Pakistanda yeni ordu rəisinin təyinatına başlanıldı – Müdafiə naziri İmran Xanı hədələdi
16-11-2022, 09:07

Noyabrın 26-na kimi Pakistanın yeni ordu rəisi təyin olunacaq.
Bu barədə ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif yerli mediaya açıqlamasında bildirib. Deyib ki, növbəti ordu rəisinin təyin edilməsi ilə bağlı bildiriş noyabrın 26-dək Ordu Qərargah rəisi (COAS) istefaya göndərilən general Qəmər Cavid Bacva noyabrın 29-da təqaüdə çıxmazdan əvvəl veriləcək: “Pakistan ordusunda ən yüksək vəzifələrə təyinat prosesi bu gün başlayıb. Prosesin başa çatması iki-üç gün çəkəcək. Həyəcan sona yetdikdən sonra biz İmran Xanla məşğul olacağıq...”
Baş nazir Şahbaz Şərif, Müdafiə Nazirliyinə ünvanladığı məktubda növbəti ordu rəisinin təyin edilməsi üçün adlar və sənədləri tələb edib. Nazirlik qərargahdan namizədlərlə birlikdə dosyeni də göndərməyi istəyib. Pakistan Müsəlman Liqasının (PML-N) lideri təəssüflə bildirib ki, dünyanın heç bir ölkəsində Pakistanda ordu rəisinin təyin edilməsi ilə bağlı müşahidə edilən kütləvi isteriya yaranmır. Daha sonra vurğulayıb ki, təyinat məsələsi həll olunandan sonra siyasi liderlər əl-ələ verib, bir yerdə oturub danışmalıdırlar ki, təyinat gələcəkdə siyasiləşməsin. Nazir jurnalistlərə deyib ki, “əgər ordu neytrallaşıbsa, biz onlara hörmət göstərməli və 75 illik yükdən azad olmalıyıq”.
Qeyd edək ki, general-leytenant Asim Munir, general-leytenant Sahir Şəmşad Mirzə, general-leytenant Əzhər Abbas, general-leytenant Numan Mahmud və general-leytenant Faiz Həmid qərargah komitəsinin sədri və ordu rəisi vəzifələrinə iddialıdırlar.
Qanuna görə, ordu rəisi üç ildən bir dəyişdirilməlidir. Təhvil-təslim isə həmişə gərgin keçir. Əksəriyyəti müsəlman olan ölkə 75 il əvvəl qurulandan bəri ordu üç dəfə hakimiyyəti ələ keçirib və tez-tez seçki siyasətini pərdə arxasında manipulyasiya edib. Baş nazir namizədi təsdiqləyənə və vəzifədən gedən general öz varisinə bambuk dəyənəyi ötürməyənə qədər millət rahat nəfəs almır.
Bu dəfə gərginlik və risklər xüsusilə yüksəkdir. Yeni ordu rəisinin təyin edilməsi üçün son tarixə az vaxt qalır və Baş nazir Şahbaz Şərif hökuməti ilə müxalifət lideri, aprel ayında vəzifəsindən kənarlaşdırılan keçmiş Baş nazir İmran Xan arasında gərginləşən siyasi qarşıdurma ölkəni qütbləşdirib, zorakılıq törətməklə hədələyib.
Pakistanlı diplomat Hussain Haqqaninin fikrincə, ordu rəisinin gücü o qədər böyükdür ki, o, bir “məsih kompleksi” yarada bilər. Onun sözlərinə görə, pakistanlı siyasətçilər tez-tez demokratiyanın əsas qaydalarına məhəl qoymurlar və dost generallardan dəstək axtarırlar, lakin bu, hər zaman bir qurum olaraq ordu üçün pisdir.
Bu arada Pakistan Təhrik-i İnsaf Partiyası (PTI) rəsmi olaraq Ravalpindi administrasiyasından heç bir rəsmi icazə almadan noyabrın 26-da federal paytaxtı Ravalpindi və digər yerlərlə birləşdirən Faizabadda oturaq aksiya keçirəcəyini elan edib. Partiya sədri İmran Xanın helikopteri Parad Meydanına enəcək, oradan Ravalpindiyə doğru uzun yürüşə rəhbərlik etmək üçün Faizabada çatacaq. Müdafiə naziri Xavaca Məhəmməd Asif deyib ki, daxili işlər naziri Rana Sanaullah İmranın helikopterinin İslamabada düşüb-düşməyəcəyini müəyyənləşdirəcək.
Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Xanı öz etiraz yürüşündən silahlı qüvvələrin tam konstitusiya roluna keçməsini təxribat etmək üçün istifadə etməkdə ittiham edib. Nazir keçirdiyi mətbuat konfransında PTI sədrini yürüşü təxirə salmağa çağırıb. Onun sözlərinə görə, bunu ordu rəisinin təhvil verməsi ilə üst-üstə düşməsi və Pakistanın hərbi qərargahının yerləşdiyi qarnizon şəhəri Ravalpindidə başlaması ilə Xan ölkənin gələcəyi üçün təhlükəli presedent yarada biləcək şiddətli qarşıdurma riskinə düşüb.

