BİZİM MİLLİ FACİƏMİZ
9-09-2026, 15:35

(”Mənim düşüncələrim” silsiləsindən)
Dostlar, mən on illərdir siyasi prosesləri bir jurnalist, yazıçı kimi izləyirəm, müşahidə edirəm. Amma bizim ölkədə, cəmiyyətdə baş verən bəzi hadisələri indi də izah edə bilmirəm, bəzi adamları indi də başa düşə bilmirəm. Bəlkə biz bu dünyadan deyilik, bəlkə ayrı planetdən gəlmişik?!
1993-cü ilin iyun ayında 30 jurnalistlə birlikdə mərhum Heydər Əliyevi Gəncə səfərində, Surət Hüseynovla görüşündə müşayət etmişdim. Etibar AMİP-i, Meydan Neməti Surətin sağdaşı və soldaşı kimi görmüşdüm. Məlum Rəhim Qazıyev isə bu məclisin “tamada”sı idi. “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, siz nə edirsiz?” sualını şəxsən Surət Hüseynova vermişdim. “Əvvəl burdakı ermənilərlə bacaraq, sonra ordakı ermənilərlə asandır” cavabını eşitmişdim.
Yaxşı yadımdadır, camaat dəstə-dəstə küçələrə çıxırdı, Heydər Əliyevi qarşılayırdı. Kiçik qiyamçı Böyük insanın kölgəsində qalmışdı. Səfərdən qayıdanda Nəvaidə Surətin silahlıları ilə hökumət qoşunlarını qarşı-qarşıya görmüşdük... Həmkarlarla avtobusdan düşmüşdük, tərəflərlə görüşmüşdük, danışmağa cəhd etmişdik... Sonrasını da siz bilirsiniz... Bir ay sonra bir həmkarımın təşəbbüsü ilə Kələki səfərinə getmişdik...
Dırnısdan Kələkiyə qalxan dağ yolu indi də gözlərimin qabağındadır. Kələkidə Geooloji ekspedisiyanın bağında mərhum Əbülfız Elçibəyi bir neçə saat gözləmişdik. Bağda acından kal alma-armud da yemişdik. Deyirdilər Prezidentin Türkiyədən qonaqları var, sizin gəlişinizdən xəbəri var. Nəhayət Bəyin bizimlə 10-15 dəqiqəlik görüşü oldu. Köməkçinin işarəsi ilə hərəmiz bir sual verə bildik. Mən Elçibəyə bugünki vəziyyətin ağırlığı, sabahkı iş planları haqqında sual ünvanladım. Sözünün canı bu, oldu ki, Azərbaycanı Kələkidən “Sputnik”lə idarə etmək niyyətindədir. “Türkiyəli dostlar artıq bizi hər cür avadanlıqla təmin etməyə boyun olublar” dedi...
Bu hadisələrdən əvvəl və sonra baş verən parlament çaxnaşmalarının demək olar ki, hamısında jurnalist kimi iştirak etmişəm. Dünən dağ başında olanların, Heydər Əliyev çıxış edəndə ayağını yerə vuranların bu gün ayağa düşdüyünü, yerlə süründüyünü şəxsən müşahidə etmişəm. Təsəvvür edin ki, məlum deputatın məşhur parlament isterikası zamanı mən yaxında dayanmışdım və “bir aktyorun teatrı”nı diktafona yazırdım. İndi də onun parlamentdə alovlu çıxışlarını eşidəndə həmin “teatrı” təəccüblə xatırlayıram. Mən özünə “Boz qurd” deyənlərin Heydər Əliyevə “dayı” dediyini heyrətlə xatırlayıram. Bu gün tarix yazanların dünən Vəzirova “MQU” müraciətini hazırladığını dəhşətlə xatırlayıram...
Artıq bu hadisələrdən 30 ildən çox keçir. Bu müddətdə yuxarılara inamım, aşağılara gümanım tamam itib gedib... Elə bil ki, Azərbaycanda yerli icra hakimiyyətləi ilə camaat arasında orijinal bir müqaviə - razılaşma imzalanıb. Camaat icra hakimiyyətinin, icra hakimiyyəti də camaatın işinə qarışmır. Hərə öz işindədir, icra başçıları talançılığını, camaat da kasıbçılığını davam etdirir... Amma arabir bıçaq cümüyə dirənir - icra başçılarının harınlıq səsi, camaatın da aclıq naləsi ərşə dirənir. Bəzən bu səslər yuxarı – hakimiyyət zirvəsinə qədər gedib çatır. Əsl vur-çatlasın da bundan sonra başlanır - qara paltarlı, əli silahlı adamlar irəli atılır, harınlaşıb quduranlar zindana atılır...
Amma məni heyrətlərə qərq edən tamam başqa şeydir... Mən bu gün də əlimi ürəyimin üstünə qoyub bizim Azərbaycanda xalqına bağlı, Vətənə sadiq, milli maraqları özəl maraqlardan üstün tutan, pula satılmayan 10 siyasətçi saya bilmərəm. Amma inanın Allaha, gözlərimi yumub Rusiyada, Türkiyədə 10 belə siyasətçi saya bilərəm. Düşünürəm ki, bu, bizim milli faciəmizdir...
Qalib ARİF

