Reyqanın azad olunmasını xahiş etdiyi casus – Tolkaçevi ABŞ-a qaçıb milyonçu olmaqdan məhrum edən təsadüf

8-09-2026, 00:11           
Reyqanın azad olunmasını xahiş etdiyi casus –
1986-cı ilin oktyabr ayında İslandiyanın Reykyavik şəhərində Ronald Reyqanla Mixail Qorbaçovun ikinci zirvə görüşü keçiriləndə qeyri-rəsmi şəraitdə ABŞ prezidenti sovet liderinə bir xahiş-təkliflə müraciət edib. Xahiş Moskvada həbsdə olan sovet vətəndaşı Adolf Tolkaçevin dəyişdirilməsi, ABŞ-a təhvil verilməsi ilə bağlı olub.

Qorbaçov həmkarının xahişinə təbəssümlə cavab verib:

- Çənab Reyqan, gecdir. O, artıq güllələnib.

Reyqan üçün bu dərəcədə maraqlı olan Adolf Tolkaçev kim olub?

Adolf Tolkaçev 1927-ci ildə Qazaxstanın Aktyubinsk şəhərində anadan olub. İki yaşında olarkən onun ailəsi Moskvaya köçüb. Adolf orta təhsilini başa vurduqdan sonra Xarkov Politexnik İnstitutunda təhsil alıb. Onun ilk təyinatı SSRİ Radio Sənayesi Nazirliyi yanında Elmi Tədqiqat Radio Mühəndisliyi İnstitutuna verilib.

Adolf Tolkaçev otuz yaşında ailə həyatı qurub. Həyat yoldaşı Nataliyanın valideynləri repressiya qurbanları olublar. Bəlkə də elə bu səbəbdən ailənin SSRİ-yə, sovet cəmiyyətinə qarşı antipatiyası yaranıb.

Əslində Adolf Tolkaçevin yaşadığı ölkəyə və cəmiyyətə qarşı narazılığına başqa heç bir səbəb olmayıb. O, bir çox sovet vətəndaşlarından fərqli olaraq işlədiyi vəzifəyə görə yüksək əmək haqqı, ayda 350 rubl pul alıb, bununla yanaşı il ərzində bir neçə dəfə maaş həcmində mükafat, məzuniyyət dövründə sanatoriya və istirahət evlərinə ödənişsiz göndərişlər də onun imtiyazlarına daxil olub. Moskvada yüz minlərlə insanın mənzil problemi olduğu halda o, paytaxtın ən rahat məkanlarının birində növbədənkənar mənzillə təmin edilib və hətta Moskva ətrafında Tolkaçevə bağ sahəsi də verilib. Bir sözlə, bir övladı olan ailənin heç bir maddi sıxıntısı olmayıb.

Adolf Tolkaçev öz sahəsi üzrə güclü mütəxəssis sayılıb. Bu baxımdan onun gələcək karyerası da uğurlu görünüb. Onun ölkə ərazisində məxfi saxlanılan aviasiya sistemlərinə və radar qurğularına baxış keçirmək, nəzarət etmək, texniki xidmət göstərmək üçün sərbəst giriş hüququ da olub.

Bütün bu rahat həyat tərzinə və vəzifə salahiyyətlərinə baxmayaraq, Tolkaçev SSRİ-dən getmək planını ağlından çıxara bilməyib. Bu məsələdə onu həyat yoldaşı da dəstəkləyib.

Nəhayət, 1978-ci ildə Adolf Tolkaçev öz planlarını reallaşdırmaq sahəsində ilk addımlarını atmağa başlayıb. Onun yaşadığı mənzil ABŞ-ın SSRİ-dəki səfirliyinin bir neçə addımlığında yerləşib. Tolkaçev ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə yaratmağı qərarlaşdırıb. O, işdən sonrakı bütün vaxtını ərazidə gəzintiyə sərf edib ki, səfirlik əməkdaşlarından biri ilə ünsiyyət qura bilsin. Amma sonra anlayıb ki, bu cür görüş çox təhlükəli ola bilər. Çünki SSRİ DTK-sı ərazini tam nəzarətdə saxlayıb. Digər bir tərəfədn səfirlik əməkdaşının bu cür təsadüfi ünsiyyətə getməsi də mümkünsüz sayılıb.

