1912-ci ilin 16 yanvarında Bakı dəhşətli bir qətl ilə silkələnir.
5-09-2026, 00:08

1912-ci ilin 16 yanvarında Bakı dəhşətli bir qətl ilə silkələnir. Maarifçi və ruhani Molla Ruhullah Məhəmmədzadə evində güllələnir. Həyat yoldaşı və övladları evdə olmadığı zaman Hacı oğlu Məşədi adlı bir şəxs Molla Ruhullahın evinə daxil olur. Həmin vaxt Molla Ruhullah namaz qılırmış. Elə namaz qıldığı anda başının arxasından güllə ilə vurur qatil. Mustafa bəy Əlibəyov yazır ki, güllə başının arxasından daxil olub dişlərini qıraraq ağzından çıxıb. Namaz xalçası və Qurani-Kərim al qana boyanıb. Bəs Molla Ruhullah niyə öldürülür?
Molla Ruhullah dövrünün ən aydın ruhanilərindən biri olur. Qadınların təhsil almasına, cəmiyyətin inkişafına, xurafatın aradan qalxmasına ciddi səylə çalışan bir adam olur. Əlbəttə, bu da bir çox adamın xoşuna gəlmirdi. Daha sonra, 1904-cü ildə Molla Ruhullah Hacı Zeynalabdın Tağıyev, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və s. dövrünün aydın insanları ilə "Hidayət" təşkilatını qurur. Bu təşkilatın əsas məqsədi cəmiyyətə zərər vuran əməllərlə mübarizə aparmaq idi. Hacı oğlu Məşədi ilə də problem buradan başlayır. Şəhərdə qoçuluq edən, insanları narahat edən Məşədi haqqında "Hidayət" təşkilatı üzvləri ərizə yazıb şikayət bildirirlər. Şikayəti təsdiqləyən də Molla Ruhullah olur. Hacı oğlu Məşədi cəzalanır. Bundan sonra qarşısına məqsəd qoyur ki, Molla Ruhullahı öldürəcək. Hətta bir dəfə Mustafa bəy Əlibəyov bu mövzuda ona etiraz edəndə deyir ki, "Mollanın 20 başı da olsa, onu öldürəcəm". Belə də edir. 16 yanvar 1912-ci ildə namaz üstə Molla Ruhullahı qətl edir.
Bir müddət qatil tapılmasa da, sonda özü gəlir təslim olur, lakin qətlin səbəbini tamamilə ayrı şey kimi göstərir. Güya Molla Ruhullah bunun arvadını bundan boşayıb və bu da Hacı oğlu Məşədiyə ağır gəlib. Əlbəttə, bu sadəcə bəhanə idi. Səbəb bəlli idi.
Çox maraqlıdır ki, o vaxtı qoçularla xurafatçı mollalar eyni nöqtəyə vurur və bir-birini dəstəkləyirdilər. Aydın insanları, elmə meyilləndirən insanları isə düşmən kimi görürdülər. İndi də çox şey dəyişməyib.
Ziya Balıyev

