TDT beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və digər mühüm məsələlər üzrə daha fəal mövqe nümayiş etdirir

19-09-2026, 09:57           
TDT beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və digər mühüm məsələlər üzrə daha fəal mövqe nümayiş etdirir
Sentyabrin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə çıxışının əsas məzmununu təşkilat daxilində qarşılıqlı fəaliyyətin yeni çağırışlara uyğun daha da gücləndirilməsi təşkil edib. Görüşdə TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi və mövcud imkanlardan daha səmərəli istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxışda enerji və nəqliyyat təhlükəsizliyinin regional sabitliklə birbaşa əlaqəsi xüsusi qeyd olunub. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi və mühüm enerji-nəqliyyat marşrutlarının üzərində qərarlaşması ölkənin TDT məkanında bu istiqamətlər üzrə əməkdaşlığın inkişafındakı rolunu artıran amil kimi təqdim edilib. TDT ölkələri arasında mövcud tarixi, mədəni və mənəvi yaxınlığın qarşılıqlı münasibətlərin möhkəmlənməsinə mühüm əsas yaratdığı vurğulanıb. Bununla yanaşı, üzv dövlətlərdə sabitlik və təhlükəsizlik mühitinin qorunması davamlı iqtisadi inkişaf üçün mühüm şərt kimi qiymətləndirilib.
Təhlükəsizlik məsələlərinə toxunularkən dövlət qurumları arasında operativ informasiya mübadiləsinin, təcrübə paylaşımının və birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi önə çəkilib. Mövcud təhdidlərə yalnız onların meydana çıxmasından sonra deyil, qabaqlayıcı tədbirlər vasitəsilə vaxtında reaksiya verilməsinin əhəmiyyəti qeyd olunub.
Müasir təhlükələrin ideoloji istiqamətinin də nəzərə alınmasının vacibliyi qeyd edilərək, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşdırılmasının və TDT ölkələrinin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Dövlət başçımız ümumilikdə bildirmişdir ki, TDT-nin beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və digər mühüm məsələlər üzrə daha fəal mövqe nümayiş etdirməsi üçün üzv dövlətlərin potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsinin zəruriliyi ifadə olunub. Təşkilatın beynəlxalq nüfuzunun və təsir imkanlarının artırılmasının əsasını isə qarşılıqlı etimad, koordinasiya və birgə fəaliyyət təşkil edir.

Aynur Xəlilova - politoloq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]