Tolkaçev düşündüyü ikinci variantı işə salıb. O, yanacaqdoldurma məntəqəsində və avtodayanacaqda səfirliyin istifadəsində olan avtomobillərin içərisinə 4 dəfə məktub atıb. 4 məktubun heç birinin nəticəsi olmayıb. Bu da təbiidir. Çünki səfirlik əməkdaşları bunu DTK-nın “oyunları” kimi də qəbul edə bilərdilər. Son ümid olaraq Tolkaçev 5-ci məktubu da avtomobillərin birinin içərisinə atıb. Bu məktubda o, öz şərtlərini daha konkret yazıb. Həmin məktubda aşağıdakı sətirlər də öz əksini tapıb:

“...Mən sizə əməkdaşlıq təklif edirəm. İnanıram ki, çalışdığım sahədə olan informasiyalar sizin üçün vacib sayılacaq. Bu sizə sonuncu müraciətimdir. Ev telefonumun nömrələrini qeyd edirəm. Sabah saat 12.00-12.30 arası zənginizə cavab verməyə hazıram...”

Bütün bu 5 məktubu səfirlik əməkdaşlarına ötürmək üçün Adolf Tolkaçev nə az, nə çox, düz iki ilə yaxın bir müddətdə vaxt sərf edib. Əslində ona elə görünüb ki, ABŞ səfirliyinin əməkdaşları məktublara reaksiya vermirlər. Həqiqətdə isə həmin müddət ərzində səfirlik Adolf Tolkaçev haqqında bütün məlumatları toplayıb.

Beləliklə, 1979-cu ildə Adolf Tolkaçevin park gəzintisində Amerika kəşfiyyatının SSRİ-dəki rezidenti ilə görüşü baş tutub və elə həmin ildən də o, ABŞ kəşfiyyatına işləməyə başlayıb.

Altı il ərzində Adolf Tolkaçev Amerika kəşfiyyatına 54 məxfi sənəd, “MiQ” təyyarələrinin elektron idarəetmə sistemi haqqında tam təfərrüatları əks etdirən materiallar, girişi məhdud olan aviasiya bazalarında çəkilmiş 35 kadrlı 200-ə yaxın fotoplyonkalar, müxtəlif sınaq və laborotoriya göstəricələri və digər sənədləri ötürüb.

“Sfera” adı altında fəaliyyət göstərən Adolf Tolkaçev ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində ən dəyərli agent sayılıb. Hətta onun fəaliyyəti haqqında Ağ Evdə bağlı qapılar arxasında yüksək fikirlər də söylənilib.

ABŞ öz səxavətini Tolkaçevdən əsirgəməyib. O, ümumilikdə bu xidmətlərinə görə Amerikadan 850 min rubldan artıq pul qazanıb. Mövcud dövr üçün bu məbləğ əlçatmaz bir rəqəm sayılıb. Bununla yanaşı ABŞ xaricdə onun adına bank hesabı açıb və həmin hesaba 2 milyon dollar vəsait yatırılıb. Tolkaçev SSRİ-dən qaçacağı təqdirdə, yaxud da buna məcbur olacağı halda həmin vəsaitdən tam istifadə etmək hüququna malik olub.

Tolkaçev arabir amerikalı “həmkarlarından” ona və oğluna lazım olan əşyaları da xahiş edib, dərman vasitələri, audiokasetlər, taplmayan kitablar “Sfera”ya hədiyyə qismində bağışlanıb.

Adolf Tolküçev böyük var-dövlətə sahib olsa da, özünü sıravi sovet vətəndaşı kimi aparıb. O, kiçik və köhnə bağında heç bir yenidənqurma və tikinti işi aparmayıb. Neçə illər istifadə etdiyi köhnəlmiş “Jiquli”sini yenisi ilə əvəzləməyib. Sakit xarakterində pullulara məxsus yeni cizgilər yaranmayıb. Bir sözlə, Tolkaçev şübhə üçün heç bir əsas yaratmayıb. Amma bir təsadüf onun həyaını alt-üst edib.

Belə ki, 1985-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Li Hovard dövlət əmlakını mənimsəməyə və narkomanlığa görə vəzifəsindən azad ediləndə o, ABŞ-ı tərk edərək Vyanaya gedib. Edvard Li Hovardın Mərkəzi Kəşfiyyat İdarəsində əsas fəaliyyət istiaməti SSRİ-dəki agentlərlə işdən ibarət olub. O, Vyanada SSRİ-nin xüsusi xidmət orqanları ilə əlaqəyə girib. 150 min dollar qarşılığında Moskvada ABŞ kəşfiyyatına işləyənlərin siyahısını onlara təqdim edib. Siyahıda birinci sırada Adolf Tolkaçevin adı əks olunub.

1985-ci ilin iyun ayında polkovnik Vladimir Zaytsevin başçılığı ilə DTK-nın “Alfa” qrupu əməliyyat keçirərək Adolf Tolkaçevi həbs edib. O, bütün əməllərini etiraf edib. SSRİ Ali Məhkəməsi Adolf Tolkaçevi güllələnmə hökmünə məhkum edib.

Qeyd edək ki, “Sfera” təxəllüslü agent Adolf Tolkaçev haqqında sənədli film və teleserial çəkilib.
İlham Cəmiloğlu,












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]