Artıq öz milli kimliyimizi ön plana çəkməyin vaxtı çatmayıbmı?
25-09-2026, 11:04

Din və məzhəb kimliyinin bizə nə verdiyi tarixdən və bu gün yaşadıqlarımızdan göz önündədir. Ərəb siyasi dairələrinin tarix boyu türklərə qarşı apardığı siyasətin nəticələrini bilirik. Eyni məzhəb birliyində olduğumuz İranın da müxtəlif dövrlərdə Azərbaycana və Azərbaycan türklərinə qarşı tutduğu mövqeyin şahidi olmuşuq.
İranın Azərbaycana qarşı siyasi təzyiqləri, ölkəmizin daxili işlərinə təsir göstərmək cəhdləri və müxtəlif qüvvələrlə əməkdaşlığı da tariximizin və yaxın keçmişimizin bir hissəsidir. Bu proseslər göstərir ki, dini və məzhəbi yaxınlıq milli və dövlət maraqlarını avtomatik olaraq birləşdirmir.
Bəs biz nə etməliyik?
Artıq öz milli kimliyimizi ön plana çəkməyin vaxtı çatmayıbmı?
Biz başqalarının dini və məzhəbi kimliyinin kölgəsində özümüzü axtarmamalıyıq. Bizim öz dilimiz, tariximiz, mədəniyyətimiz, milli yaddaşımız və dövlətçilik ənənəmiz var.
Biz Azərbaycan türküyük!
Milli kimliyimizə qayıtmaq başqa xalqlara düşmən olmaq deyil. Bu, özümüzü tanımaq, öz tariximizə sahib çıxmaq və gələcəyimizi öz milli iradəmizlə qurmaq deməkdir.
Artıq özümüzü başqalarının müəyyən etdiyi kimliklərdə axtarmayaq. Özümüzə qayıdaq! Milli kimliyimizə, milli şüurumuza, milli yaddaşımıza sahib çıxaq!
Çünki öz kimliyini unudan millətin gələcəyini başqaları müəyyən edir.
Düzgün Atalı

