Lətif Hüseynzadə yazır ki, Türkiyənin Naxçıvana ordu göndərməsində Hüseyn Cavidin, xüsusən də onun Kazım Paşa ilə dostluq əlaqələrinin böyük rolu vardır.
19-09-2026, 09:04
Türk ordusunun Naxçıvandan getməsi ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir Paşa ilə vida görüşü keçirilmişdi. Lətif Hüseynzadə xatirələrində qeyd edir ki, bu görüşdə Kazım Qarabəkir Paşa "Naxçıvan xatirələrini" nümayiş etdirərkən burada çəkdiyi rəsmləri göstərdi və "Çocuklara öyüdlərim" adlı əsərinin bir əlyazma nüsxəsini Cavid əfəndiyə hədiyyə olaraq verdi. Sonra üzərində Şərur, Naxçıvan, Culfa, Ordubad bölgələrində "Erməni məzalimi" adlı yazdığı kitabın əlyazmasını göstərərək dedi: "Bən bu xatirələrimdə bu bölgələrdə ermənilərin fənalıqlarını, öldürdükləri insanların sayını, yakdıqları köylərin miqdarını toplayıb yazmışam. Bunu Türkiyədə çap etdirib bütün dünyaya yayacağam". Sonralar Cavid əfəndi 1921 - ci ildə "Çocuklara öyüdlərim" əsərini Bakıda nəşr etdirdi. Məktəbdə vida görüşündən sonra şəhər camaatı, Kazım Qarabəkir Paşa, bir çox əsgər və zabitlər, Cavid əfəndi o zaman "Sultaniyyə" adlanan indiki "Böyük bağ"da döyüşlərdə həlak olmuş türk əskərlərinin məzarlarını ziyarətə - vida görüşünə getdilər. Müəllimimiz türk dünyasının böyük şairi Cavid əfəndi şəhidlərin ruhuna fatihə oxuduqdan sonra dedi: Şəhidlər tanrı aşiqləri ərlər-ərənlərdir, millət vətən fədailəri qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar. Sonra bir şeirini dedi: "Vətən eşqinə can nişan edən ərlər Əbədi bir həyat içində gülər" Sonra Kazım Qarabəkir Paşa məzar önünə keçərək şəhidlərin ruhuna fatihə oxudu. Ardınca məzarın başdaşı yanında diz çökdü. Paşa gözləri yaşarmış halda ayağa qalxdı. Əskərlər vida xatirəsi olaraq 12 yaylım atəşi açdılar... Məcid Rəşadətoğlu