İşçilər süni intellektdən biliklərini gizlətməyə başlayıblar
1-09-2026, 15:44

Süni intellektin iş yerlərində daha geniş tətbiqi şirkətlərlə əməkdaşlar arasında yeni problem yaradıb. Müəssisələr əməkdaşların təcrübəsindən süni intellekt sistemlərini öyrətmək üçün istifadə etmək istəyərkən, bəzi işçilər bunun gələcəkdə onların öz iş yerlərini təhlükə altına sala biləcəyindən narahatdırlar. Nəticədə əməkdaşların bir hissəsi sahib olduğu bilik və bacarıqları şirkətlə tam bölüşməməyə başlayıb.
Valyuta.az xəbər verir ki, şirkətlərin süni intellekt agentləri vasitəsilə iş proseslərini avtomatlaşdırması üçün insanların həmin işi necə gördüyünə dair məlumatlara ehtiyac yaranır. Məsələn, “McKinsey” şirkətdaxili generativ süni intellekt sistemi “Lilli”ni illər ərzində şirkətdə formalaşmış ekspert biliklərindən istifadə etməklə yaradıb.
Lakin işçilər üçün bu prosesin başqa tərəfi də var. Onlar öz biliklərini süni intellektə ötürdükdən sonra şirkətin həmin işi avtomatlaşdıracağından və nəticədə onların xidmətlərinə ehtiyac qalmayacağından ehtiyat edirlər.
İşçilərin 35%-i biliklərini gizlədir
4 min işçi arasında keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 35%-i süni intellekt tərəfindən əvəz olunmaq qorxusuna görə öz biliklərini gizlətdiyini bildirib.
Bundan başqa, işçilərin 38%-i şəxsi üstünlüyü hesab etdiyi sahələrdə həmkarlarına təlim keçməyə və biliklərini paylaşmağa həvəsli deyil. 348 bilik işçisinin iştirak etdiyi başqa bir araşdırma isə süni intellektlə əməkdaşlığın iş yerini itirmək qorxusunu artırdığını, bunun da biliklərin gizlədilməsinə səbəb ola bildiyini göstərib.
Məqalədə vurğulanır ki, şirkətlər işçiləri sadəcə məlumat paylaşmağa məcbur etməklə problemi həll edə bilməzlər. Əməkdaş bütün görüşlərdə iştirak edə və verilən sualları cavablandıra bilər, lakin iş prosesində qazandığı ən dəyərli təcrübəni yenə də bölüşməyə bilər.
Süni intellekt hər şeyi müşahidə etməklə öyrənə bilmir
İşçinin fəaliyyətini izləmək də bütün biliklərin süni intellektə ötürülməsi üçün kifayət etmir. Çünki peşəkar təcrübənin müəyyən hissəsi sənədlərdə və standart iş proseslərində əks olunmur.
Məsələn, sistem təcrübəli satış mütəxəssisinin üçüncü zəngdən sonra potensial müştəri ilə əlaqəni dayandırdığını görə bilər. Ancaq mütəxəssisin müştərinin danışığındakı müəyyən tərəddüdü əvvəlki uğursuz satışlarla əlaqələndirdiyini bilməyə bilər. Eyni şəkildə, təcrübəli mühəndisin standart prosedurdan niyə kənara çıxdığını yalnız onun hərəkətlərini izləməklə müəyyənləşdirmək mümkün olmaya bilər.
Belə biliklərin süni intellekt üçün faydalı məlumatlara çevrilməsi işçinin öz düşüncə prosesini, istisnaları və təcrübədən formalaşmış intuisiyasını izah etməsini tələb edir. Buna görə də ən dəyərli peşəkar biliklərin ötürülməsi əməkdaşın könüllü iştirakından asılıdır.
Şirkətlər nə etməlidir?
Məqalə müəllifi hesab edir ki, şirkətlər əməkdaşların biliklərini süni intellektə ötürməsi üçün ilk növbədə onların narahatlıqlarını azaltmalıdır.
Bunun üçün rəhbərlik hansı məlumatların niyə toplandığını açıq şəkildə bildirməli, iş yerlərinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi azaltmalı və təcrübəli əməkdaşları süni intellekt sistemlərinin inkişafında davamlı rola sahib mütəxəssislərə çevirməlidir. Eyni zamanda biliklərini paylaşan işçilərə bonus, mənfəətdə iştirak və ya digər maddi faydaların verilməsi təklif olunur.
Müəllifin qənaətinə görə, şirkətlər təcrübəli əməkdaşlara sadəcə məlumat mənbəyi kimi deyil, süni intellektə keçid prosesinin tərəfdaşı kimi yanaşmalıdırlar. Əks halda müəssisələr böyük həcmdə məlumat toplasalar belə, əməkdaşların illərlə formalaşdırdığı ən dəyərli peşəkar bilikləri əldə edə bilməyə bilərlər.

