FAZİL MUSTAFA. TARİX VƏ HANNİBALİZM

6-09-2026, 00:03           
FAZİL MUSTAFA. TARİX VƏ HANNİBALİZM
Və ya Şah İsmayıl Xətaiyə nifrətin bəzi səbəbləri haqqında
Rauf Mirqədirov
Ankarada bir park var. Orada gerçəkdən az qala mifikə qədər, demək olar ki, bütün məşhur türk hökmdarlarının büstləri qoyulub — Atilladan Atatürkə qədər. Hətta İldırım Bəyazidi bütün ailəsi ilə birlikdə əsir götürən Teymurləng də bu şərəfə layiq görülüb.
Yalnız Şah İsmayıl Xətainin büstü orada yoxdur.
Bilirsiniz, bu fakt niyə yadıma düşdü?
Şah İsmayıl Xətainin tariximizdəki rolu ilə bağlı tarixçi-alim Cəmil Həsənli ilə Milli Məclisin üzvü Fazil Mustafa arasında başlayan diskussiyaya görə.
Alimi faktlardan nəticə çıxarmaq hüququndan məhrum etməyə çalışan cəfəng iddialar üzərində uzun-uzadı dayanmaq fikrim yoxdur. Yalnız bir məqamı qeyd edəcəyəm: müasir elmi düşüncənin mühüm metodoloji əsaslarından biri dialektik yanaşmadır. Hegelin dialektikası da, bildiyim qədər, hələ heç kim tərəfindən “qüvvədən düşmüş” elan edilməyib.
Fazil bəy — əgər bu müraciət forması onun üçün hələ də yadlaşmayıbsa — bunu hamıdan yaxşı bilməlidir. Çünki bildiyimə görə, onun da elmi dərəcəsi var...
Yenə soruşa bilərsiniz: Ankaradakı parkda Şah İsmayıl Xətainin büstünün olmaması ilə haqqında danışdığımız diskussiya arasında nə əlaqə var?
Əlaqə, məncə, kifayət qədər birbaşadır.
Mənim inanclı insanlara böyük hörmətim var. Hətta onlarla eyni inancı bölüşməsəm belə. Amma tarixi hadisələri və tarixi şəxsiyyətlərin fəaliyyətini yalnız və yalnız öz dini inancının prizmasından qiymətləndirənləri elm adamı hesab etməkdə çətinlik çəkirəm. Çünki tarix iman məsələsi deyil. Tarix fakt, kontekst, səbəb-nəticə əlaqələri və dövrün öz reallıqları ilə araşdırılır.
İndi isə Ankaradakı həmin parkda Şah İsmayıl Xətainin büstünün niyə olmadığını deyim.
Səbəb heç də Səfəvilər dövlətinin banisi Xətainin Osmanlı imperiyası ilə apardığı müharibə deyil. Bir daha xatırladım: həmin parkda İldırım Bəyazidi ailəsi ilə birlikdə əsir götürmüş Teymurləngin büstü var.
Deməli, məsələ təkcə kimin kimlə vuruşmasında deyil.
Səbəb daha sadədir: Şah İsmayıl Xətai Türkiyədə bu günə qədər, yumşaq desək, hakim dini-siyasi ənənənin tam qəbul etmədiyi fərqli inancın daşıyıcısı kimi qavranılır.
Bildiyimə görə, özü də inanclı insan olan Fazil bəyin Şah İsmayıl Xətaiyə mənfi münasibətini müəyyənləşdirən əsas amillərdən biri də məhz bu inanc fərqidir.
Bu amil Türkiyədə hətta müasir siyasi proseslərə belə ciddi təsir göstərir. Türkiyə gerçəklikləri ilə az-çox tanış olan hər kəs bunu bilir.
Məqalələrimdən birində yazmışdım ki, nə qədər qəribə səslənsə də, ABŞ cəmiyyətinin qadını prezident seçməyə hələ tam hazır olmadığı kimi, Türkiyə cəmiyyətinin də böyük bir hissəsi ələvini dövlət başçısı kimi görməyə hazır deyil. Kürd, ərəb, laz Türkiyənin başında dayana bilər, amma etnik mənsubiyyətindən asılı olmayaraq ələvi — yox.
Məhz buna görə də Ərdoğan üçün Qılıçdaroğlu bir çox digər rəqiblərdən daha məqbul rəqib idi. Çünki rəqibin müəyyən elektorat üçün əvvəlcədən “qəbuledilməz” olması hakimiyyət üçün heç də pis siyasi hədiyyə deyil.
Amma bütün bunların elmə, tarixə nə dəxli var?
Tarixi elmi araşdırmanın ən azı bir neçə elementar tələbi mövcuddur.
Birincisi, faktların saxtalaşdırılması yolverilməzdir.
İkincisi, eyni faktlardan çıxardığımız nəticələr fərqli, hətta diametral şəkildə əks ola bilər. Bu, normaldır. Elm yekdillik klubu deyil.
Amma bir şərtlə: nəticələrimiz bugünkü siyasi simpatiyalarımıza, dini inanclarımıza və XXI əsrin mənəvi standartlarına deyil, araşdırılan dövrün tarixi şəraitinə, dəyərlərinə və reallıqlarına söykənməlidir.
Əks halda bunun adı elm deyil.
Ən yaxşı halda publisistikadır. Daha pis halda isə tarixin siyasi və ideoloji məqsədlər üçün istismarıdır.
Başqa sözlə, orta əsrlərdə baş verənləri tariximizin “qaranlıq səhifəsi” elan etmək, Şah İsmayıl Xətaini isə “görünməmiş qəddarlıqda” ittiham etmək tarixi kontekstdən qoparıldıqda sadəcə absurd nəticələrə gətirib çıxarır.
Çətin ki, kimsə XXI əsrin şərtlərindən və dəyərlərindən çıxış edərək Teymurləngi, yaxud ələviləri qılıncdan keçirən Osmanlı hökmdarlarını Xətaidən daha “humanist”, daha “insansevər” elan edə bilsin.
Əgər bu metodla tarix yazacağıqsa, onda bəşəriyyətin keçmişini bütövlükdə müttəhimlər kürsüsündə əyləşdirmək lazım gələcək.
Belə yanaşma mənə odu kəşf edən ibtidai insanı həmin odda insan əti bişirib yeməkdə ittiham etməyi xatırladır.
Təsəvvür edin: bir neçə yüz min il əvvəl yaşamış o yazıq məhkəmə qarşısındadır və XXI əsrin “prokuroru” ondan soruşur:
— Məgər bilmirdin ki, öz növündən olan canlının ətini yemək həm böyük günahdır, həm də ağır cinayətdir?
O yazıq bunu haradan biləydi?..
Tarixin ən böyük problemi ölülərin özlərini müdafiə edə bilməməsidir. Ona görə də onları bugünkü siyasi, dini və ideoloji ehtiyaclarımıza uyğun mühakimə etmək çox rahatdır.
Hə, bir də mən tarixçi-alim deyiləm. İntellektuallığa da iddia etmirəm.
Amma ən azı fəlsəfənin əsaslarından bir qədər xəbərim var...
5 sentyabr 2026-cı il
Sürix












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]