"Törəyiş" dastanı da, əslində "Boz qurd" dastanları silsiləsinə daxildir.
25-09-2026, 11:54

Çin mənbəyində təsbit
olunmuş həmin dastanın qısa məzmunu belədir:
Qədim hun yabqularından birinin olduqca gözəl iki qızı vardı. O, inana bilmirdi ki, bunları Tanrı
insanlarla evlənmək üçün yaratmışdır. Düşünürdü ki, bunların əri ancaq bir Tanrı ola bilər. Ona görə də
qızlarını Tanrıya vermək üçün ölkəsinin Şimalında bir qala tikdirdi, qızları da həmin qalada saxladı.
Yabqu Tanrıya yalvardı ki, gəlib qızları alsın.
...Qoca bir qurd qalanın ətrafında gecə-gündüz dolaşır, qorxunc-qorxunc ulayaraq qalanı
qoruyurdu. Sonra qurd onun divarı yanında özünə bir yuva düzəltdi. Kiçik qız başa düşdü ki, uzun
zamandan bəri onları qoruyan bu qurd atalarının qızları verdiyi Tanrıdan başqa bir kəs deyil. Böyük
bacısını da xəbərdar etdi. Qızlar aşağı endilər.
Qurdla həmin qızların evlənməsindən doğulan doqquz oğuzların səsi qurd səsinə oxşayır. Mahnı
oxuyanda qurd hayqırtısını yamsılayırlar (Atsız).
"Törəyiş" dastanı daha qədim dövrlərin törəyiş barədəki təsəvvürləri əsasında
formalaşmışdır.Göründüyü kimi, dastanda söhbət, ümumiyyətlə, türklərin, yaxud oğuzların deyil, doqquz
oğuzların (uyğur türklərinin) genezisindən gedir ki, bu da həmin dastanın sonralar — təxminən V—VII
əsrlərdə meydana çıxdığı qənaətinə gəlməyə imkan verir.
Qədim türk eposunda Qurd obrazı ilə Tanrı obrazı arasında kifayət qədər mürəkkəb olan əlaqə
özünü "Törəyiş" dastanında bütün aydınlığı ilə hiss elətdirir; belə məlum olur ki, dastandakı qoca Qurd
"atalarının qızları verdiyi Tanrıdan başqa bir kəs deyil". Lakin bu, deformasiya olunmuş təsəvvürdür və
uyğur türklərinin yaşadıqları dini-ideoloji mühit həmin deformasiya işində, heç şübhəsiz, əsas rol
oynamışdır. Əslində isə Qurd (Boz qurd, Gög börü) qədim türk epik təfəkküründə Tanrının köməkçisi,
onun iradəsinin bilavasitə ifadəçisidir, onun (Qurdun) Tanrı əlamətlərini daşıması funksiyalarının
çoxtərəfliliyi, genişliyi ilə yanaşı, məğlubedilməzliyində, gücünün yenilməzliyində, ən müxtəlif maneələri
aradan qaldırmasında da meydana çıxır.
Qədim türk epos təfəkkürünün birbaşa təzahürü olan dastanlar, yaxud dastanlaşmış (epos
təfəkkürü baxımından interpretasiya olunmuş) miflər üzərindəki müşahidələr göstərir ki, Qurd həm ata,
həm də ana başlanğıcı funksiyasını daşıyır.
"Törəyiş" dastanı kimi "Köç" dastanı da uyğur türklərinin dastanıdır; dastan həm Çin, həm də
İran mənbələrində əks olunmuşdur.
Çin
mənbəyindəki variant:
Uyğur ölkəsində Hu-lin adında bir dağ vardı. Tuğla və Selenge çayları öz başlanğıcını bu dağdan
götürür. Bir gecə dağdakı bir ağacın üzərinə göydən Tanrı işığı endi. İki çay arasında yaşayan xalq bunu
gördü. Ağacın gövdəsi hamilə qadın kimi şişməyə başladı. İşıq doqquz ay on gün həmin ağacın üzərində
dayandı. Vaxt tamam olanda ağac yarıldı, içərisindən beş uşaq çıxdı. Xalq bunları götürüb böyütdü.
Uşaqların ən kiçiyi Buğu xan çox keçmədən böyüyüb hamını öz hökmü altına aldı. Bir müddət
keçəndən sonra Yuluğ tigin hökmdar oldu. Çinlə müharibələr elədi. Nəhayət, bu işə son verməkdən ötrü
oğlu Qalı tigini Çin hökmdarı ailəsindən Kiü-liep adlı bir qızla evləndirmək istədi.
Xanım Kiü-liep öz sarayını Xatun dağında qurdurmaq qərarına gəldi. Həmin ətrafda Tanrı dağı
adında bir dağ, onun cənubunda isə Kutlu dağ adında bir qaya vardı. Xanım Kiü-liepin elçiləri baxıcılarla
birlikdə buraya gəldilər. Onlar baxıb öz aralarında söylədilər ki, bu dövləti zəiflətmək üçün həmin qayanı
yox etmək lazımdır, çünki ölkənin səadəti qaya ilə bağlıdır.
Çin
elçiləri tiginə dedilər ki, Kutlu dağı başlıq olaraq çinlilələrə versin. Tigin razılaşdı. Qaya çox
böyük olduğundan yerindən qımıldatmaq mümkün deyildi. Ona görə də ətrafına odun yığıb yandırdılar.
Qaya qızdıqdan sonra üzərinə kəskin sirkə töküb parçaladılar. Sonra qaya parçalarını arabalara yükləyib
Çinə apardılar.
Bu,
ölkəyə ağır oturdu. Quşlar, heyvanlar qayanın aparılmasına hərə öz dilində ağlaşdılar. Yeddi
gün sonra tigin öldü. Ondan sonra ölkə fəlakətdən qurtarmadı. Xalq rahatlıq görmədi. Yuluğ tigindən
sonrakı hökmdarlar da tez öldülər. Ona görə də mərkəzi Hoçuya köçürməyə məcbur oldular. Hakimiy-
yətini oradan Beşbalığa qədər genişləndirdilər.
İran mənbəyindəki variant:
Mənbəyini Qaraqorumdan götürən Tuğla və Selenge çaylarının birləşdiyi Qumlançuda bir fındıq,
bir dənə də qayın ağacı vardı. Bunların arasında bir dağ peyda oldu. Bir gecə o dağın üzərinə göydən bir
işıq düşdü. Dağ gündən-günə böyüməyə
başladı. Uyğurlar bu hala məəttəl qaldılar. Ədəblə dağa tərəf
getdilər. Oradan gözəl musiqi səsləri gəlir, gecələr otuz addım çevrəsində bir işıq görünürdü.
Nəhayət, doğum vaxtı çatanda dağdan bir qapı açıldı. İçəridə bir-birindən aralı beş dairə,
hərəsində də bir uşaq vardı. Göydən asılmış əmziklərdən süd əmirdilər. Xalq və bəylər onları əzizlədilər.
Bunların Tanrı tərəfindən gəldiyini duyan uyğurlar içlərindən birini kağan eləməyi qərara aldılar.
Türkün Tarixi

