Harvard SpaceX-də 2,2 milyard dollarlıq payını açıqladı

17-08-2026, 16:44           
Harvard SpaceX-də 2,2 milyard dollarlıq payını açıqladı
Harvard Universitetinin ianə fondunu idarə edən Harvard Management Company (HMC) “SpaceX” şirkətində 2,2 milyard dollar dəyərində paya sahib olduğunu açıqlayıb.
HMC iyunun 30-na olan vəziyyətə “SpaceX”in 12 milyon 935 min 100 səhmini saxlayıb. Şirkətin səhmlərinin ümumi dəyəri 2,21 milyard dollar təşkil edib.

Bu investisiya Harvardın açıq şəkildə açıqlanan səhm portfelində ən böyük mövqeyə çevrilib. “SpaceX”dəki pay HMC-nin açıqladığı təxminən 4,3 milyard dollarlıq qiymətli kağızların yarısından çoxunu təşkil edib və digər bütün açıqlanmış investisiyaların ümumi dəyərini üstələyib.

Harvardın açıq portfelinin ümumi dəyəri rüb ərzində 135 faiz artaraq 4,26 milyard dollara yüksəlib. Bu, ən azı 2006-cı ildən bəri fondun açıqladığı ən yüksək göstəricidir.

HMC-nin ikinci ən böyük investisiyası7 təxminən 350 milyon dollar dəyərində “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) səhmləridir. Beləliklə, “SpaceX”ə yatırılan vəsait TSMC-yə yatırılan məbləğdən 6 dəfədən çox böyükdür.

Sənədlərdə Harvardın “SpaceX” səhmlərini nə vaxt və hansı qiymətə aldığı açıqlanmayıb. Şirkət iyunun 12-də birjaya çıxıb və tarixdə ən böyük ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirib. Səhmlər 135 dollardan satışa çıxarılıb və şirkət IPO zamanı 75 milyard dollar vəsait cəlb edib.

IPO-dan sonra “SpaceX” səhmləri 225 dollara qədər yüksəlib. İyunun sonunda isə səhmlərin qiyməti təxminən 170 dollar olub. Avqustun 14-də isə səhmlər təxminən 140 dollardan ticarət edilib. Harvardın eyni sayda səhmə sahib olduğu halda, bu payın hazırkı bazar dəyəri təxminən 1,8 milyard dollar təşkil edir.

“SpaceX”in səhmlərinin ucuzlaşmasına şirkətin yüksək infrastruktur xərcləri ilə bağlı narahatlıqlar təsir edib. Şirkət ikinci rübdə 7,8 milyard dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 92 faiz çoxdur. Eyni zamanda, şirkətin süni intellekt və “Starship” layihələri ilə bağlı kapital xərcləri 15,8 milyard dollara çatıb.

Şirkətin rəhbəri İlon Mask məlumat mərkəzlərinin gücünü hazırkı 2 giqavatdan 10 giqavata qədər artırmaq niyyətində olduğunu bildirib. Bu plan “SpaceX”i hesablama infrastrukturu bazarında da böyük iştirakçıya çevirmək məqsədi daşıyır.

Harvardın “SpaceX”ə investisiyası universitetlə Mask arasında mövcud gərgin münasibətlər fonunda da diqqət çəkir. Mask 2023-cü ildə Harvardın maliyyələşdirilməsinin dayandırılmasına çağırış etmişdi.

HMC son dövrdə süni intellekt və yarımkeçirici şirkətlərinə yatırımlarını da artırıb. Fond bu rübdə süni intellekt çipləri istehsal edən “Cerebras Systems” şirkətində təxminən 239 milyon dollarlıq mövqe açıb. Bu investisiya Harvardın açıqlanan portfelində “SpaceX” və TSMC-dən sonra üçüncü ən böyük mövqeyə çevrilib.

Bundan başqa, HMC “Nvidia” və TSMC-dəki paylarını artırıb, “Netflix”də isə təxminən 79 milyon dollar dəyərində 1,1 milyon səhm alıb.

Eyni zamanda, fond kriptovalyuta investisiyalarını azaldıb. Harvard “Ethereum”dakı payını tamamilə satıb, “Bitcoin”dəki investisiyasını isə azaldıb.

HMC həmçinin “Booking Holdings”dəki payını təxminən yarıya endirib və “Union Pacific”, “Zillow” və “Flutter Entertainment” şirkətlərindəki mövqelərini tamamilə bağlayıb.

Fond yeni investisiyalar arasında geotermal enerji şirkəti “Fervo Energy”yə təxminən 37 milyon dollar, optik texnologiyalar şirkəti “Lumentum”a isə təxminən 23 milyon dollar ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]