də təsadüfi deyil. Yadınızdadırsa, bir müddət əvvəl paylaşdığım bir yazıda vurğulamışdım ki, artıq Hörmüz boğazı İranın nəzarətindən çıxıb. Son zamanlar İran və ABŞ rəsmilərinin, həmçinin beynəlxalq araşdırma mərkəzlərinin bəzi açıqlamaları da bu iddianı təsdiqləyir. “Goldman Sachs” investisiya bankının analitiklərinin son iddiasına inansaq, Fars körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyələrin təxminən üçdə ikisinə qədər yüksəlib. “Bununla da İran müharibəsi uzansa belə, neft qiymətlərinin 90 dolları keçməyəcək”, - deyən “Goldman Sachs” analitikləri müharibə ərəfəsində İran rəsmilərinin bəzi təhdidlərinin artıq puç çıxdığına inanırlar. Onların iddiasına və təqdim etdikləri dəlillərə görə, təkcə Hörmüz boğazından neft ixracı “ABŞ rəsmilərinin təxminlərinə” yaxın olan 8 milyondan 10 milyon barelə qədər rəqəmi təşkil edir və bundan əlavə alternativ axınlar da var. Bütün bunlar isə neft qiymətlərinin sabit qalmasında mühüm rol oynayır.
“Vaşinqton və Tehran daimi sülh razılaşmasına nail ola bilməsələr də, bu ixrac neftin aprel ayında çatdığı 125 dollar səviyyəsindən aşağıda qalmasına kömək edir və bu ilin əvvəlində qiyamət xəbərdarlıqlarında qeyd olunan 200 dollar səviyyəsindən çox uzaqdır”, - deyə analizdə vurğulanır. Başqa sözlə desək, dünyanın ən sağlam iqtisadi analizlərini hazırlayan “Goldman Sachs” artıq İranın öz Hörmüz strategiyasında uğur qazanacağına inanmır və neftin qiymətlərinin bundan sonra 90 dolları keçməyəcəyini vurğulayır. Bu isə İranın ən strateji silahı sayılan Hörmüzü bağlamaq siyasətinin işə yaramayacağı almanına gəlir. Belə vəziyyətdə İranın baş tutmayacaq duaya “amin” deməsinin və başqalarını da özünə qoşulmağa çağırmasının nə anlamı var?
Qeyd edim ki, Centcom-un (ABŞ Mərkəzi Komandanlığı) komandanı admiral Bred Kuper bir müddət əvvəl Hörmüz boğazında beynəlxalq gəmiçilik yollarından minaların təmizlənməsi əməliyyatı keçirdiklərini və əməliyyatın uğurla başa çatdığını bildirmiş və bunu "əhəmiyyətli bir mərhələ" adlandırmışdı. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ona cavab verərək bildirmişdi ki, minaların təmizlənməsi hələ münaqişənin mahiyyətini dəyişdirmir. Çünki “ABŞ-ın İran limanlarını blokadası davam edərsə, Tehranın razılığı olmadan boğazdan keçməyə çalışan gəmilərə hücum ediləcək”. Hörmüz boğazından keçən neft həcminin günü-gündən artması isə onu göstərir ki, həqiqətən də bu ərazilər minalardan təmizlənib və İran boğazdan keçən gəmilərə hücum edə bilmir.
Bu da azmış kimi, İran rəsmilərinin indiyə qədər Hörmüz boğazını bağlamaq siyasətləri deyəsən öz əleyhlərinə də çevrilə bilər. Ən azı ona görə ki, Hörmüz boğazının şimal tərəfində İran körfəz ölkələrinə uğursuz bloklama siyasəti həyata keçirdiyi kimi, boğazın cənubunda isə ABŞ eyni siyasəti İran gəmilərinə qarşı tətbiq edir. Dolayısıyla, Hörmüzdə təkcə ərəblərin yox, həm də İranın əli-qolu bağlanıb. Görünür, bu səbəbdən də rəsmi Tehran öz neft məhsullarını daşımaq üçün yeni marşrutlar axtarır. Yeni marşrutun Xəzər üzərindən keçməsi planlaşdırılır ki, bu da Hörmüzlə müqayisədə çox bahalı və riskli addımdır. İranın daha bahalı alternativi gözdən keçirməsi yalnız bir amillə izah oluna bilər – İran artıq Hörmüz boğazından ümidini üzüb.
Yaşanan bu hadisələrin fonunda İranın qonşu dövlətləri ABŞ-ın “qanunsuz tələblərinə” etiraz etməyə çağırması “sizi də özümlə bərabər cəhənnəmə aparacağam” təhdidinin bir başqa formasıdır.
Heydər Oğuz


