2030-cu ilin ən böyük iqtisadiyyatları açıqlandı: Hansı ölkə lider olacaq?

29-08-2026, 11:38           
2030-cu ilin ən böyük iqtisadiyyatları açıqlandı: Hansı ölkə lider olacaq?
2030-cu ilə qədər dünya iqtisadiyyatının həcminin 150 trilyon dolları keçəcəyi gözlənilir. Artımın əhəmiyyətli hissəsini inkişaf etməkdə olan Asiya ölkələri təmin edəcək.

Valyuta.az xəbər verir ki, müvafiq infoqrafika Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında “Visual Capitalist” tərəfindən hazırlanıb.

2030-cu ildə ən böyük milli iqtisadiyyatların sıralamasının 2026-cı illə müqayisədə dəyişməyəcəyi gözlənilir. ABŞ 37,7 trilyon dollarlıq ÜDM ilə lider olacaq. İkinci yerdə 26 trilyon dollarlıq ÜDM ilə Çin qərarlaşacaq. Almaniya isə böyük fərqlə üçüncü pillədə olacaq və ölkənin ÜDM-i 6,2 trilyon dollara çatacaq.

Proqnozlara əsasən, bu üç iqtisadiyyat 2026-2030-cu illər arasında istehsal olunan məhsul və xidmətlərin ümumi dəyərini 10 trilyon dollardan çox artıracaq. Artım tempinə görə isə Çin lider olacaq.

Üçüncü yer uğrunda mübarizənin xüsusilə gərgin olacağı gözlənilir. Hindistanın ÜDM-nin 6,173 trilyon dollara çatacağı proqnozlaşdırılır. Beləliklə, ölkə Avropanın iqtisadi “lokomotivi” Almaniyaya çox yaxınlaşacaq.

Ümumilikdə, 2030-cu ildə Asiya və Yaxın Şərq ölkələrinin iqtisadiyyatlarının ümumi həcmi 55,7 trilyon dollara çatacaq. Bu, dünya iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edəcək.

Çin və Hindistandan sonra regionun ən böyük iqtisadiyyatı Yaponiya olacaq. Ölkənin ÜDM-i 5 trilyon dollar səviyyəsində proqnozlaşdırılır. Cənubi Koreyanın ÜDM-i 2,3 trilyon, İndoneziyanın isə 2,1 trilyon dollar olacaq.

Uzun müddətdir durğunluq yaşayan Yaponiya iqtisadiyyatı son onilliklərdə zəif artım tempi nümayiş etdirir. Bir vaxtlar dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Yaponiya 2010-cu ildə bu mövqeyini Çinə, 2024-cü ildə isə Almaniyaya verib.

2030-cu ildə 37 trilyon dollarlıq Avropa iqtisadiyyatının ölkələr arasında bölgüsünə görə dünyanın ən balanslı iqtisadiyyatlarından biri olacağı gözlənilir. Müqayisə üçün, Cənubi Amerikanın iqtisadiyyatının yarıdan çoxu Braziliyanın payına düşür.

Avropa İttifaqına üzv ölkələrin ümumi nominal ÜDM-nin 26,5 trilyon dollar təşkil edəcəyi proqnozlaşdırılır. Almaniya, Fransa və İtaliya Aİ-nin ən böyük iqtisadiyyatları olaraq qalacaq.

Eyni zamanda, Böyük Britaniya Avropa qitəsində Aİ-dən kənarda yerləşən ən böyük iqtisadiyyat olaraq qalacaq. Onu Rusiya izləyəcək. Rusiya 2026-2030-cu illər ərzində iqtisadiyyatının kiçiləcəyi proqnozlaşdırılan azsaylı böyük iqtisadiyyatlardan biridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]