"İnanc müdafiəçisi" cildinə girən 5-ci kolon

4-09-2026, 11:34           
"İnanc müdafiəçisi" cildinə girən 5-ci kolon
Cəmiyyətlər uçuruma bir gecədə yuvarlanmır. Çöküş əvvəlcə fərqli düşüncəyə dözümsüzlüklə başlayır, sonra zəiflərin linç edilməsi ilə davam edir və nəhayət, xarici güclərin maşasına çevrilmiş kütlənin dövlətə meydan oxuması ilə yekunlaşır. Son günlər sosial şəbəkələrdə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırovun sırf dinlə bağlı səsləndirdiyi tənqidi fikirlərinə görə fiziki zorakılığa məruz qalması adi bir xuliqanlıq deyil. Bu, içimizdə fəaliyyət göstərən, kənardan idarə olunmağa tam hazır olan bir saatlı bombanın – radikalizm və terror təfəkkürünün partlayış səsidir.
Hadisə ilə bağlı yazılan şərhlər – "Düz ediblər", "Ölməlidir o", "Gərək başını kəsərdilər", "Dövlət cəzasını vermirsə, özümüz verərik", "Qanı halaldır", "Din düşmənlərinə ölüm olsun", "Kafirlərin hamısının sonu belə olmalıdır" kimi ifadələr Azərbaycanda İranın 5-ci kolonunun aktiv fəaliyyətinin göstəricisidir. Bu şərhlər sadəcə qəzəbli kütlənin emosional reaksiyası deyil; bu, uzun illər ərzində xarici ideoloji mərkəzlər tərəfindən Azərbaycan cəmiyyətinə yeridilmiş kodların işə düşməsidir.
Bu cür kütləvi aqressiyanın arxasında yatan təfəkkür tərzi dövlət üçün birbaşa təhdiddir – dövlətin güc inhisarına meydan oxumaqdır. Bu kimi şərhlər həm də dünyəvi hüquq sistemini inkar etməkdir. Vətəndaş cəzanı hüquq-mühafizə orqanlarının deyil, küçədəki kütlənin verməsini alqışlayırsa, bu, dövlət içində paralel bir "şəriət məhkəməsi" qurmaq cəhdidir. Fərqli fikrə görə kiminsə qanının "halal" elan edilməsi Yaxın Şərqə xas terror qruplaşmalarının əsas fəlsəfəsidir. Bu gün bir fərdi linç edən düşüncə, sabah mütəşəkkil şəkildə fərqli etiqada malik kütlələrə və ya dövlət qurumlarına hücum etməyə hazırdır.
İranın Azərbaycanda hərbi müdaxiləyə və ya rəsmi ordu yeritməyə ehtiyacı yoxdur, çünki bu "5-ci kolon" rəqəmsal məkanda və küçələrdə artıq mövcuddur. Zəngəzur dəhlizi kimi regionun geosiyasi xəritəsini dəyişdirəcək layihələrin aktuallaşdığı bir ərəfədə bu hücrələrin oyanması təsadüfi deyil. Klaviaturanın arxasında o şərhləri yazan minlərlə şəxs, kənardan veriləcək bircə fətva və ya siyasi siqnalla real həyatda kütləvi iğtişaş yarada biləcək "yatmış ordu"dur. Məqsəd Azərbaycanı daxildən Livan kimi parçalanmış bir poliqona çevirməkdir. Dövlət Zəngəzur kimi vacib məsələləri həll etməyə çalışdığı bir vaxtda, düşmənin qəsdən ölkə içində dini davalar salıb xalqın başını bir-birinə qatması klassik kəşfiyyat gedişidir.
Daxili cəbhəsi qeyri-sabit olan dövlət, xarici siyasətdə diktə edən tərəf ola bilməz.
Bu səbəbdən, özünü din keşikçisi hesab edən xuliqanın və həmin şərhləri yazanların tapılıb kütləvi şəkildə məsuliyyətə cəlb edilməsi sadəcə "xuliqanlığa qarşı tədbir" kimi yox, ölkənin konstitusion quruluşunu qorumağa yönəlmiş birbaşa anti-terror əməliyyatı miqyasında həyata keçirilməlidir.
Dr. Benjamin Karimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]