Xəzərin səviyyəsi yenə enəcək: Bizimkilər nikbindir, avropalı elm adamları böyük bir ərazinin quruya çevriləcəyini deyir

15-08-2026, 00:14           
Xəzərin səviyyəsi yenə enəcək:
Xəzərin səviyyəsinin enməsini ayrı-ayrı sahillərdə adi müşahidə ilə görmək mümkündür. Sumqayıtda, Tağıyev qəsəbəsində məyusedici mənzərə diqqət çəkir. Xəzər ənənəvi sahil xəttindən xeyli uzaqlaşıb. Yerli mütəxəssislər bunun hələ bir müddət davam edəcəyini bildirir.
Bizimyol.info xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramı və sahilyanı ölkələrin monitorinqləri Xəzər dənizinin səviyyəsinin Baltik sistemi ilə 29,11 metr aşağı düşdüyünü göstərir. Beləcə, son 48 ilin ən aşağı göstəricisi qeydə alınıb.

Coğrafiya İnstitutunun elmi işçisi, professor Əmir Əliyev qarşıdakı 10-15 ildə Xəzərin səviyyəsinin daha 1-1,5 metr enəcəyini proqnozlaşdırır.

“Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun miqdarı son illərdə 25-30 faizə qədər azalıb ki, bu da səviyyənin enməsinin əsas səbəbidir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində Azərbaycanı əhatə edən sahil zonasında 40 min hektara qədər ərazi suyun altından çıxıb. Belə davam etsə, dəniz suyunun altından çıxan ərazilərin sahəsi artacaq. Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək”.

Azərbaycanlı professorun fikirləri bir o qədər bədbin deyil. Hətta müəyyən nikbinlik var. Amma avropalı elm adamları belə düşünmür. Almaniya və Niderland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunan CMIP6 iqlim modellərinə əsaslanan araşdırmalarına görə, XXI əsrin sonuna qədər Xəzərin səviyyəsi 9-18 metr arası düşə bilər. Bu ssenaridə dənizin yenidən yüksəlməsi nəzərdə tutulmur və dəniz sahəsinin dörddə birinin quruya çevrilməsi təhlükəsi var.

Əlbəttə, bu fərziyyə də olduqca bədbindir. Tədqiqatçıların əksəri son 4 min ildə Xəzərin həyatında həmişə 200-250 ildən bir belə halların yaşandığını bildirir. Yəni böyük enmə və yüksəlmə fazaları müşahidə edilir. Buna görə də 2050-ci ildən sonra Xəzərin səviyyəsinin yüksələcəyinə inananlar çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]